“Atama dedim ki, arağımı niyə içmisən, məni bıçaqladı”

atama-dedim-ki-aragimi-niye-icmisen-meni-bicaqladi
Oxunma sayı: 2995

Bakı Ağır Cinayətlər Məhkəməsində arağa görə oğlunu bıçaqlamaqda təqsirləndirilən Səxavət Əliyevin məhkəməsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda Səxavət Əliyev cinayəti etiraf edib.

O, oğlu Ceyhun Əliyevə içkili halda xəsarət yetirdiyini bildirib: “Heç nə yadımda deyil. Onu necə bıçaqladığımı bilmirəm. Oğlumu yağ bıçağı ilə vurdum, peşmanam”.

Zərərçəkən Ceyhun Əliyev də ifadə verərək hadisənin necə baş verdiyini açıqlayıb:

“Mən həm atama, həm də özümə araq almışdım. Atam öz arağını da, mənim arağımı da içmişdi. Gördüm ki, “butılka” bomboşdur. Ona dedim ki, mənim arağımı niyə içmisən? Rus dilində onu söydüm. O da söyüş söydü, dava düşdü və məni bıçaqla vurdu.

Sonra polis gəldi, amma mən polislərə dedim ki, küçədə vurulmuşam. Atam bıçağı götürüb gedib sahə müvəkkilinə deyib ki, “mən vurmuşam onu”. Biz demək olar ki, hər gün içirik. Bəzən yarım litr içirəm”.

Səxavət Əliyev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə ittiham olunur.