“Artıq insanlar ciblərində bunun ağırlığını ciddi şəkildə hiss edir”

artiq-insanlar-ciblerinde-bunun-agirligini-ciddi-sekilde-hiss-edir
Oxunma sayı: 3569

“Bu gün parlamentdə hökuməti təmsil edən nazir və nazir müavinləri yüksək inflyasiya təzyiqindən danışıblar. Şübhəsiz ki, hətta rəsmi statistikaya görə ərzaq inflyasiyası az qala 20%-ə çatırsa, artıq insanlar mətbəxlərində və ciblərində bunun ağırlığını ciddi şəkildə hiss edirlər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. 

O qeyd edib ki, insanların böyük hissəsinin dayanıqlı gəlirlərinin olmadığı, effektiv indeksasiya mexanizminin işləmədiyi ölkələrdə yüksək inflyasiyanın davam etdiyi dövr ev təsərrüfatlarının öz ehtiyatları maksimum əritdiyi, borclandığı, ehtiyatları olmadıqda isə sürətlə yoxsullaşdığı mərhələdir: “Bir məsələ dəqiqdir ki, hazırkı yüksək inflyasiya tələbdən, xüsusən ev təsərrüfatlarının tələbindən qaynaqlanmır. Bunu təsdiqləyən bir neçə makroqitisadi faktor da var. Məsələn, əvvəlki ilə nisbətən 2021-ci ildə ev təsərrüfatlarının istehlak xərclərinin ÜDM-də payı 61%-dən 52%-ə enib. Bu xərclərin illik artım tempi ÜDM-nin artım tempindən 3 dəfə geri qalıb. Bu ilin 4 ayında istehlak bazarında xərcləmələr də elə yüksək deyil - 4% ətrafında olub”.

İqtisadçı bildirib ki, tələbi stimullaşdıran xərc mənbələrində də kritik artımlar qeydə alınmadığı görünür: “Məsələn, iqtisadiyyatın kreditləşməsi 10%-dən, büdcə xərcləmələri 5-dən az artıb. Bu ilin 4 ayında pul bazasında 7% artım görünür. Təklif (xərc) mənşəli inflyasiyanın artımını göstərən göstəricilər daha çoxdur. İdxal qiymət indeski 25%-ə yaxın, bəzi mal qrupları üzrə 30%-in üzərində olub. Kənd təsərrüfatı məhsullarının istehsalçılarının qiymət indeksi 16%-dən çox, emal sənayesi üzrə istehsalçı qiymət indeksi 25%-ə yaxın olub. Bu indekslərin yüksəlməsində yalnız xammal və materialların bahalaşması səbəblərdən biridir. İqtisadiyyatdakı aparıcı məhsul və xidmətlər üzrə monopol şəbəkənin xərcləri yüksək göstərərək qiymət artımını sürətləndirməsi ciddi və etibarlı araşdırma tələb edir”.

Ekspert əlavə edib ki, bir qayda olaraq iqtisadiyyatda rəqabətin olmadığı, ayrı-ayrı bazarların və idxalın yüksək inhisalaşdığı iqtisadiyyatlarda inflyasiyanın artdığı dövr bu qruplar üçün qazanc məqsədli spekulyativ qiymət artımları üçün münbit fürsətlər yaranır.