Bakı Sağlamlıq Mərkəzi Nərimanov bələdiyyəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirib - Fotolar

baki-saglamliq-merkezi-nerimanov-belediyyesinin-teskilatciligi-ile-agacekme-aksiyasi-kecirib
Oxunma sayı: 293

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə başda Dos. Dr. Asiman Həsənov olmaqla Bakı Sağlamlıq Mərkəzinin kollektivi Nərimanov bələdiyyəsinin yeddi hektarlıq yaşıllıq sahəsində ağacəkmə aksiyası keçirib və aksiya zamanı ümumilikdə 103 ağac əkilib.

“Qafqazinfo” xəbər verir ki, aksiya Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov  Bələdiyyəsinin sədri Təmraz Tağıyevin təşkilati dəstəyi ilə həyata keçirilib.

Təmraz Tağıyev kollektivi salamlayaraq qeyd edib ki, bu kimi aksiyalar cəmiyyətin ekoloji məsuliyyətinin artırılmasına və yaşıllıqların qorunmasına xidmət edir, eyni zamanda şəhər mühitinin daha sağlam və yaşıl formalaşmasına mühüm töhfə verir.

Aksiyada çıxış edən Mərkəzin icraçı direktoru, Dos. Dr. Asiman Həsənov bildirib ki, bu təşəbbüsün əsas məqsədi ölkəmizdə ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına daim böyük önəm vermiş Ulu Öndərin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini davam etdirmək, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğı hissini daha da gücləndirməkdir.

O, həmçinin qeyd edib ki, dahi rəhbərin əsasını qoyduğu ekoloji siyasət bu gün də uğurla davam etdirilir və İlham Əliyev tərəfindən ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Bakı Sağlamlıq Mərkəzinin kollektivi aksiyada böyük həvəslə iştirak edərək 103 ağac əkib və tədbirin sonunda xatirə şəkli çəkdirib. Bu təşəbbüs həm kollektiv ruhunun, həm də ətraf mühitə olan məsuliyyətli yanaşmanın bariz nümunəsi kimi yadda qalıb.