Ankarada Azərbaycan səfirliyinin qarşısında “hicab qadağası” iddiası ilə keçirilən aksiya açıq şəkildə Azərbaycanın dövlət quruluşunu hədəfə alan radikal çağırışlara çevrilib.
“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, aksiya axşam saatlarında keçirilib.
Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Aksiyada “Başörtüsü Allahın əmridir!”, “Hicab Allahın əmridir!” şüarlarının yazıldığı plakat və bannerlər qaldırılıb. Tədbirdə “Köklü Değişim” platformasının simvolları da nümayiş etdirilib.
Aksiyada çıxış edən ilahiyyatçı-yazar Abdullah İmamoğlu məktəbli geyimi və hicab haqda danışarkən mövzunu “Raşidi Xilafət Dövləti”nin yaradılması çağırışına gətirib.
O, müsəlman ölkələrinin xilafət dövləti çərçivəsində birləşməli olduğunu müdafiə edib və Azərbaycanı da bu sistemin qaydalarına uyğun idarəçiliyə çağırıb.
Beləliklə, aksiyanın yalnız məktəblərdə hicab məsələsinə etiraz məqsədi daşımadığı, Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı siyasi-ideoloji çağırış platformasına çevrildiyi üzə çıxıb.

Xatırladaq ki, oktyabrın 3-də İstanbulda Azərbaycan baş konsulluğu qarşısında da oxşar aksiya keçirilmişdi. Həmin tədbirdə hicab şüarları ilə yanaşı, Azərbaycanın xarici siyasəti və İsraillə münasibətləri də hədəfə alınmışdı.
Onu da qeyd edək ki, radikal qrupun çıxışı Türkiyə dövlətinin və bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim edilə bilməz.
Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi oktyabrın 9-da yaydığı açıqlamada Türkiyə–Azərbaycan münasibətlərini hədəfə alan məzmunları “açıq informasiya əməliyyatı” adlandırıb. Mərkəz iki ölkə arasındakı strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” prinsipini sarsıtmağa yönələn manipulyasiyaların nəticə verməyəcəyini bildirib.
***
Aksiya barədə ilk görüntülər Köklü Değişim Medya platformasının X hesabında yayılıb.
Köklü Değişim Medya və Köklü Değişim Dergisi Hizbüt Təhrir təşkilatının Türkiyədəki nümayəndəliyinə aiddir.
Qeyd edək ki, Hizbüt-Təhrir (ərəb dilindən tərcümədə “Azadlıq partiyası”) 1953-cü ildə Qüdsdə fələstinli ilahiyyatçı Təqiyəddin ən-Nəbhani tərəfindən yaradılmış beynəlxalq panislamist və fundamentalist siyasi təşkilatdır. Təşkilat Şərqi Qüdsdə başlayan fəaliyyətini daha sonra Livan, Suriya, İraq, Misir, Tunis və Türkiyə də daxil olmaqla, onlarla ölkəyə yayıb. Açıq mənbələrdə yazılanlara görə, Hizbüt-Təhrir digər islamçı hərəkatlardan fərqlənir. Təşkilatın geniş və öz daxilində ardıcıl ideoloji sistemi, həmçinin gələcəkdə qurulmasını nəzərdə tutduğu dövlət modelinə dair ətraflı təsəvvürləri mövcuddur. Təşkilatın fəaliyyətini qadağan edən ölkələr sırasında Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan, Banqladeş, Rusiya, Çin və Özbəkistan var. Bu ölkələrin bir çoxunda təşkilat üzvləri həbsdədir.
Hizbüt-Təhrir Azərbaycanda da rəsmən qadağan edilmiş təşkilatdır.
Son xəbərlər
Son Xəbərlər