“Aparıcılar arasında homoseksuallığa meyllilik var”

aparicilar-arasinda-homoseksualliga-meyllilik-var
Oxunma sayı: 1847



Psixoloq Elmir Əkbərin “Qafqazinfo”ya müsahibəsi:


- Siz bir zamanlar gündəmdə olan psixoloqlardan biri idiniz...

- Yalan deməyəcəyəm. Mənim korporativ maraqlarıma uyğun olaraq əvvəllər qısa bir vaxt ərzində həkim kimi qəbul olunmaq istəyirdim. Ona görə də məşhur verilişlər, populyar aparıcılar olan proqramlara qatılırdım və təbii ki, ciddiliyi qoruyaraq. Özünü bayıra qoyan aparıcılar da çox sayğı ilə qəbul edirdilər məni. Artıq düşünürəm ki, gəminin istiqamətini yavaş-yavaş dəyişmək lazımdır. Dostlarım, yaxınlarım xəbər tutana qədər o yola gedirdim. Mən Akademiyada da çalışıram. İndi rusların televiziya kanalı var, ora tez-tez müsahibə verirəm. AzTV-nin dini proyektləri var, o verilişlərə də dəvət olunuram və çıxış edirəm. O vaxt maraqlarıma daha çox təbliğ olunmaq lazım idi. İndi də tamam başqa mövzularda və polemikalarda çıxış edirəm. İndi onu da deyim ki, pul istənilən proyektlərə onsuz da getmirəm. Bəlkə də yeganə adamam ki, Azərbaycanda 2 proyektdə pul ilə iştirak etmişəm. Amma o verilişlərin adını açıqlaya bilmərəm. Biri ilə indi münasibətlərimiz yaxşı deyil, o birisi də özümlə başqa adam da aparmışdım, indi həmin adam deyər ki, pul alırdın bəs mənə niyə demirdin?

- Bir zamanlar psixoloqa müraciət edən adamlara qəribə baxırdılar. İndi necədir, vəziyyət dəyişib? Məsələn, müraciət edən insanlar adlarının açıqlanmasından yenə çəkinirlər?

- İndi sevindiricidir ki, bu artıq dəyişibdir. Bəzən olur heç konsultasiyaya gəlməyən insanlar belə öz aralarında söhbət edərkən psixoloqla söhbətləşdiyini deyir və başqalarına məsləhət görürsə bu çox yaxşı haldır. İnsanlar üçün “psixoanalitikin” “psixoterapevt”in yanında olmaq “psixoloq”la görüşməkdən daha maraqlıdır. Psixiatrlardan isə ümumiyyətlə qorxub qaçırlar.

- Bəs məşhur insanlardan sizə müraciət edənlər olub?

- Məşhurlar bir az tez-tez depressiyaya düşürlər. Mənim “hə” və ya “yox” deməyim bizim peşənin etikasına qətiyyən uyğun gəlmir. Hər kəs səhv edə bilər, bu həkimlərə də aiddir. Demirəm ki, həkim səhv etsin, həkimin səhvdən sığortalanmadığını nəzərinizə çatdırmaq istəyirəm. Mənim nəyəsə savadım çatmaya bilər. Mən bundan utanmıram da. Amma bizdə qırmızı xətt var, konseptuallıq əsas şərtdir. Elə adam olub ki, qəsdən məni qıcıqlandırmaq istəyib ki, ağzımdan nəsə qaçırım. Ola bilər ki, mən adi söhbətdə konsultasiya etmədiyim adam haqda çox söz deyə bilərəm, yox əgər onunla konsultasiya keçmişəmsə artıq onun sirləri mənim öz sirrim kimidir. Canlı konsultasiyalar gedən verilişlər var, mən ona da yox demişəm. Efirdə konsultasiya həm vulqarlıqdı, həm də profesionallığın son həddidir. Mən səhər proqramlarında da qonaq oluram. Həmişə demişəm ki, şəxsi problemlə müraciət edən adamları televiziyada ümumiləşdirib versinlər. Psixoterapiya həkimlikdən çox hüquqla bağlıdır və bizdə çox sərt qaydalar var.

