Azərbaycanın təbəssümdən ötə bir şeyə ehtiyacı yoxdur...

azerbaycanin-tebessumden-ote-bir-seye-ehtiyaci-yoxdur
Oxunma sayı: 3098

Cəmi bir dəfə papaq atmışam, o da fizika müəllimi olan qonşumuz Paşa müəllimgilin qapısına. 5 yaşım olardı. Gözlədim, gözlədim... Qapını açan olmadı. Küsdüm, Paşa müəllimgilə nifrət elədim.

Sonra mənə dedilər ki, papaq atanda qapını döymək lazımdı ki, ev yiyəsinin xəbəri olsun. Mən döyməmişdim. Atıb gözləmişdim. Bunu ilaxır çərşənbənin sabahı bilmişdim, artıq gec idi. Əlimdən bircə şey gəlmişdi: ağlamaq.

Həm də papaq tapmamışdım, yaylıq atmışdım, cib yaylığı. O da bükülü.

Ardınca biz papaqatdı dəbi olmayan bir kəndə köçdük və ondan sonra heç vaxt, heç yerə papaq ata bilmədim.

Sizin də uşaq çığırışları ilə dolu bayram axşamları haqqında xeyli xoş və ağrılı xatirələriniz var, bilirəm.

Bizə ən möhtəşəm şeyləri anlayışsız yaşlarımızda əzbərlətdilər. O gözəl nəsnələri hıqqana-hıqqana gah qorxuyla, gah sevinclə dedik, ancaq o balaca kökslərimizə zərrə xeyri olmadı əzbərlədiklərimizin. İnsan bir bilmədiyinin, bir də əzbərlədiyinin düşmənidir.

Üstündən hər gün dördnala çapdığımız ifadələrə aman vermədik pərvazlanıb bizə yol göstərə.

Bu dünyada edə biləcəyimiz ən möhtəşəm iş nədir?

Düşünsəniz, ağlınıza çox şey gələcək, ancaq azman kişilər bu suala qərinə-qərinə qırışlanan təbəssümləri ilə belə cavab veriblər: “Kimisə sevindirmək”.

“Ən böyük sədəqə təbəssümdür”.

Azərbaycanın bu bayram günündə təbəssümdən ötə bir şeyə ehtiyacı yoxdur.

Bütün gözəlliklər gülər simalara mehman olur.

Üzünüzü elə qırışlara kökləyin ki, orda sanballı təbəssümlər məkan sala bilsin.

Daş yumrulanıb-yumrulanıb daşlığa söykənir.

Gülməkdən gözəl hiss varsa, o da güldürməkdir. Güldürməyin ən gözəli sevindirməkdir.

Papaqatdı dəbi olmayan həmin kənddə məndən üç yaş böyük bacımın sinif yoldaşı Novruz keçirmək üçün məktəbə apardığı  “bir şirvan” pulu itirmişdi.

Həmən-həmən gözümün qabağına bacımın o pulu almaq üçün evdə gördüyü işlər, şirinliklər, günlərlə axıtdığı göz yaşları gəldi.

Ona görə yola çıxdım.

Nədənsə, o pulu cib yaylığına bükülü tapacağımı düşünürdüm.

Həmin şirvanı tapsaydım ona 50 dənə “Turbo” saqqız, 5 dənə “Hayat” şokoladı ala bilərdim, ancaq mən o pulu qaytarmaq üçün axtarırdım. Onu qaytarmağı düşündüyüm an hiss etdim ki, böyümüşəm.

Bu qərar mənim – qıtlıq illərinin uşağının gözlərini siçan gözünə oxşamaqdan qorudu.

Çünki niyyətim ağlaya-ağlaya çəpərimiz boyu gah o yana, gah bu yana qaçan, məndən üç bayram böyük sarışın ləzgi qızını sevindirmək idi. Gözümün önündən keçən “Turbo” və “Hayat” sözlərinə rəğmən.

Yerindən asılı olmadan, sevindirmək istəyi bu dünyanın ən gözəl duyğusudur. Bu istək hər günü bayram edəcək qüdrətə qadirdi.

Novruz üstündən hər gün çapdığımız həqiqətləri bahar-bahar göyərdir. Əzbərimizi eşələsək, orda yüzlərlə müqəddəs kod var, açmadan əzbərlədiyimiz. İndi ağlımıza gələn kimi anladığımızı düşünürük, ancaq anlasaq, gözümüzdən yaş sel kimi gedər.

Bir an sonra bu dünyada olmaya bilərik... Daha bir gilas mövsümünü görmədən.

Küçələrin hər iki üzü taybatay aptek olan bir vaxtda anlasaydıq ki, ömrümüzə gün qatan yeganə əməl səxavətdir, sonda canımızı da kiməsə verərdik.

Bayram bolluq deməkdir. Bolluq isə, əslində kəmiyyət deyil, keyfiyyədir. Bolluq göz yox, könül vahiddir.

Könlünüz bolluq içində olsun, əziz Azərbaycanlılar.

Çətin günlərində ləyaqətini itirməyən analar, qardaşlar. Qeyrətinizə qurban!

Bahar bayramınız mübarək!

Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün