“Azərsu” yanında İctimai Şuraya qeydiyyat başa çatdı

“Azərsu” yanında İctimai Şuraya qeydiyyat başa çatdı
Oxunma sayı: 1094

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə yaradılan İctimai Şuraya keçiriləcək seçkilərdə iştirak üçün seçicilərin qeydiyyatı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, “Azərsu” ASC yanında İctimai Şuranın Seçki Komissiyasına vətəndaş cəmiyyəti institutlarının 64 nümayəndəsi seçici kimi iştirak etmək üçün müraciət edib. 
Həmin müraciətlər İctimai Şuranın Seçki Komissiyası tərəfindən yoxlanılıb. Təqdim olunan sənədlər qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olduğundan bütün müraciət edənlər seçici kimi qeydiyyata alınıb.

İctimai Şuraya seçkilər 25 may 2021-ci il tarixində saat 10:00-dan 15:00-dək “Azərsu” ASC-nin inzibati binasında (Moskva prospekti 67) keçiriləcək.

Qeyd edək ki, “Azərsu” ASC yanında İctimai Şura “Azərsu” ASC sədrinin 17 mart 2021-ci il tarixli 158 nömrəli əmrinə əsasən yaradılır. İctimai Şura “Azərsu” ASC-nin fəaliyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum kimi fəaliyyət göstərəcək.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, “Azərsu” ASC yanında İctimai Şura üzvlərinin say həddi 11 nəfər müəyyən edilib. İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə 16 nəfərin namizədliyi qeydə alınıb.