“Axı biz öpüşməyəcəyik...” - Mariya Stadnik

axi-biz-opusmeyeceyik-mariya-stadnik
Oxunma sayı: 709



London Olimpiadasının gümüş medalını qazanan Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik Ukrayna mətbuatına müsahibə verib. Əslən lvovlu olan 24 yaşlı idmançı dördilliyin ən mötəbər yarışındakı çıxışını dəyərləndirib.

- Mariya, siz qızıl medalı uduzdunuz, yoxsa gümüş qazandınız?
- Əlbəttə, qızılı uduzdum. Finalda heç kim gümüş qazanmır. Bir də qələbənin niyə alınmadığını başa düşmək lazımdır. Belə götürəndə, fiziki və psixoloji cəhətdən özümü yaxşı hiss edirdim.

- Pekin Olimpiadası ilə müqayisədə irəli addım atdınız. Orada bürünc, burada gümüşlə kifayətləndiniz...
- Hələ qarşıda Rio-de-Janeyro var. Bir addım da atmaq lazımdır. 4 ildə güclü, təcrübəli oldum, uşaq dünyaya gətirdim. İndi ikinci uşağı istəyirik.

- Ukrayna yığmasının heyətində Pekin Olimpiadasının gümüş medalını qazanan Andrey Stadnik sizin üçün harada həyəcan keçirirdi?
- Evdə, televizor qarşısında. Təəssüf ki, Londona gələ bilmədi. Ona viza açılmadı.

- Yarımfinalda İrina Merleni ilə necə döyüşdünüz?
- Bu, final uğrunda mübarizə idi. Axı biz öpüşməyəcəyik. Mənin üçün rəqibin fərqi yoxdur. Medal uğrunda döyüşürdüm.

- Bir-birinizi sözlə hədələyərdiniz?
- Bu, artıq o səviyyə deyil. Kimin nə dediyini eşitmirəm. Mən ayaqları, rəqibin əllərini görürəm və onun yerə yıxmağa çalışıram.

- Artıq Azərbaycanın neçə medal qazandığını bilirsiniz?
- Bilirəm ki, Azərbaycandan Londonda medal qazanan ilk qızam. Kişilər güləş və ağırlıqqaldırmada gümüş, bürünc medal qazanıblar.

- Siz Olimpiadaya Ukraynadan, yoxsa Azərbaycandan gedirsiniz?
- Bakıdan. Orada çox populyaram, küçədə məni tanıyırlar.

- Olimpiya çempionu olsaydınız, Azərbaycanın bayrağını götürərdiniz?
- Bəli. Ölkə məni qəbul elədi, insanlar məni sevir. Başqa cür necə edə bilərəm ki? Burda fikirləşmək lazımdır ki, Ukrayna məni necə buraxdı.

- Merleni deyib ki, finalda rəqibinizə azarkeşlik edirdi. Bəs siz onun bürünc medal uğrunda görüşündə kimə azarkeşlik edirdiniz?
- Açığı, ona baxmadım. Finala hazırlaşırdım. Mənim üçün kimin qalib gəlməyinin fərqi yox idi.

- Bəs Bakıda harada yaşayırsınız?
- Mənzilim var. Bu evi mənə Pekin Olimpiadasından sonra veriblər.

- Lvovda olacaqsınız?
- Hələ bilmirəm. Övladım Xmelnitskda valideynlərimin yanındadır. Buna görə də birinci ora gedəcəyəm.

- Əgər sizə Azərbaycanda rahatdırsa, niyə Ukraynada yaşayırsınız?
- Valideynlərim artıq yaşlaşıblar. Andrey də Ukrayna yığmasında çıxış edir. Mən də həyat yoldaşımın yanında olmalıyam./apasport.az/