Ankara Bəyannaməsi imzalandı - Fotolar - Yenilənib

ankara-beyannamesi-imzalandi
Oxunma sayı: 2886

Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda üç ölkənin xarici işlər nazirləri ilə yanaşı, iqtisadiyyat və nəqliyyat nazirləri də iştirak edir.

İclasın gündəliyinə xarici siyasət məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahələrində əlaqələrin artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov görüşdə çıxış edib. O, üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakterini vurğulayaraq, tərəfdaşlığın əsas istiqamətlərini, o cümlədən təhlükəsizlik, iqtisadi inkişaf, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya sahələrini qeyd edib. Bayramov həmçinin əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlavə imkanları, xüsusilə də Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizin inkişafı ilə bağlı əlavə imkanları da bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya dəstəklə bağlı çağırış edib. O, Suriyadakı “məmnunedici və ümidverici” inkişafın bölgə üçün yeni bir fürsət pəncərəsi açdığını ifadə edib: “Suriyanın yenidən qurulması və inkişafı üçün əl-ələ verməliyik. Çünki Suriyanın sabitliyi və inkişafı ilə regional sabitlik və təhlükəsizlik təmin ediləcək, logistika nəqliyyat, ticarət və enerji sahələrində də yeni imkanlar yaradacaq”.

Fidan görüşdə Türkiyə, Azərbaycan və Özbəkistan arasında layihələr, siyasi və iqtisadi tərəfdaşlıqlarla bağlı əməkdaşlıq imkanlarını müzakirə edəcəklərini bildirib və razılaşdırılmış məsələləri imzalanacaq birgə bəyannamədə qeyd edəcəklərini açıqlayıb.

Görüşdə, həmçinin Türkiyə Ticarət Palataları və Birjaları Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu çıxış edib və Türk Dövlətləri Təşkilatının vacib beynəlxalq təşkilat olduğunu diqqətə çatdırıb.

Daha sonra Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə üç ölkə arasında birgə ticarət sazişləri və əməkdaşlıq məsələləri müzakirə edilib. 

Azərbaycan, Türkiyə və Özbəkistanın tarix boyu əməkdaşlığa və ticarətə hər zaman önəm verən ölkələr olduğunu vurğulayan iqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, biz bütün türk cümhuriyyətləri ilə qardaşlıq və əməkdaşlıq şəraitində əlaqələri inkişaf etdirmək və dərinləşdirmək istəyirik: “Hazırda siyasi əlaqələrimiz çox qardaşcasına davam edir və həyata keçirilir. Bu, təbii ki, siyasi iradənin mövcudluğunun və siyasi iradənin iqtisadiyyata da sirayət etməsinin göstəricisidir. Bölgəmizdə çox ciddi dəyişikliklər baş verib. Suriyadakı vəziyyəti, Qarabağın Azərbaycana qaytarılmasını və Qarabağın çox qısa zamanda sürətlə inkişaf etməsini və hazırda onun Azərbaycan iqtisadiyyatında çox mühüm yer tutmasını nəzərə alsaq, bizim fərqli aspektdə əməkdaşlığa ehtiyacımız var”.

***

Daha sonra görüşün yekunlarına dair Ankara Bəyannaməsi qəbul olunub və imzalanıb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb. Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub. 

İqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətədavamlılığının artırılmasının vacibliyi qeyd olunub.

Bəyannamədə, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti vurğulanıb.  

Ankara Bəyannaməsi, eyni zamanda Azərbaycanın COP29 və AQEM sədrlikləri çərçivəsində oynadığı rolu təqdir edib. Mərkəzi Asiyanın təhlükəsizliyində vacib rol oynayan Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqenin formalaşdırılmasının, Qəzza bölgəsində əldə olunmuş atəşkəsin qorunub saxlanılmasının və İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” əsasında həllini tapmasının vacibliyi qeyd olunub.

Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuata bəyanatlarla çıxış ediblər.