“Baku Steel Company” QSC 1-3 mayda keçirilmiş III Beynəlxalq Xalça Festivalında poladın sənaye estetikası, müasir incəsənət və milli irs motivlərini özündə birləşdirən ekspozisiya təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, festival İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilib.
“Baku Steel Company” QSC (bundan sonra – BSC) tədbirin tərəfdaşı qismində çıxış edib.
Bu il festivalın beynəlxalq coğrafiyası genişləndi. Ötən ilin iştirakçıları olan Azərbaycan, Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Türkmənistan və Gürcüstana Qırğızıstan, Mərakeş, Nepal və Meksika qoşulub.
Festivalın tərəfdaşı qismində BSC həmçinin tədbirə dəstək göstərib və “Baku Steel Art” Beynəlxalq Metal Simpoziumları çərçivəsində yaradılmış əsərləri - rumıniyalı heykəltəraş Petre Virgiliu Moqoşanunun “Məhdud məkanda hərəkət”, azərbaycanlı heykəltəraş Teymur Qəribovun “İntizam - transformasiyanın nəticəsidir”, Leyla Qabulovanın “Sükut axını” və Gursel Ələmşahovun “Su yoxdursa, həyat yoxdur”u təqdim edib.
Xüsusi olaraq festival üçün hazırlanmış “Polad ilmələr” instalyasiyası ekspozisiyada ayrıca yer tutub və həm böyüklər, həm də uşaqlar tərəfindən maraqla qarşılanıb. Azərbaycan xalçaçılıq mədəniyyətinin Qarabağ qrupuna aid ən tanınmış nümunələrindən biri olan Malıbəyli xalçasından ilhamlanan pazl formasında kompozisiya armaturdan hazırlanmış konstruksiyada yerləşdirilmiş və ənənəvi ornamenti poladın sənaye estetikası ilə birləşdirilib.
BSC-nin Beynəlxalq Xalça Festivalında iştirakı şirkətin sosial-mədəni layihələrə verdiyi əhəmiyyəti, eləcə də “Baku Steel Art” platforması vasitəsilə sənaye və incəsənətin birləşdirilməsi istiqamətində ardıcıl fəaliyyətini əks etdirir. Layihə şirkətin Azərbaycanın mədəni irsinin populyarlaşdırılmasına və onun beynəlxalq səviyyədə təşviqinə töhfəsini vurğulayır.







Son xəbərlər
Son Xəbərlər