“Azərsu” sədri Tehranda toplantıda - Fotolar

azersu-sedri-tehranda-toplantida
Oxunma sayı: 1660

Dekabrın 5-də Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin İdarə Heyətinin 10-cu toplantısı keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, toplantıda Azərbaycan, İran, Türkiyə, Pakistan, Əfqanistan, İraq, Almaniya, İsveçrə, İordaniya, Liviya, Qırğızıstan və digər dövlətlərin müvafiq qurumlarının rəhbər şəxsləri olmaqla ümumilikdə 17 ölkənin nümayəndəsi iştirak edib. Həmçinin tədbirə UNESKO, Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Ümumdünya Meteorologiya Təşkilatın nümayəndələri də qatılıb.

Toplantıda ölkəmizi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. 

Toplantını giriş sözü ilə açan İranın energetika naziri Rza Ərdakanian müasir dünyada ekoloji vəziyyətin dəyişməsindən və suya tələbatın artmasından danışıb. Qeyd olunub ki, zəruri tədbirlər görülməsə gələcəkdə insanlar təmiz su çatışmazlığı ilə üzləşəcək. Sonra digər ölkələrin təmsilçiləri mövcud problemlər və onların həlli yollarından danışıblar.

Qorxmaz Hüseynov qeyd edib ki, Azərbaycanda su ehtiyatları məhduddur və bu ehtiyatların 70 faizi transsərhəd çayların payına düşür. Əhalinin artımı, sənaye və kənd təsərrüfatının inkişafı nəticəsində su ehtiyatlarından istifadə sürətlə artır. Bunları nəzərə alaraq, Azərbaycanın su strategiyasında transsərhəd çay hövzələrinin su ehtiyatlarının çirklənmə və tükənmədən mühafizəsi mühüm yer tutur.

Q.Hüseynov nəzərə çatdırıb ki, Kür-Araz çayları hövzəsində yerləşən ölkələrdən yalnız Azərbaycan Helsinki Konvensiyasına qoşulub. Azərbaycan transsərhəd su siyasətini bu Konvensiyaya görə və qonşu ölkələrlə ikitərəfli müqavilələr əsasında qurur. İran ilə bu sahədə əməkdaşlığa 1963-cu ildən başlanılıb.

Sədr qeyd edib ki, Ermənistanla yaranmış münaqişə nəticəsində transsərhəd çayların su ehtiyatlarından səmərəli istifadə mümkün deyil. Bu münaqişə Azərbaycanı bəzi yerli su mənbələrində məhrum edib. Buna misal olaraq su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarını və digər su obyektlərini göstərmək olar. Nəzərə çatdırılıb ki, Azərbaycanın su infrastrukturunun yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Hazırda su təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi və içməli su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

Tədbirin sonunda növbəti illər üzrə fəaliyyət planı müzakirə olunaraq təsdiq edilib.