Aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihə təqdim olundu

aqrar-meslehet-xidmetlerinin-guclendirilmesine-dair-layihe-teqdim-olundu
Oxunma sayı: 777

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Onun sözlərinə görə, aqrar sahənin rəqəmsallaşdırılması və fermerlər üçün müasir standartlara cavab verən keyfiyyətli xidmətlərin təşkili əsas prinsiplərdən biridir: “Bu xidmətlərin vahid pəncərə prinsipinə əsaslanaraq keyfiyyətli və əlçatan olması üçün tərəfimizdən zəruri addımlar atılıb. Təbii ki, biz qarşıya qoyulan hədəflərə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızın dəstəyinə və onlarla səmərəli əməkdaşlığın qurulmasına xüsusi önəm veririk. Aqraryönümlü elmi-tədqiqat institutlarının potensialının artırılmasında və bu qurumların informasiya və məsləhət xidmətləri şəbəkəsinə çevrilməsində beynəlxalq layihələrin əhəmiyyəti böyükdür. Düşünürəm ki, bu gün açılış mərasiminə toplaşdığımız layihə aqrar məsləhət xidmətləri sahəsinin inkişafına təkan verəcək”.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas bildirib ki, layihənin icrasında məqsəd davamlı kənd təsərrüfatı sahəsində aqrar sektorun inkişaf etdirilməsi istiqamətində Azərbaycan həyata keçirdiyi siyasət yaxından köməklik etməkdir.

FAO-nun Baş qərargahının Aparıcı Texniki Mütəxəssisi Nevena Aleksandrova isə qeyd edib ki, əsas məqsəd Azərbaycanda bütün fermerlərin ehtiyaclarına cavab verən və aqrar sektorda yenilikləri artıra biləcək müasir məsləhət xidmətlərinin göstərilməsi üçün işlək, effektiv və səmərəli model hazırlamaqdır. Sözügedən layihə aqrar məsləhət xidmətlərinin rəqəmsallaşdırılması, bilik və bacarıqların artırılması üçün ölkə daxilində məsləhətçilər şəbəkəsini yaratmaqla məlumatları tənzimləyən mexanizmləri inkişaf etdirir.

Layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmakın rəhbərliyi ilə həyata keçiriləcək.

Qeyd edək ki,  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçiriləcək sözügedən iki illik layihə kənd təsərrüfatı sahəsində mövcud və gələcək problemlərin həllinə dayanıqlı və davamlı formada daha çevik reaksiya verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə strategiyaların inkişaf etdirilməsi və məsləhət xidmətləri sisteminin birgə effektiv tətbiqi istiqamətində dəstək olmağı nəzərdə tutur.