Dünənin dünyası

-dunenin-dunyasi
Oxunma sayı: 810

Serb yazıçısı Milorad Paviç deyirdi: "Bədənin vitamin çatışmazlığı olduğu kimi, ruhun da vitamin çatışmazlığı olur"

Yola çıxan adam mütləq kitablarla yüklənməlidir. Yolçu mütləq kitablarla öz ruhunu vitaminlə təmən etməlidir. Öz üzərində daima çalışmalı, ortaya çıxan təmayüllərdən bacardığı qədər xəbər tutmalıdır. Əks halda nə qədər səmimi olsa da, boz görünəcək. Tez yorulacaq. Gülüş hədəfinə çevriləcək. Hətta ola bilsin ki, səmimiyyəti belə onu xilas edə bilməyəcək. Əlbəttə, söhbət ideoloji yolda irəliləyən yolçulardan gedir. İdeoloji yolda addımlayan yolçular mütləq və mütləq öz ruhlarını vitaminlə təmin etməlidirlər. Yoxsa, vitaminsiz ruh ən zəif təsirlərdən belə sarsıla bilər.
Azərbaycanda xeyli adam bu aqibəti yaşayıb. 2003-cü ilə qədər müxalifət düşərgəsində olmaq, hakimiyyətə qarşı müxalif mövqedə dayanmaq bir yazarın hörmət qazanmasını, populyar olmasını şərtləndirirdi. 2003-cü ildən sonra vəziyyət dəyişdi. 2005-ci ildən sonra vəziyyət daha ağır şərtlər diktə etdi. Təəssüf ki, bir çox yazarlar öz populyarlıqlarına arxayın olaraq öz ruhlarını vitaminlə təmin etməyə lüzum görmədilər. Bəlkə də ərindilər. Yeni təmayüllərdən, yeni imzalardan, yeni filmlərdən xəbər tutmadılar. Öz üzərlərində çalışmadılar. Nəticədə çox sürətlə köhnəldilər. Onların yazıları daha əvvəlki kimi şövqlə oxunmadı. Elmir Mirzoyev demişkən, "next"ləri vurulmadı. Ən yaxşı halda Anarda, Markesdə, "İstintaq" filmində ilişib qaldılar. Bəli, hər kəs hardasa ilişib qalır. Bu, təbiidir. Sadəcə və sadəcə, çalışıb gec "ilişmək" lazımdır.
Əlbəttə, məhsul həddindən artıq çoxdur. Reklam o dərəcədə inkişaf edib ki, nəşriyyatlar, studiyalar hətta zövqlü oxucuları, tamaşaçıları belə aldatmağa müvəffəq olurlar. Əgər bir oxucu bir kitabı alıb, yarım saat vərəqləyirsə, artıq nəşriyyat öz məqsədinə nail olur. Lap oxucu həmin kitabı tənqid etsə belə, xeyri yoxdur. Ona görə əlavə vaxt itirməmək üçün lazım olan əsərləri oxumağın, lazım olan filmlərə baxmağın yolunu tapmaq gərəkdir. Bu isə çox sadədir. Zövqlü, informasiyalı adama müraciət edirsən. Vəssalam. Şəxsən mən vaxt itirməmək üçün "hansı filmə baxmaq lazımdır"- sualını Ülvi Mehtiyə, Sevda Sultanovaya, Aygün Aslanovaya ünvanlayıram. Anlamadığım yerləri rejissor dostlarımla müzakirə edirəm. Belə olduqda mən əlavə informasiyalar əldə edir, bəzən filmlərə təkrar baxıram. Stefan Sveyqin "Dünənin dünyası" əsərini oxumağı mənə zövqünə inandığım bir neçə şəxs məsləhət görmüşdü. Əsəri oxudum və həmin adamların bu əsəri oxumağımı təkid etmələrini gözəl başa düşdüm.
Sveyq çox azsaylı yazıçılardandır ki, onun qələmindən demək olar zəif məhsul çıxmayıb. Sveyqin yaşı və onun biliyi, zəngin informasiyası, mütaliəsi üst-üstə düşmür. Yəni, Sveyqin intellekti və yaşı bir-birinə tərs mütənasibdir. Bir insanın bu qədər mütaliə etməyə necə vaxt tapmasını təsəvvür etmək çox çətindir.
Sveyq yaradıcılığı həm də çoxşahəlidir. Onun hekayələri, novellaları tarixi portretləri, tarixi-bədii esseləri qədər mükəmməldir.
Sveyq məhəbbət mövzusunda yazılmış ən gözəl hekayələrdən birinin müəllifidir. "Yad qadının məktubları" hekayəsi mənim ən çox sevdiyim hekayələrdən biridir. Milliyyətcə yəhudi olan Sveyq çox kəskin dönüşlü ömür sürüb. O, əsl humanist idi.
"Dünənin dünyası" Sveyqin, əslində, intihardan əvvəl yazdığı uzun məktubdur. Sveyq Braziliyada arvadı ilə bir yerdə intihar etmişdi. Müəllifin əsərə yazdığı ön sözü oxuyanda bizə bir çox mətləblər məlum olur. Məlum olur ki, Sveyq "Dünənin dünyası"nı yazmağa başlayanda əlinin altında qeyd dəftərçəsi, arxivi, sənədləri yox idi. O, yalnız öz yaddaşına güvənmək qərarı vermişdi. "Dünənin dünyası" Avropanın tarixi, Avropanın bioqrafiyasıdır. Napoleon fırtınasından sonra Avropa insanı bir daha belə fəlakətin baş verməyəcəyini düşünürdü. Çünki Napoleon bir neçə məşhur sərkərdənin keçirdiyi döyüşlərin cəmindən daha çox döyüş keçirmişdi. Amma fəlakət baş verdi. Birinci Dünya Müharibəsi Avropanı qana boyadı. Kitab, elm, humanizm gələcəyə inam oyatmışdı. Avropa insanı böyük fəlakətin baş verəcəyinə daha inanmaq istəmirdi. Amma yenə də fəlakət baş verdi. İkinci Dünya Müharibəsi dünyanı qana boyadı. Bir çox insanlar humanizmə, kitaba, bəşəri ideyalara inamını itirdilər. Onların gözü qarşısında insanlar dəhşətli, iyrənc qırğınlar törədirdilər. Sveyq bir yəhudi olaraq bu dəhşətlərdən öz payını bolluca almışdı. Biz "Dünənin dünyası" əsərini (əslində memuarı) oxuyanda, baş verən dəhşətlərə Sveyqin həm elmi, həm də yaradıcı yanaşmasını görürük. Görürük ki, o vaxtlar Avropada fahişəlik dəhşətli dərəcədə yayılmışdı. Kişilər, yeniyetmələr yoluxucu xəstəliklərdən olmazın əziyyət çəkirdilər. Onların saçları, dişləri tökülür, qulaqları çürüyürdü. Onlar cəmiyyətdən təcrid olunur, bəziləri biabırçılığa son qoymaq üçün intihar edirdilər. Müharibələr yolxucu xəstəliklərdən olmazın əziyyət çəkən kişilər üçün göydəndüşmə fürsət idi. Onlar həvəslə hərbi forma geyinib müharibəyə gedirdilər. Çünki müharibəyə getməyin özü bəzi məqamlarda intiharın bir növüdür. Bu, bizə Tolstoyun "Anna Karenina" əsərindən yaxşı məlumdur...

