“8 Martdır, anacan” - Fotosessiya

8-martdir-anacan-fotosessiya
Oxunma sayı: 2779

Bu gün uşaqlar rəsmlərin dili ilə danışırdı. Hər biri öz sənət dünyalarında “8 Martır, anacan” deyirdi.

Bütün bunlar Bakcell şirkətinin və Azərbaycana Birgə Yardım Təşkilatının (United Aid for Azerbaijan) dəstəyilə “Park Bulvar” Alış Veriş Mərkəzinin ikinci mərtəbəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan rəsm sərgisində yaşandı. 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunan sərgidə uşaqlar həmçinin canlı-canlı rəsm çəkib istedadlarını nümayiş etdirdilər. Analara həsr olunan bu rəsmləri al-əlvan güllər bəzədilər.

Rəsm sərgisi Bakcell-in Korporativ Sosial Proqramının dəstəyi ilə UAFA tərəfindən həyata keçirilən “Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırırlması” layihəsinin komponentlərindən biridir. Layihə çərçivəsində ünsiyyət problemli uşaqlara rəsm, eyni zamanda rəqs, foto, tikiş, idman dərsləri keçirilir, onlara öz fikir və təxəyyülllərini bu yolla ifadə etmək imkanı verilir.

UAFA İctimai Əsaslı Reabilitasiya Mərkəzinin meneceri Ülviyyə Mirzəyeva deyir ki, artıq iki ildir ki, bu dərnəklərə qatılan xüsusi qayğıya ehtiyacı olan uşaqların ünsiyyət bacarıqlarında ciddi inkişaf nəzərə çarpır: “Reabilitasiyaya ehtiyacı olan uşaqların valideyinləri özləri bizə müraciət edirlər. Bakcell şirkəti də 40-dan artıq üzvü olan rəsm dərnəyimizə hərtərərfli dəstək göstərir. Bu uşaqların ləvazimatlarla təminatından tutmuş, müəllimlərin əməkhaqqına qədər Bakcel şirkəti öz üzərinə götürüb”.

Rəsm müəlliməsi Aysel Əmirova müxtəlif əlilliyi olan bu uşaqların iki həftədir qadınlarımıza həsr olunmuş bu sərgiyə böyük həvəslə hazırlaşdıqlarını söylədi: “Bu uşaqlarla əvvəllər işləmək çətin olsa da, sonradan onlara elə bağlanırsan ki, hər biri doğmana, ailə üzvünə çevrilir”.

Yaponiyada keçirilən rəsm sərgisində birinci yeri tutmuş Şamxalın isə 14 yaşı var. Autizmdən əziyyət çəkən Şamxalın anası Zəhra Xələfovanın sözlərinə görə, oğlu bu mərkəzin dərnəklərinə qatıldığı gündən daim Bakcell-in bu uşaqları necə diqqətdə saxlamasının şahidi olub: “Bir valideyin olaraq Şamxalın bu dərnəklərdə fəaliyyəti üçün heç bir vəsait ödəmirik. Hər bir ləvazimat, uşaqların təhsili şirkət tərəfindən təmin olunur. Həmin diqqətin sayəsindədir ki, istedadlı uşaqlar müxtəlif yarışlarda ön yerləri tuturlar”.

Xatırladaq ki, UAFA və Bakcell “Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması” layihəsini 2010-cu ilin fevralından həyata keçirir. Layihə çərçivəsində 60 fiziki və əqli cəhətdən qüsurlu uşaq rəqs, rəsm və foto dərslərində iştirak edib. Bu fəaliyyətlərdə iştirak nəticəsində uşaqların fiziki, intellektual və sosial bacarıqlarının inkişaf etdirilməsində xeyli irəliləyiş olub.

Ötən il layihənin bir ilinin yekununda Bakcell Stars-ın dəstəyi və xüsusi qayğıya ehtiyaclı uşaqların iştirakı ilə “Əlvan arzularım” adlı möhtəşəm konsert proqramı təşkil edilib. Bakcell-in keçirdiyi SMS kampaniyası nəticəsində əldə olunan ianələr yenidən layihəyə yönəldilib. Bunun sayəsində ilk olaraq UAFA-nın Yasamal Ailə Dəstək Mərkəzində icra olunan layihə sonradan Xaçmaz və Gəncə icma əsaslı reabilitasiya mərkəzlərini də əhatə edib. Hazırda 200-ə yaxın əlilliyi olan uşaq bu proqramdan faydalanır. Dərnəklərə qatılan uşaqlar indiyə kimi bir neçə respublika səviyyəli müsabiqələrin qalibi olublar.

Nigar Məmmədli