Paytaxtımızın yolları günü-gündən tıxaclanır. Tıxac probleminin aradan qaldırılması üçün müxtəlif tədbirlər görülsə də, problem elə problemliliyində qalmaqdadır. Müxtəlif prospekt və meydanlarda yeraltı dayanacaqların tikintisinə start verilsə də, yerüstündəkilər sürücülərin canını boğazına yığır. Hələ xidmətin səviyyəsini, saxladığı avtomobilini yerində tapmayanları, bir gün evakuator dalınca gəzənləri demirik!
Hazırda Bakıda qanuni fəaliyyət göstərən avtomobil parkları ilə yanaşı qeyri-qanuni fəaliyyətdə olan dayanacaqlar da var. Bu dayanacaqları isə qollarına qırmızı lent bağlamış, dilindən “ver-ver” sözü düşməyən cavan oğlan və ya yaşlı kişilər “idarə” edirlər.
Girişi dayanacaqlarla başlasaq da, əsas işimiz sürücüləri ən azı 20-30 qəpik, hətta 1 manat xərcə salan bu gəlir mənbələrinin kimlərin “çörək ağacı” olduğunu araşdırmaqdır. Daha açığı, hansı məmurun “kurasiyasında” olduğunu öyrənməkdir. Bəziləri, bu xidmətdən yığılan pulların Bakı Şəhər İcra Hakimiyyətinə, bəziləri isə Nəqliyyat Nazirliyinə, bəziləri də bələdiyyələrə aid olduğunu söyləyir. Görəsən, yol kənarlarındakı dayanacaqlar kimlərin cibini doldurur?! Bu pulların taleyi necə olur?! Ümumiyyətlə, dayanacaqlar qanuni fəaliyyət göstərirmi, vergi öhdəliyini yerinə yetirirmi?! Bu məsələ də Azərbaycanda əsas korrupsiya mənbələrindən biri deyil ki?!
Qeyd edək ki, bu gün respublika üzrə 1 milyondan artıq avtomobil qeydiyyatdadır ki, onun tən yarısı, yəni, yarım milyonu Bakının payına düşür. Deməli, yarım milyonun heç olmasa, 300 mini gün ərzində avtomobilini park edir ki, bu da bir günə ən azı 20 qəpikdən 60 min manat pul deməkdir. Bu məbləği aya, ilə də vursanız toplanan pulun miqdarını görə bilərsiniz.
Yol kənarında dayanan dayanacaqlara nəzarət edənlərdən bir necəsilə söhbətləşdik. Məlum oldu ki, onlar burada özlərinə hər hansı tanışlarının köməkliyilə iş tapıblar. Ehtiyac üzündən səhərdən axşamadək küçələrdə dayanan bu şəxslərin gündəlik gəlirləri isə dayanacaqların yerindən asılı olaraq 10-50 manat təşkil edir. Mahir adlı nəzarətçi deyir ki, o, hər avtomobil sahibindən 20-30 qəpik alır: “Aralarında bəzən imkanlıları da olur, 1 manat verir, qalığını istəmir. Və ya əksinə vermək istəməyənlər də var. Mənə də tapşırıq veriblər, bu işi həvalə ediblər. Öz başımdan gəlib dayanmamışam ki? Hər küçənin öz sahibi var”.
Sürücülər də bezib
Əhməd adlı sürücü deyir ki, elə bir küçə yoxdur ki, orada qolu lentlənmiş şəxslərlə üzləşməsin: “Yol qırağındakı qolu bağlıların əlindən bezmişik. Heç yerdə maşın saxlamaq olmur. Başımızın üstünü kəsib pul istəyirlər”.
Digər sürücü Elmar da şikayət edir ki, harada maşın saxlayırsa, qolu lentli şəxs ona yaxınlaşıb pul istəyir: “Biz də 20-50 qəpik veririk. Təki maşına nəzarət etsin. Evakuator aparmasın”.
