BAAU-da əmək yarmarkası və Məzun Forumu keçirilib - Fotolar

baau-da-emek-yarmarkasi-ve-mezun-forumu-kecirilib
Oxunma sayı: 183

Bakı Avrasiya Universiteti (BAAU) Dövlət Məşğulluq Agentliyinin (DMA) Bakı Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə universitetin tələbə və məzunları üçün əmək yarmarkası və “BAAU 2026 Məzun Forumu” təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BAAU-nun rektoru, dosent Səyavuş Qasımov əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının əhəmiyyətindən bəhs edərək, tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin vacibliyini vurğulayıb. Rektor universitetlə dövlət qurumları və işəgötürənlər arasında əməkdaşlığın gənclərin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Daha sonra DMA-nin Sosial Tərəfdaşlarla İş Departamentinin müdiri Saleh Həsənov çıxış edərək əmək yarmarkalarının işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyasında mühüm rol oynadığını bildirib. O, bu cür tədbirlərin işəgötürənlərlə namizədlər arasında birbaşa əlaqələrin qurulmasına, eləcə də gənclərin vakansiyalar barədə operativ məlumat əldə etməsinə əlverişli şərait yaratdığını diqqətə çatdırıb.

Yarmarkada 43 müxtəlif müəssisə 150-yə yaxın vakansiya ilə iştirak ediblər. İştirakçılara iş öhdəlikləri, əmək şəraiti, karyera inkişaf imkanları və tələb olunan bacarıqlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, bir sıra müəssisələr tərəfindən ilkin müsahibələr aparılıb, namizədlərin CV-ləri qəbul olunub və gələcək mərhələlər üçün qeydiyyat həyata keçirilib.

Tədbir ümumilikdə tələbə və məzunların əmək bazarına yaxınlaşmasına, real iş imkanları ilə tanış olmasına və karyera planlamasını daha səmərəli şəkildə qurmasına şərait yaradıb. Təşkilatçılar gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyini və daha geniş formatlı əmək yarmarkalarının keçirilməsinin nəzərdə tutulduğunu bildiriblər.

Tədbirin 2-ci hissəsi “BAAU 2026 Məzun Forumu” ilə universitetin akt zalında davam edib. Forumda universitet rəhbərliyi, professor-müəllim heyəti, sonuncu kurs tələbələri və məzunlar iştirak edib. 

Forum 2 paneldə və fərqli mövzular əsasında BAAU-nun Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilovun moderatorluğu ilə təşkil olunub.