Aprel döyüşlərinin iştirakçısı xanımının üzüyünü güllə gilizindən düzəldibmiş - Foto

aprel-doyuslerinin-istirakcisi-xaniminin-uzuyunu-gulle-gilizinden-duzeldibmis
Oxunma sayı: 12964

“Mənim iştirakçısı olduğum Aprel döyüşləri zamanı çəkilən bir şəklim yoxdur. Amma əvəzində o xatirələri hər zaman xatırladacaq bir şeyə sahibəm. Sevdiyim qadının barmağına taxdığım üzük 2016-cı il aprelində Tərtər istiqamətində düşmən ordusuna vurduğumuz güllənin (NsVP) gilizidir. Min əzabla kəsərək hamarlayıb parıldatmaq üçün bronejiletə və bütün parça səthlərə günlərlə sürtmüşəm.Ömrümüzün 4 günü, ruhumuzun orda qalan bir parçasıdır”.

Bu xatirəni Aprel döyüşlərinin iştirakçısı, kəşfiyyat manqa komandiri, kiçik çavuş Araz Əliyev sosial şəbəkədə paylaşıb. 

“Qafqazinfo” da Dördgünlük müharibənin dördüncü ildönümündə Arazla söhbətləşərək həmin xatirələrini canlandırıb. 

1994-cü il təvəllüdlü Araz Əliyev BDU-nun Beynəlxalq Münasibətlər fakültəsini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. O, 2016-cı ilin 1-5 aprel tarixlərində Tap Qaraqoyunlu kəndi, Tərtər rayonunun Borsunlu, Talış və Madagiz kəndləri, Ağdərə istiqamətində gedən döyüşlərdə kəşfiyyat manqa komandiri kimi iştirak edib: 

“Borsunlu kəndində toplanış zamanı baş leytenant olan komandirim əsgərlərdən ən irəli gedəcək olanları və qalacaqları ayırırdı. Evin tək uşağı olanları, atası olmayanları aparmırdılar.

Mən də yeganə ali təhsilli idim. Mənə qalmağı tapşırdı. Ancaq etiraz edərək xidmətin son gününə qədər baş leytenantla çiyin-çiyinə döyüşlərdə iştirak etdim.

Düşmənin Şiştəpədəki iki müşahidə məntəqəsi tərəfimizdən məhv edilib. Bu uğura görə, korpus komandanlığı tərəfindən “Fəxri fərmanla” təltif olunmuşam.

“Qisas” postunda olarkən düşməndən bir nəfəri vurmuşduq.  Aprel ayı ərzində atışlara icazə verildiyi üçün hər yanda güllə gilizi tapmaq olurdu. Vurduğumuz güllənin gilizini saxlamışdım. Əsgərə gilizlərdən nəsə düzəltməyə icazə verilmir. Əgər tutulsa, cəzalandırılır. Gilizləri də normal vaxtlarda sayaraq təhvil alırlar. Ancaq əsgərlər bir yolunu tapıb nəsə düzəldirlər. Çox vaxt bu nəsə güllədən sadə fiqurlar olur. Gilizi kəsəndən sonra istər postda, istərsə də postdan düşdükdən sonra özümlə gəzdirirdim. Tutulmamaq üçün sol cibimdə saxlayırdm. Gecələr, ya da boş vaxtlarda parça səthlərə sürtürdüm ki, daha da parıldasın. Evə gələcəyim zaman artıq üzük hazır idi. Mənimlə bütün döyüş cəbhəsini gəzmişdi. İndi də mənimlədir. Kənarlarında bir azca əyrilik var. Diqqətlə baxanda bronejiletin parçasının cızıqlarını görmək olur. O vaxtdan artıq 4 il keçib, hələ də parıltısı getməyib. Xanımım da arada üzüyün qayğısına qalmağın gərəyini başa düşür. O üzük eynilə silah kimidir. Gərək vaxtaşırı qulluq edəsən”.

Günel Hacı