“AzVirt”in də tikintisində iştirak etdiyi Belqrad Dairəvi Yolu istifadəyə verildi - Fotolar

azvirtin-de-tikintisinde-istirak-etdiyi-belqrad-dairevi-yolu-istifadeye-verildi
Oxunma sayı: 5400

Serbiyanın paytaxtı Belqrad şəhəri ətrafında Azərbaycan və Çin şirkətlərinin inşa etdiyi Dairəvi Yolun açılışı olub. Bu yol, böyüklüyünə və əhəmiyyətinə görə Serbiya Respublikasında ən mühüm infrastruktur layihələrindən biridir. Tikintini Azərbaycanın “Azvirt” və Çinin “Power China” şirkətləri, eləcə də Serbiyadan olan subpodratçılar birgə həyata keçiriblər.

Layihənin 15 faizi Serbiya büdcəsi, qalan 85 faizi isə Çin Eksim Bankının krediti hesabına maliyyələşdirilib. Dairəvi Yolun Strajevica tunelindən Bubanj Potok qovşağına qədər olan hissəsinin ümumi uzunluğu 20,4 kilometrdir. Burada 4 tunel, 22 körpü və 2 böyük yol qovşağı tikilib. Yol avtomobillərin saatda 120 kilometr sürətlə hərəkəti üçün nəzərdə tutulub.

Dairəvi Yolun açılış mərasimində Serbiya Prezidenti Aleksandar Vuçiç, Baş nazir Ana Brnabiç, dövlət rəsmiləri, Azərbaycanın və Çinin Serbiyadakı səfirləri və tikintini aparan şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.

Prezident A.Vuçiç avtomobil yolunun tikintisində iştirak edən Azərbaycan və Çin şirkətlərinə təşəkkürünü bildirib, bu yolun ölkəsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Görülən hər şeydən qürur duyduğunu deyərək, bir metr də olsa asfalt döşəyən hər kəsə təşəkkürünü çatdırıb. Serbiya Prezidenti çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Çin Xalq Respublikasının Sədri Si Cinpinə dərin minnətdarlığını ifadə edərək Azərbaycan ilə Çindən olan dostlarına böyük ümid bəslədiklərini və güvəndiklərini qeyd edib.

Ölkəmizin Serbiyadakı səfiri Kamil Xasiyev çıxışında Prezident İlham Əliyevin Belqrada və Aleksandar Vuçiçin Bakıya səfərlərinin strateji tərəfdaşlığın dərinləşməsinə yeni təkan verdiyini diqqətə çatdırıb, Serbiyanın Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biri olduğunu deyib. Çıxışlarda həmçinin rəsmi Belqradın ölkənin yol şəbəkəsinin müasirləşdirilməsi istiqamətində Azərbaycanla bundan sonra da əməkdaşlıq etməkdə maraqlı olduğu vurğulanıb.

“Azvirt” on ildən artıqdır ki, Serbiyanın yol şəbəkəsinin inkişafı layihələrində iştirak edir. 2016-cı ildə Miloş Veliki dəhlizinin Ljig-Preljina hissəsini vaxtında təhvil verdikdən sonra, qazanılan etibar şirkətə daha sonra Belqrad ətrafındakı Dairəvi yolda, həm də Rumadan Şabats vasitəsilə Loznitsaya qədər olan ekspress yolda işləmək üçün imkanlar açıb.

Şabats yaxınlığında Sava çayı üzərindəki nəhəng körpünün tikintisi qrafikdən 6 ay əvvəl başa çatdırılıb. Açılış mərasimi 2022-ci ilin iyul ayında Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə baş tutub. Ruma və Şabac arasında uzunluğu 21 kilometr olan müasir avtomobil yolunun bu ilin oktyabrında, hətta razılaşdırılmış müddətdən bir il əvvəl açılacağı gözlənilir.

“AzVirt” MMC-nin baş direktorunun müavini Kənan Əliyev bildirir ki, layihə icra olunarkən onlara göstərilən 2 ölkənin etimad məsələsini heç vaxt unutmayıblar.

“Məncə etimadı doğrultmaq 2 dövlətin münasibətlərinin yüksək səviyyədə inkişafına yardımçı olmaq deməkdir. Serbiya Respublikasında yol şəbəkəsinin inkişafında iştirakımızın bir neçə vacib məqamı da var. “Azvirt” həm ətraf ölkələrdə tanınır, həm də Azərbaycanın yol mühəndislərinin təcrübəsi həmin ölkələrlə bölüşülür. Şirkətin 28 illik fəaliyyəti dövründə qazandığı uğurlar bir çox strateji layihələrin icrası ilə yadda qalıb. Ölkəmizdə inşa olunan beynəlxalq hava limanları, xüsusən də Qarabağın dirçəldilməsi işləri çərçivəsində Füzuli və Zəngilan beynəlxalq hava limanlarının infrastruktur layihələrinin rekord müddətə inşa olunaraq təhvil verilməsi, eləcə də hazırda eyni statuslu hava limanının Laçında tikintisinin davam etdirilməsi, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Kəlbəcər-Laçın və Füzuli-Hadrut yol layihələrinin inşası “AzVirt”in nə qədər böyük təcrübəyə malik olmasının göstəricisidir. Formula-1 Azərbaycan Gran Prisi üçün pilotların 340 km/saat sürətlə hərəkətinə zəmanət verən trekin ərsəyə gəlməsi də şirkətin yüksək peşəkar işinin bariz nümunəsidir”.

Serbiya ilə Azərbaycanı dövlətlərarası strateji tərəfdaşlıq, iki xalq arasındakı dostluq əlaqələri birləşdirir. Bu baxımdan “Azvirt” şirkəti də Serbiyada təkcə yollar, körpülər, tunellər inşa etmir, həm də Azərbaycan ilə Serbiya xalqları arasında dostluq ünsiyyətini gələcəyə aparan yollarla daha da yaxınlaşdırır.