Bir neçə il öncə ölkədəki dayanacaqların fəaliyyəti ilə bələdiyyələr məşğul olurdu. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsində də göstərilib ki, bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş yerli özünü idarəetmə qurumuna ödənilməlidir. Həmçinin, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikası Qanununun” 7-ci maddəsində göstərilir ki, kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli vergi və ödənişlər bələdiyyə gəlirləri kimi xarakterizə olunub.
Bələdiyyələrə cəmi üç manat...
İqtisadçı-ekspert Samir Əliyev “Qafqazinfo”ya müsahibəsində deyir ki, Azərbaycan qanunvericiliyinə görə, konkret olaraq 1999-cu ildə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanun qüvvəyə minib: “Hazırda Azərbaycanda bələdiyyələrin maliyyə əsaslarını tənzimləyən bu qanundur. Qanun göstərir ki, bələdiyyələrin büdcə gəlirləri bir sıra maliyyə mənbələri hesabına formalaşır. Bu gəlir mənbələrindən biri də avtomobillərin dayanacaqları üçün rüsumları alınmasıdır. Bu rüsumlar birbaşa bələdiyyə büdcəsinə köçürülməlidir. Hazırda avtomobil dayanacaqlarında yığılan pullar hara getməlidir sualına cavab olaraq deyirəm ki, bu pullar birbaşa həmin ərazidəki bələdiyyənin büdcəsinə getməlidir. Reallıqda vəziyyət bir qədər fərqlidir. Biz Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən pul yığılması hallarının şahidi oluruq. İcra Hakimiyyətindən bildirirlər ki, bu dayanacaqlar onlara məxsusdur və yığılan pul da İcra Hakimiyyətinin hesabına köçürülür. Və ya müəyyən dayanacaqlar da var ki, nə qeydiyyatdan keçib, nə də oradan yığılan pul konkret ünvana, konkret şəxslərə çatır. Hüquqi əsası olmada həmin ərazini dayanacaq kimi zəbt etmiş insanların cibinə gedir”.
S. Əliyevin sözlərinə görə, bu gün Azərbaycanda avtomobil dayanacaqlarında yığılan pulun öz təyinatı üzrə getməməsilə bağlı çoxlu suallar var. Belə ki, 2011-ci ildə Azərbaycanda fəaliyyət göstərən bütün bələdiyyələr ümumilikdə 161 min 800 manat rüsum yığıb: “Təsəvvür edin, bu, o deməkdir ki, bir bələdiyyə orta hesabla ay ərzində 94 manat pul yığıb. Bunu da günə vuranda təxminən dayanacaqlardan yığılan rüsumun həcmi 3 manat edir. Adi müşahidə aparsaq, görərik ki, dayanacaqlarda gündəlik yığılan rüsumların həcmi nəinki üç manat, üçün yanına üç sıfır əlavə ediləcək qədərdir. Burada minlərlə manat həcmində gündəlik pullar dövr edir. Ancaq, bu bir neçə min manat həcmində olan rüsumun cəmisi üç manatı bələdiyyənin hesabına köçürülür. Bələdiyyə tərəfindən yığılan rüsumun 50% -dən çoxu Bakı və Sumqayıtın payına düşür.
Göründüyü kimi, reallıq ondan ibarətdir ki, bələdiyyələr bu prosesə müdaxilə edə bilmir. Onları yaxın buraxmırlar. Bir tərəfdən Bakı Şəhər İcra Hakimiyyəti, digər tərəfdən məlum olmayan qruplar. Bu sahədə konkret qanunsuzluqlar var və onların aradan qaldırılması daha vacibdir. Bu məsələ küçə reklamlarında da özünü göstərir”.
