Azərbaycan klubu maaşa görə avrokubok oyununa çıxmaq istəmir

azerbaycan-klubu-maasa-gore-avrokubok-oyununa-cixmaq-istemir
Oxunma sayı: 1651

Kişilərdən ibarət "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandaları dağılmaq təhlükəsinin astanasındadır.

“Qafqazinfo” Prosport.az-a istinadən xəbər verir ki, bu mövsüm Yüksək Liqanın ilk turunda üz-üzə gəlməli olan komandaların oyununun təxirə salınmasının əsas səbəbi maliyyə ilə bağlıdır.

Belə ki, komanda federasiyadan maliyyələşmədiyindən, klub prezidenti təyin olunan Hacı Nuran Hüseynov isə sponsor tapmaq yönündə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyindən, hər iki komanda dağılmaq təhlükəsi ilə üzləşib. Danışıqlar aparılan şirkətlər Şuşa adını daşıyan komandaya sponsorluq etmək istəməyib. Artıq Hacı Nuran "Xarı Bülbül Şuşa"nın prezidenti postundan kənarlaşdırılıb.

Komanda hazırda 3 aydır ki, maaş üzünə həsrətdir. "Xarı Bülbül Şuşa" bu səbəbdən avrokubokda – Çelenc Kubokunun 1/16 final mərhələsində Yunanıstanın "Panatinaikos" komandasına qarşı Bakıda oyuna çıxmaq istəməyib. Yalnız Azərbaycan Voleybol Federasiyası 1 ayın maaşını ödəməyi boynuna götürdükdən sonra, məşqlər bərpa olunub və komanda oyuna çıxıb.

Bununla belə, "Xarı Bülbül Şuşa"nın Afinada keçirəcəyi səfər oyununa çıxması sual altındadır. Çünki noyabrın 29-da baş tutacaq oyun üçün təyyarə biletləri maliyyə problemləri ucbatından alınmayıb. Əgər komanda 3 gün ərzində maliyyə tapa bilməsə, komanda dağılacaq və texniki məğlubiyyət veriləcək. Bundan başqa, Avropa Voleybol Konfederasiyasının (CEV) bu duruma görə Azərbaycan Voleybol Federasiyasını cəzalandıracağı istisna olunmur.

Qeyd edək ki, "Xarı Bülbül Şuşa" Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın "Spartak" klubunu Bakıda keçirdiyi hər iki oyunda məğlub etməyi bacarmışdı.