- Hazırda sizə müraciət edən insanlar ən çox hansı problemlərə görə müraciət edirlər?

- 2000-2001-ci illərdən bu tərəfə müraciət edən insanların fərdi problemləri ilə, ümumi problemləri artıq bir-birinə qarışıb. İnsanlar artıq çox aqressivdir, bir-birləri ilə münaqişə yaratmaq üçün fürsət axtarırlar. Evdən kənarda baş verən xoşagəlməzliklər, evə gələndən sonra daha da çoxalır və ailədaxili münaqişələrə səbəb olur. Gənclərin arasında təbii ki, problemlər var, amma indi heç olmasa problemin həllini axtarırlar. Elə buna görə də, boşanmaların sayı azalır. Valideyn-övlad konfliktləri də bu gün çox aktuallaşıb. Ümumiyyətlə 2 qütblənmə var - insanlararası konfliktlər olan problemlər, ikinci qütbə yönələnlər isə çox təhlükəli insanlardır, onlar aqressiyanı daxillərində yaşayırlar. Yəni öz daxilindəki “mən” ilə çəkişmədə olan insanlardı qütbləşmənin ikinci tərəfi. Hər ikisi də kifayət qədər var. Mən bu gün hər problemi olan insana, məsələn, nervozlara baxmıram.

- Elə insan olubmu düşünəsiniz ki, buna heç cür köməklik edə bilmərəm?

- Ümumiyyətlə kömək oluna bilinməyəcək hal yoxdur. Xeyr, belə bir hal olmayıb. Ola bilsin ki, mən kiməsə kömək edə bilməyim. Amma bu o demək deyil ki, bu adama kimsə kömək edə bilməyəcək. İstənilən bir problemin ən az 2 çıxış yolu var. Bəzən də elə olur ki, insanlar yeni imkanları problem kimi görürlər. Amma baxış bucaqlarını dəyişsələr görəcəklər ki, bu yeni imkanlardır.

- Hazırda cəmiyyətdə bir formalaşma gedir sanki. Cəmiyyətdə baş verən bu prosesləri bir psixoloq kimi necə müşahidə edirsiniz?

- Bilirsiniz, texnologiyanın inkişafı yaxşıdır, amma insanlar texnikləşməsə, real şəraiti insanların daxili imkanlarını təmin edə bilmir. Tələblə təklif üst-üstə düşmür. Düzdür madiyyat xırda bir şeydir, amma eyni zamanda bu gün həyatımızda vacib amildir. Bir də hazırda hamı ancaq özü haqqında düşünür. Bu da eqoizmin ən yüksək formasıdır. Daha sonra biganəlik və laqeyidlik var insanların bir-birinə münasibətində. Bunlar hamısı günümüzün viruslarıdır və qiyamətin əlamətləridir.

- Homoseksualizm bu gün bizim cəmiyyətimizdə geniş yayılıb. Maraqlıdır bu cür insanlar sizə müraciət edirmi?

- Mən bunu qeyri-təbiilik kimi qəbul edirəm. Hər bir insanın istənilən vaxtda, istənilən qəribə bir istəkləri ola bilər, anormal bir meylliyi ola bilər. Aparıcılar, tanınmış insanlar arasında bu tip adamlar var. Məlumdur onlar sonradan belə olublar. Mən elə insanları qınamıram, psixoanalitik kimi danışıram. Onların arasında sevgi yoxdur, quru ehtiras var. Onların arasında primitiv bir şəhvət var. Bəli o cür müraciət edənlər var, məsələn filan vaxt mənim ağlıma belə bir şey gəldi, yuxuda gördüm və ya bir dəfə yaşamışam deyə müraciət edənlər var. Bu çox asan həll olunan problemdir. Bir şərtlə ki, insan istəyə. Hər şey insanın öz əlindədir. Mən cəmiyyətdə insanların süni olaraq baryerlər yaratmağının əleyhinəyəm. Həqiqi xoşbəxtlik nə insanın özünə, nə də cəmiyyətə problem yaratmayacaq.

