“Atam həbsdə idi, anam da öləndən sonra tək qaldım” - Fotolar+Video

atam-hebsde-idi-anam-da-olenden-sonra-tek-qaldim
Oxunma sayı: 10851

Azərbaycan milli komandasının qapıçısı Elvira Əskərzadənin “Qafqazinfo”ya müsahibəsi: 

- Lənkəranda qadın futbolçu kimi yetişmək çətin olmadı?

- Bizim evimizin yanında stadion var idi. Uşaqlar həmişə orda maraqlı oyun oynayırdı. Daha çox futbola üstünlük verirdilər. Mən də anamdan icazə istəyirdim ki, düşüb orada futbol oynayım. Lakin dərslərimi oxuyum deyə həmişə mənə “yox” deyirdi. Amma yay tətili olanda mən də uşaqlara qoşulub futbol oynayırdım.  Anam vəfat edəndən sonra isə peşəkar şəkildə məşğul olmağa başladım. Futbol mənim üçün ilk plana çıxdı. Sonra Bakıya gəldim, milli komandaya seçildim və davam etdim. 

- Qohum-əqraba, qohumlar buna necə baxırdı?

- Mən nənəmlə yaşayırdım. Hər kəs deyirdi ki, ağıllısan dərslərini oxu. “Qız hara, futbol hara?!” deyirdilər. Lakin mən həmişə fərqli olmağı sevmişəm. Ona görə də əl çəkmirdim. Davam etdim və heç kəsə qulaq asmadım. 

- Belə görünür ki, uşaqlıqda qızlarla oynamağı sevməmisiz...

- Doğrudur. Məktəbdə, həyətdə hər zaman oğlanlarla gəzirdim, onlarla oynayırdım. Bu səbəbdən də futbola marağım çox idi. Onlar da daim top dalınca qaçırdılar. Belə-belə mən də oynamağa başladım. 

- Hazırda 18 yaşınız var, amma kiçik yaşlarından çətinliklər görmüsüz. Ananızın vəfatı sizin karyeranızda böyük rol oynayıb?

- 9 yaşımdan anam bizi tək böyüdüb. Ancaq anam yanımızda idi. 11 yaşında isə o da vəfat etdi. Qardaşım və bacımla qaldıq. Artıq düşünürdüm ki, bu həyatda tək qalmışam. Özümə qapanmışdım, dərslərə getmirdim. Zaman keçdikcə isə özümə gəldim və futbol mənə təsəlli oldu. O, ilk dəfə məni futbola aparmışdı. Düşündüm ki, mən elə bir futbolçu olmalıyam ki, anam mənimlə fəxr etsin. 

- Atanız...

- Atam həbs olunmuşdu. 9 yaşımdan onu görmürdüm. 17 yaşım olanda həbsdən çıxdı, gördüm və yenidən həbs olundu... Yenə görmürəm. 

- Ananız niyə vəfat edib? 

- Səbəbini indi də bilmirəm. Ürəyi dayandı. Biz 5-ci mərtəbədə qalırdıq, evə çıxdı və ürəktutmadan vəfat etdi. Onun üçün çox darıxıram. Düzdür, əvvəlki qədər ağlamıram, amma yenə də darıxıram. 

- Qardaşınız da idmançıdır?

- O, taekvondo ilə məşğul olurdu. Artıq 1-2 ildir ki, məşğul olmur. 

- Nənəniz sizin futbol oynamağınıza nə deyirdi, əsəbiləşmirdi?

- Həmişə deyirdi ki, dərslərini oxu. Məşqdən gec gələndə əsəbiləşirdi. Deyirdim ki, bu dəfə də gedim, daha getməyəcəm. Milli komandadan dəvət gələndə isə dedi ki, artıq bu barədə o qərar verə bilməz. Baban, dayın sənə icazə verə bilərlər. Onlar da gördü ki, futbol mənim sevdiyim, bacardığım bir şeydir. İcazə verdilər və yola saldılar. İndi də zədələnəndə nənəm əsəbiləşir ki, sənə kim deyirdi futbol oyna?! (gülür).

- Deyəsən dərslərinizi aşağı siniflərdən yaxşı oxumamısız.

- Əksinə, çox yaxşı oxuyurdum. Əlaçı idim və daim diqqətim dərsdə idi. Anam da məktəbdə müəllim işləyirdi. Lakin peşəkar şəkildə oynamağa başladıqdan sonra zəiflədim. 9-cu sinifdə oxuyandan artıq Bakıda qalırdım və diqqətim ancaq futbolda idi. 

