“AS Group Investment” şirkəti 27 sentyabr Anım Günündə şəhid ailəsini yeni mənzilinə köçürtdü

as-group-investment-sirketi-27-sentyabr-anim-gununde-sehid-ailesini-yeni-menziline-kocurtdu
Oxunma sayı: 1240

“AS Group Investment” 27 sentyabr Anım Günündə  Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan polkovnik leytenant Mehman Qənbərovun Binəqədi qəsəbəsində kirayə evdə yaşayan ailəsini hədiyyə etdiyi yeni mənzilə köçürüb. Xatırladaq ki, şirkət əməkdaşları 31 avqust 2021-ci il tarixində şəhid ailəsilə görüşərək qəhrəman şəhidimizin həyat yoldaşı Xuraman xanım Qənbərovaya yeni mənzilin sənədlərini təqdim etmişdilər. Və onlara qısa zaman ərzində mənzilin təmirli və lazımi əşyalarla təhciz edilmiş şəkildə təhvil verəcəklərini bildirmişdilər.

 “AS Group Investment” şirkəti şəhid ailəsinə söz verdiyi kimi onları tam təmirli, mebel və məişət əşyaları ilə təchiz edilmiş mənzilə köçürərək Anım Günündə şəhid polkovnik leytenant Mehman Qənbərovla birlikdə Vətən Müharibəsində canlarından keçən bütün şəhidlərimizi yad etdilər.

“AS Group Investment” şirkətinin şəhid leytenant Mehman Qənbərovun ailəsinə hədiyyə etdiyi 3 otaqlı mənzil şirkətin özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksində yerləşir.

Şəhid polkovnik leytenant Mehman Qənbərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. O, polkovnik-leytenant rütbəsini də məhz Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyi üçün qazanmışdır. Ağdam rayonunda doğulub Birinci Qarabağ Müharibəsi nəticəsində uşaq ikən məcburi köçkün həyatını yaşamış şəhidimizin ən böyük arzusu doğma torpaqların işğaldan azad edilməsi idi. İkinci Qarabağ Müharibəsinə yollanan zaman onun ailəsinə dediyi son cümlələri: “Həyatdır, hər şey ola bilər. Mən geri qayıtmaya da bilərəm. Əsas odur torpaqlarımızı azad edək!” olur. 

Sentyabrın 27-də döyüşlərə qatılan şəhid Qənbərov bir neçə kəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Sentyabrın 30-da o, Füzuli ərazisində düşmənin üzük halqası kimi əhatəyə aldığı döyüş yoldaşlarını mühasirədən çıxararaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra şəhid Qənbərov Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilir.   

Qeyd edək ki, “AS Group Investment” şirkəti bu ilin mart ayında Mingəçevir şəhidi çavuş Niyazi İsgəndərovun ailəsinə də özünün orada inşa etdiyi “Park Residence” Yaşayış binasından mənzil hədiyyə etmişdir.