“Bakıdakı tədbir qlobal məsələlərin müzakirəsinə həsr olunacaq” - Yenilənib

bakidaki-tedbir-qlobal-meselelerin-muzakiresine-hesr-olunacaq
Oxunma sayı: 795

“Bakıda keçiriləcək WUF13 forumunun mövzusu birbaşa olaraq yaşayış yerlərinin təhlükəsiz və əlçatan olması ilə bağlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu WUF13-ün milli koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini Gülşən Rzayeva deyib.

Onun sözlərinə görə, dünyada 1 milyard insan qeyri-formal şəraitdə yaşayır: “Bu tədbir bu kimi qlobal məsələlərin müzakirəsinə həsr olunacaq. Sözügedən forum Azərbaycan üçün növbəti strateji platformadır. Burada ölkəmizin qabaqcıl təcrübələrini təqdim etmək üçün imkanlar yaranacaq”.

O həmçinin insanlarda şəhərsalmaya yanaşmaların formalaşmasında medianın böyük rolu olduğunu qeyd edərək foruma qeydiyyatın davam etdiyini bildirib.

Xatırladaq ki, WUF13 bu il mayın 17-22-si keçiriləcək.

***

“Bu gün burada olmaq mənim üçün şərəfdir. İlk növbədə gözəl əməkdaşlığa görə Azərbaycan hökumətinə təşəkkür edirəm”.

Bunu BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru çıxışı zamanı deyib.

Forumun tarixi barədə danışan Yemeru bildirib ki, WUF 2021-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib və gözləntilər bu forumun qlobal maraqlı tərəfləri və eskpertləri bir araya gətirərək şəhərsalma və məskunlaşma sahəsində dialoqu təşviq etməkdir: “İndiyə kimi WUF12 müxtəlif şəhərdə keçirilib. Sonuncu forum 2024-cü ildə Qahirədə təşkil edilib və burada 180 ölkədən nümayəndə heyətləri iştirak edib”.

Forumun əhəmiyyətindən danışan Yemeru hazırda dünyada yaşayış yerləri ilə bağlı böhranın kəskin vəziyyət aldığını vurğulayıb. Onun sözlərinə görə, 3 milyarda yaxın insanın adekvat yaşayış yeri yoxdur.

***

Tədbir zamanı rəsmi WUF13.az saytı təqdim edilib. 

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Rəqəmsal Marketinq Şöbəsinin rəhbəri Elnur Mirzəzadə bildirib ki, saytın istifadəyə verilməsində məqsəd beynəlxalq tədbirin iştirakçılarının məlumatlara vahid və sürətli çıxışını təmin etməkdir.

Günel İbrahimova