- İlk dəfə “Xəzər Lənkəran”ın qadınlar komandasında oynamağa başlamısız?

- Bəli. Orada 13 yaşımdan oynamağa başladım və Bakıda keçirilən yarışlarda iştirak edirdim. Əslində qapıçı olmaq mənim üçün çətin idi. Meydanda olmaq, driblinq edərək qol vurmağı daha çox xoşlayıram. Lakin boyum uzun olduğu üçün qapıya qoydular, milliyə də sırf buna görə dəvət aldım. İndi isə qolkiper olmaq xoşuma gəlir. 

- Bakıya gələndə çətin olmadı?

- Əvvəllər çox darıxırdım, ağlayırdım, ailəmi istəyirdim. Sonra müəllimlər, qızlar mənə dəstək oldular. Onların sayəsində alışdım bu vəziyyətə. 

- İdmançı qadınlar haqqında belə bir klassik düşüncə var ki, onlar daim məşqlərdə olduqları, sərt hərəkətlər etdikləri üçün zərifliklərini itirirlər. Bununla razılaşırsınız?

- Yox. Stadionda, meydanda kişi kimi olmalısan. Amma meydançadan çıxdıqsa həyatda biz qadınıq. Özümüzü də qadın kimi aparmalıyıq, bizə həyatda kişi kimi davranmaq yaraşmaz.
 
- İndi Lənkərana gedəndə qonşular, qohumlar sizi necə qarşılayır?

- (Gülür) Hamı başlayır ki, “ooo futbolçu qız gəldi”. Sonuncu dəfə çəkiliş üçün getmişdim. Hamı pəncərədən çıxıb əl edirdi. Futboldan suallar verirlər. 

- Karyeranızı bütünlüklə futbol üzərində quracaqsınız?

- Universitetə sənəd verəcəm. Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmaq istəyirəm. Futbol müəllimi ixtisasına yiyələnmək fikrim var. Təbii ki, bütün karyeram futbol üzərində olacaq. 

- İdmançı oğlanlar qədər idmançı qızlara da diqqət varmı? Sevgi, evlilik təklifləri olurmu?

- Olsa da, qəbul etmərəm (gülür). İstəyirəm ki, birinci gələcəyimi qurum. Yaxşı işim olsun, yaxşı pulum olsun. Əsas məsələ puldur. Xoşbəxtlik də gələcək. İndi kiməsə güvənmək çətindir. Ailə qurmaq haqqında düşünməmişəm. Bəlkə də gələcəkdə fikrim dəyişəcək. Lakin hazırda belə bir şey yoxdur. Futbol ailəmdən sonra həyatımda ən önəmli yerdədir. UEFA-nın çəkilişindən sonra oğlanlar yazırdılar. İnstaqramda sevgi təklif edirdilər. Onlara heç cavab vermirdim. Xarici ölkələrdən daha çox yazırdılar. Qazaxıstandan, Gürcüstandan oğlanlar mesaj göndərirdi. 

- Kumiriniz hansı futbolçu olub?

- Kriştianu Ronaldo. Əvvəllər futbolu izləməyi sevmirdim. Qardaşım baxanda deyirdim ki, kanalı dəyiş. İndi məcbur baxıram. Çünki nəyisə öyrənmək istəyirəm. Millimizin oyunlarını izləyirəm. “Qarabağ” və “Neftçi”nin matçlarına baxıram. “Yuventus”un, “Barselona”nın, “Real”ın oyunlarını izləyirəm. Amma indi Ronaldo mənim fanatımdır.

- UEFA-nın sizin həyatınız barədə çəkdiyi qısa film necə əsrəyə gəldi, təklifi kim vermişdi?

- Onlar AFFA-ya təklif göndərmişdilər ki, bir futbolçunun həyatı haqqında maraqlı çəkiliş hazırlamaq lazımdır. Federasiya da onlara mənim həyatım haqqında yazıb göndərmişdi. Siyahıda başqaları da var idi. Lakin onlar mənim həyatımı seçdilər və beləcə bu baş tutdu. 

- Niyə qadın komandalarımız adətən böyük hesabla uduzurlar? 

- Mən olduğum oyunlarda cəmi bir dəfə 6 qol buraxmışıq. Əlimizdən gələni edirik, lakin rəqiblərimiz həmişə güclü olur. Onlarda qadın futbolu illərdir inkişaf edir. Bizdə isə yeni yaranıb və AFFA bizə diqqət ayırır. A milli komandamız da yarandı. Düşünürəm ki, getdikcə daha çox inkişaf edəcəyik, uğur qazanarıq. 

Elsevər Məmmədov

Foto-Video: Pərvin Zeynal