“Avroviziya”nın Ukraynada keçirilməməsi ilə bağlı qərar verildi

avroviziyanin-ukraynada-kecirilmemesi-ile-bagli-qerar-verildi
Oxunma sayı: 2170

Avropa Yayım Birliyi (AYB) Ukraynanın “Avroviziya 2023” mahnı müsabiqəsinə ev sahibliyinə dair bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, bəyanatda deyilir ki, AYB “Avroviziya” mahnı müsabiqəsinin qalibi olan Ukraynanın 2023-cü ildə tədbirə ev sahibliyi edə bilməməsi ilə bağlı qərarının doğurduğu məyusluğu tam başa düşür.

AYB tədbirdə işləyən və iştirak edən hər kəsin təhlükəsizliyini və mühafizəsini təmin etmək məsuliyyətini rəhbər tutaraq yarışın Ukraynada yox, başqa ölkədə keçirilməsinə dair qəbul edib. 

Vurğulanıb ki, AYB müvafiq qərarı qəbul edərkən hazırkı məlumatlara görə, 2023-cü il ərzində Ukraynada heç bir önəmli beynəlxalq konsertin keçirilməyəcəyini də nəzərə alıb və bütün bunlar Ukraynanın təhlükəsizlik və əməliyyat zəmanətlərinə, ev sahibliyi üçün zəruri tələblərə cavab verməməsi ilə bağlı AYB-nin ümumi dəyərləndirməsini gücləndirir.

“Bütün bunları nəzərə alaraq AYB təəssüf hissi ilə tədbiri başqa ölkəyə köçürmək qərarına gəlib və gələn il keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi üçün münasib məkanın tapılması ilə bağlı müzakirələri davam etdirəcək”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, Avropa Yayım Birliyi “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin 2023-cü ildə Ukraynada keçirilməsinin mümkün olmayacağı barədə məlumat yayıb.

Hətta AYB bununla əlaqədar olaraq müsabiqənin Böyük Britaniyada keçirilməsi ilə bağlı BBC ilə danışıqlara başlayıb.

Xatırladaq ki, Ukraynanın “Kalush Orschestra” qrupu mayın 14-ü İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” müsabiqəsinin qalibi olub.