Bakıdan Qəbələyə hər gün qatar gedəcək

bakidan-qebeleye-her-gun-qatar-gedecek
Oxunma sayı: 2471

Yanvarın 12-dən etibarən ilk dəfə Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlanılacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) məlumat yayıb.

Bildirilib ki, bu, Gəncə-Mingəçevir-Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsinə, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.

Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.

Sərnişinlər ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə Goran, Yevlax, Ləki  və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edəcək.

Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək.

Belə ki, Bakı-Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə-Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkün olacaq. Sərnişinlər Qəbələ-Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax-Bakı qatarı ilə Bakıya gələ bilərlər.

Biletləri bu gündən etibarən ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.