Azərbaycan Universitetində yeni tədris ili başladı - Fotolar

azerbaycan-universitetinde-yeni-tedris-ili-basladi
Oxunma sayı: 1697

Azərbaycan Universitetində yeni tədris ili başlayıb. “Qafqazinfo” xəbər verir ki, dərslər sanitar-epidemioloji qaydalara uyğun olaraq ənənəvi formada təşkil olunur.

Universitetin rektoru Səadət Əliyeva birinci kurs tələbələrinə müraciət edərək yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib. Rektor bildirib ki, Azərbaycan Universiteti özünün texniki və kadr resurslarını yalnız güclü mütəxəssis deyil, həm də əsl vətəndaş yetişdirmək üçün səfərbər edib.

Səadət Əliyeva müraciətində Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş qazi və şəhidlərimizdən də söz açıb. Vurğulayıb ki, prezident İlham Əliyevin siyasi iradəsi, Azərbaycan Ordusunun qüdrəti və xalqımızın həmrəyliyi nəticəsində işğaldan azad olunan torpaqlara sadiqliyimizi hər birimiz öz əməlimizlə göstərməliyik.

Azərbaycan Universitetinin bu il 30 yaşını qeyd etdiyini diqqətə çatdıran rektor bildirib ki, ölkəmizin müstəqilliyinin bərpası ilə həmyaşıd olan universitet daşıdığı adın məsuliyyətini dərk edir və daim ona layiq olmağa çalışır.

Müraciətdən sonra dekanlar və tyutorlar tərəfindən tələbələrə tədris prosesi, universitetin daxili prosedur qaydaları, mühazirə və seminar dərsləri, kitabxanadan istifadə, imtahanların təşkili, tələbələr üçün yaradılan imkanlar barədə məlumat verilib.