Bakı-Sumqayıt qatarında sıxlıq niyə yaranıb? - Video

Bakı-Sumqayıt qatarında sıxlıq niyə yaranıb?
Oxunma sayı: 1615

Bakı-Sumqayıt elektrik qatarının platformasında bu gün səhər saatlarında izdiham yaşanıb. Reyslərin sayı azaldıldığından gözləmə zalında sıxlıq müşahidə olunub, bununla da karantin qaydaları pozulub.

Bu şikayətlə “Qafqazinfo”ya sərnişinlər müraciət ediblər. Onların sözlərinə görə, nəticədə narazı sərnişinlərlə idarənin əməkdaşları arasında mübahisə yaranıb:

“Bu gün səhər Sumqayıt-Pirşağı-Bakı elektrik qatarında dəhşətli sıxlıq var idi. 16 maya qədər səhərlər 4 reys olurdu, amma hazırda o reysləri azaldıb 1 reys etdikləri üçün belə acınacaqlı mənzərənin şahidi olduq. Xırdalan reysi açılıb deyə digər reysləri azaltmağın nəticəsi budur”.

Sərnişinlər, həmçinin reyslərdə də gecikmə olduğunu bildiriblər. Belə ki, saat 08:12-də Bakıxanovda olmalı olan qatar 08:20-də stansiyaya yaxınlaşıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən yaranmış problemlə bağlı “Qafqazinfo”ya bildirilib ki, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə bağlı Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırıldığından həmin marşrut üzrə işləyən qatarlar Bakı-Pirşağı -Sumqayıt xəttinə yönəldilib:

“Mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət bərpa edildiyindən həmin qatarların əvvəlki marşrut üzrə gediş-gəlişi təmin edilib. Bu da Abşeron dairəvi dəmir yolu xəttinin hər iki istiqamətində sərnişin sıxlığı ilə müşahidə olunub. Sıxlığın aradan qaldırılması üçün tədbirlərə başlanılıb, bu məqsədlə pandemiya şəraiti ilə əlaqədar ölkədaxili sərnişin daşımalarının dayandırıldığı nəzərə alınaraq, Bakı-Gəncə qatarı müvəqqəti olaraq mayın 18-dən Abşeron Dairəvi Dəmir yolu istiqamətində sərnişinlərə xidmət göstərəcək”.

Gülnar Əliyeva