- Bəs uşaqlara ailələri tərəfindən olunan qadağalara münasibətiniz necədir? Necə düşünürsünüz bu qadağalar onlarda bir az da maraq yaratmır ki?

- Biz olmaz deməkdənsə, nəyin düzgün olduğunu deməliyik. Olmaz deyiriksə onu deməyin təhərini bilməliyik, üçüncüsü də niyə olmaz onun səbəbini izah etməliyik. İnsana vaxtında düzgün tərbiyəni vermək lazımdır. Gənclərə, yeniyetmələrə qadağa qoymazdan əvvəl onun ürəyinin qapısını döymək lazımdır. Bu uşaq bu addımı nəyə görə atmaq istəyir səbəbini bilmək lazımdır.

- Son zamanlar insanların çoxu bir neçə aylıq kurslar keçirlər psixoloq işləməyə başlayırlar. Necə düşünürsünüz belə qısa müddətli kurslar keçməklə mütəxəssis olmaq olar?

- İnsanlar var ki, onların dəllal olmaq qabiliyyəti var. Söz ustası olan adamlar elə bilir ki, o 3 adamı ətrafına toplamaqla “ağıllı-ağıllı” danışa bilirsə artıq bunun ixtiyarı var ki, insanlara məsləhət versin. Bir adam tövsiyə və məsləhət sözünü dilinə gətirirsə deməli bu artıq mütəxəssis deyil. Bizim peşədə heç kimin heç kimə məsləhət verməyə ixtiyarı yoxdur. Bu ən böyük qadağalardan biridir. 7 il mən oxuyarkən nə qədər əziyyət çəkdiyim anlatmaq çox çətin olacaq. Demirəm ki, mən savadlı və yaxşı oxuyan olmuşam. Bu gün mənə milyonlar da versələr mən manipulyasiyaya getmərəm. Çünki mənim gözümün qarşısına 7 illik əziyyətim durur. Hələ mən məsələnin maddi və mənəvi hissəsini demirəm. Dəfələrlə olub ki, mən demişəm bəsdir. Daha oxumuram lazım deyil oxumaq. Bu qədər əziyyət çəkən insanın öz işinə duyduğu məsuliyyət nə qədər ola bilər, 3 ay hansısa kurs keçən insanın məsuliyyəti nə qədər ola bilər? Bu dəqiqə yalan, fırıldaq baş alıb gedir. Çox heyf ki, kimisə reklam edərkən keç kimin diplomu ilə maraqlanmırlar. Diplomların saxtalığını, doğruluğunu yoxlamırlar. Türkiyədə, Rusiyada çox asanlıqla diplomlar satırlar. Əgər çox yaxşı nəticələr göstərərsə tələbələr onların heç Azərbaycana qayıtmasına icazə də vermirlər. Mütəxəssis kimi orda saxlayırlar. Amma kimə ki diplom xarakterli vərəqə verirlər, həmin vaxt biri var ki, mexanika işləyən vasitələr onlar xarab ola bilər, cərrah da hətta bəzən səhv edə bilər. Amma biri də var ki, sənin verdiyin istiqamət insanı səhv yola aparar. Bəzi parapsixoloqlar hətta dərman tədavisi də edirlər. Bu da depressiyada olan insanlara heç də yaxşı təsir etmir. Xülasə bu sahədə özbaşınalıqdır. Mən Gülər Əhmədovaya və Asim Mollazadəyə demişəm, amma hələ ki, bununla dövlət səviyyəsində maraqlanan yoxdur. Ümumiyyətlə, psixoloqun, həkimin ən azı 5 il təhsili olmalıdır.

- Bəs insanlar hardan bilsin ki, bu psixoloq qeyri-peşəkardır?

- Onu qeyd edim ki, Rusiyanın, Türkiyənin diplomu heç nəyi həll etmir. Onlar da bizdən fərqlənmir. Düzdür, hər diplomu olan yaxşı mütəxəssis deyil. Diplom yoxdursa bunun haqqında heç söhbət etməyə dəyməz. Getdiyi mütəxəssisin diplomu ilə maraqlanmalıdır. Bəzi adamlar psixoloq peşəsindən öz maraqları üçün istifadə edir.

Aynur Babayeva