Dayanacaqlar merin əlindən çıxıb
Bakı Şəhər icra Hakimiyyətinin rəsmi saytında dayanacaqlara nəzarət edən xüsusi departamentə və ya şöbəyə rast gəlmədik. Burada sual olunur, bəs yığılan pulları kim, İcra Hakimiyyətinin hansı departamenti yığır?
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovla əlaqə saxladıq. Ə. Bağırov “Qafqazinfo”ya bildirdi ki, avtomobil dayanacaqları artıq onların səlahiyyətində deyil: “İki ildən çoxdur həmin dayanacaqlar bizim departamentdən alınıb. Hazırda bu dayanacaqlara Nəqliyyat Nazirliyinin departamenti nəzarət edir”.
Məlumunuz olsun ki, hazırda avtomobil dayanacaqlarından daxil olan ödənişləri Nəqliyyat Nazirliyi yığırmış. Bir neçə il öncə Nazirlik bu vəsaitləri öz nəzarətinə götürüb və müvafiq strukturu dayanacaqlardan daxil olan ödənişləri toplayır. Bu istiqamətdə dövlət siyasətini bu qurum həyata keçirdiyi üçün Bakı Şəhər İcra Hakimiyyəti də prosesə nəzarətdən imtina edib.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov saytımıza açıqlamasında bəzi məqamlara aydınlıq gətirdi. Nazirlik nümayəndəsi söylədi ki, əvvəllər dayanacaqların məsələsində qarışıqlıq var idi: “Mövcud dayanacaqların bir hissəsinə Bakı Şəhər İcra Hakimiyyəti, digər hissəsinə Nəqliyyat Nazirliyi nəzarət edirdi. Amma indi bu məsələ həll olunub. Paytaxtdakı bütün dayanacaqlar “Bakısərnişinnəqliyyat” MMC-nin nəzarətinə verilib. Bu dayanacaqlar da MMC ilə müqavilə əsasında fəaliyyət göstərir. Bu məsələ qanuni əsaslarladır. Belə ki, həmin dayanacaqlarda sürücülərdən alınan rüsumun əvəzində çek verilməlidir. Yığılan vəsait də büdcəyə gedir”.
N. Həsənov onu da bildirdi ki, “Bakısərnişinnəqliyyat” MMC yaxın vaxtlarda nəzarətində olan dayanacaqların xəritəsini hazırlayacaq, onların uyğun yerlərini müəyyənləşdirəcək. Qanuni dayanacaqların dəqiq sayı da ondan sonra bilinəcək: “Təəssüf ki, yalandan, qeyri-qanuni fəaliyyət göstərən dayanacaqlar da var ki, vətəndaşları aldadaraq pul yığırlar. Artıq nazirlik tərəfindən araşdırmalara başlanılıb. Qeyri-qanuni fəaliyyət göstərən həmin dayanacaqları işlədənlər barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.
N. Həsənov sürücülərin nəzərinə onu da çatdırdı ki, çek verməyən dayanacaqlarda heç bir ödəniş etməsinlər: “Dayanacaqda çek verilmirsə, bu, onun qanunsuzluğundan xəbər verir. Kimsə gəlib yolun kənarında sürücülərdən pul yığa bilər, ancaq, bu, o demək deyil ki, onlar Nəqliyyat Nazirliyinin və ya “Baksərnişinnəqliyyat”ın işçiləridir. Ona görə də, sürücülər ondan pul tələb edən şəxsdən hansı qurumla müqaviləsinin olmasını öyrənməli və ya çek tələb etməlidir. Sürücü yol kənarında ondan pul istəyən şəxslərə pul verməsin. Ondan hansı səbəbdən pul almasını soruşsun. Kimsə özü pul verirsə, buna Nəqliyyat Nazirliyi neyləsin?”
Sonda Vergilər Nazirliyi ilə əlaqə saxladıq. Nazikdən öyrəndik ki, paytaxtda fəaliyyət göstərən dayanacaqlar fərdi vergi ödəyicisi hesab olunmur.
Nigar Məmmədli