Baltaya prezident neyləsin

baltaya-prezident-neylesin
Oxunma sayı: 650

Əslində, çoxunun da dediyi kimi heç kəs başqasının ailəsində nələr olub-bitdiyini bilməz. Biz beləyik? Dərdimizi, problemimizi içimizdə gəzdirib –gəzdirib çölə çıxarmarıq. Nəticə isə bəzən belə olar, ürəkağrıdan. Sevincin atasının da qızı dünyaya gələndə sevinməyinə şübhə etmirəm. Qız atası... Axı bu ata günün birində övladını niyə belə vəhşicəsinə öldürsün? Baxın, prokurorluq yenə də vəziyyətə digər ailə faciələrinə baxdığı( qısqanclıq zəminində) kimi baxır. Adi, normal, olabiləcək, bəlkə də gözlənilən. Niyə bu ata ailəsini öldürüb özünü də asmalıdır? Çox hirslənib, affekt deyilən son həddə çatıb. Öldürəndən sonra bəs hirsi niyə soyumayıb? Özünü niyə öldürüb? Bir evdən üç meyitin çıxması dəhşətdir.

Əslində deyəcəklərim qətllərlə əlaqədar prezidentə edilən müraciətlə bağlıdır. Fikrimcə, bir qrup hörmətli hüquq müdafiəçilərinin müraciətində yarımçıq qalan məqamlar var. Hüquq müdafiəçiləri məlum faciədə qadın zorakılığını qabardır, ana-balanı öldürən qatil ailə başçısını qınayır. Razıyam, Azərbaycanda ailə zəminində baş verən faciə, qətillər artıq qulaqlarımızı yorub. Bəzi televiziya kanallarında(bu kanalların da bu qətllərdə rolu var) açıq-aydın ölüm, qanla dolu səhnələr yuxumuzu qaçırdıb, ürəyimizi bulandırıb. Amma unutmayaq ki, çox halda qətllər kişilər tərəfindən baş versə də, qadınların da rolu az deyil. Axı qadınlarımız da artıq kişi cinsinə əl qaldırmağa, bıçaq, balta çıxarmağa başlayıb. Son beş ildə baş verən ağılagəlməz qətliamlar nəyin göstəricisidir? Bizim cəmiyyətdə qadın, kişi yerini bilməz olub. Kişilər vəhşiləşib deyirlər, amma qadınlarımız da çox zaman yolunu azmış vəziyyətə düşürlər. Bunu deməklə bəzi qatil kişilərə haqq qazandırmaq istəməzdim. Doğru başa düşün, hüquq müdafiəçilərinin müraciətində məlum faciədə atanın da özünə qəsd etdiyi unudulur. Bu atanı şəhər yerində baltayla övladını, ömür-gün yoldaşını öldürməyə nə vadar edə bilər? Bizim dərdimizin kökü kirlənmiş, yiyəsiz qalmış cəmiyyətimizdir. Bu cəmiyyəti sağlam insanlar qurmalı, onlar yön verməlidir.

Cəmiyyət qurmaq dövlət qurmaqdan da vacib və çətindir. Sağlam cəmiyyətin xəstə ailəsi ola bilməz. Bizim cəmiyyət insanı hər işə, hər əmələ məcbur edir. Bizim insanımızın psixikası korlanıb, zədələnib. Elə bil hamı bir –birinin qanına susayıb, hamı kin, nifrət qusmağa kodlaşdırılıb. Kimi bu nifrətini adamların cibinə girməklə, kimi başqasının ailəsinə zorla soxulmaqla, kimi sosial problemləri zorlamaqla nümayiş etdirir. Bizim dərdimiz əri tərəfindən qadını döyməyə öyrəşdirib, günün birində isə meyidini çıxarmaq deyil. Dərdimiz başqadır. Bu heç şeytana uymaq, əlindən qəza çıxmaq da deyil. Buna başqa ad qoymaq, başqa çarə tapmaq gərəkdir.

Qaldı ki, prezidentə müraciətin edilməsinə. Axı prezident bir insanın balta götürüb ailəsini yox etməsinə nə edə bilər ki?..