Ayı belə yaxından görməmisiniz - Yeni rekord qırıldı - Video

ayi-bele-yaxindan-gormemisiniz
Oxunma sayı: 857

NASA-nın həyata keçirdiyi “Artemis II” missiyası çərçivəsində astronavtlar tarixi nailiyyət əldə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə kosmik agentlik məlumat yayıb.

Bildirilib ki, missiyada iştirak edən dörd astronavt Yerdən təxminən 406 min 765 kilometr uzaqlığa qədər səyahət edərək, bəşəriyyət tarixində ən uzaq məsafəyə çatıblar.  Bununla da 1970-ci ildə “Apollo 13” missiyası tərəfindən müəyyən edilmiş rekord geridə qalıb. Yeni göstərici əvvəlki rekordu 6 602 kilometr üstələyib.

“Artemis II” NASA-nın 1972-ci ildən bəri Aya yönəlmiş ilk insanlı missiyası kimi qiymətləndirilir. Missiya 1 aprel tarixində start götürüb.

Floridadakı Kennedi Kosmik Mərkəzindən buraxılan raket vasitəsilə həyata keçirilən uçuş zamanı “Orion” kosmik gəmisi uğurla orbitə çıxarılıb. Təxminən 10 gün davam edəcək missiya çərçivəsində astronavtlar Ayın orbitinə yaxın məsafədə uçuş həyata keçirirlər.

Missiyada NASA astronavtları Rid Vayzman, Viktor Qlover, Kristina Kox və Ceremi Hansen iştirak edirlər.

NASA rəhbərliyi bu uğuru yüksək qiymətləndirərək, missiya iştirakçılarını təbrik edib. Bildirilib ki, bu nailiyyət insanlığın kosmos tədqiqatlarında yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Qeyd edək ki, “Artemis II” missiyası çərçivəsində astronavtların Ay səthinə eniş etməsi nəzərdə tutulmur, lakin onların Ayın indiyədək az öyrənilmiş bölgələri ətrafında uçuş həyata keçirməsi planlaşdırılır.