"Dünənin dünyası" əsərini oxuyarkən biz yəhudilərin ailə prinsiplərindən, onların elmə, kitaba, mədəniyyətə necə önəm vermələrindən xəbərdar oluruq. Bir daha məlum olur ki, yəhudilərin arasından bu qədər elm, fikir adamlarının, yazıçıların, həkimlərin çıxması heç də təsadüfi deyil. Hər şey intizamın, zəhmətin məhsuludur. Sveyq milliyyətcə yəhudi olduğundan yəhudi ailəsinin yaşam tərzini çox incəliklə, ustalıqla yazıb.
Əlbəttə, əsərin tam olaraq dəyərini bir yazıda vermək mümkün deyil. Məqəsdim "Dünənin dünyası" əsərinin artıq Azərbaycan dilində nəşr olunduğunu, şəhərin kitab mağazalarında satıldığını oxuculara xəbər verməkdir. Düzdür, tərcümədə qüsurlar olsa da, əsəri dilimizə çevirən şəxslər böyük təşəkkürə layiqdirlər. Xüsusən, işgüzarlığı, zəhmətə vurğunluğu, mübarizliyi ilə adamı daima heyrətə salmaqdan yorulmayan Rasim Qaracaya kitabın ərsəyə gəlməsində çəkdiyi əziyyətə görə öz minnətdarlığımı bildirirəm.

MIA