Batabatdakı dünyanın yeganə üzən adasından - Reportaj

batabatdaki-dunyanin-yegane-uzen-adasindan
Oxunma sayı: 30238

“...Adada yeyib içməyə başımız necə qarışmışdısa, bir də gördük, düz gölün ortasındayıq. Daha üzə bilənlər üzərək qayıtdı, digərlərini də bir təhər bu tərəfə keçirə bildik”.

Əgər sürücü təsadüfən bu əhvalatı danışmasaydı, yəqin, biz üzən adaya baş çəkməmiş Naxçıvan səfərini başa vuracaqdıq. Hərçənd ki, üzən ada haqqında çox eşitsək də, bunun sadəcə şayiə olduğunu düşünürdük. Üstəlik, onu da öyrəndik ki, dünyanın yeganə üzən adası elə Batabat gölündə imiş.

"Qafqazinfo"nun oxucuları üçün Naxçıvan, əhalisi və digər müşahidələrimizlə bağlı növbəti yazıda ətraflı bəhs edəcəyik, bu reportajda Kiçik Qafqaz dağlarının incisi olan Batabat gölündən yazacağıq.

Yola çıxmazdan öncə bələdçimiz uzaqdan görünən qarlı dağları göstərib gedəcəyimiz ünvanın ora olduğunu söylədi. Bu vaxt kimsə “Daha deyərdiz, əlcək, papaq götürərdik”- deyə maraqlı bir replika atdı. Mərkəzdə havanın temperaturu müsbət 30-31 dərəcə olduğu üçün uzaqdan görünən qar belə insana sərinlik gətirirdi. Və budur, Batabat gözəlliyini görmək üçün Şahbuz dövlət təbiət qoruğuna yol aldıq.

Məlumat üçün deyim ki, qoruq dəniz səviyyəsindən 2200-2400 m hündürlükdəki dağlıq sahələri, Batabat gölü və Biçənək aşırımı ərazilərini əhatə edir. Fauna və flora aləmi çox zəngin olan bu ərazi Naxçıvanın əsas turizm məkanlarındandır. Dağlıq hissədə Biçənək və Yuxarı Qışlaq və digər kənd sakinləri əsasən maldarlıq və əkinçilik fəaliyyəti ilə məşğul olur. Yol kənarında görünən əkin sahələri, dirriklər də Şahbuz əhalisinin əməksevərliyindən xəbər verir. Bundan başqa, ən ucqar kəndlərə kimi uzanan sarı qaz boruları, yollarda qarşılaşdığımız göyə boyanmış yük maşınları, əlvan geyimli kənd camaatı yaşıllıqlar içərisinə xüsusi bir gözəllik qatırdı.
Fəslin yay, ya da qış olmasından asılı olmayaraq havası hər zaman sərin olan bu ərazi imkanlı şəxslərin də marağını cəlb edib. Belə ki, Biçənək kəndindən gölə yaxınlaşdıqca əzəmətli köşklərin, villaların artmağa başlayır. Yol yoldaşlarımızın sözlərinə görə, ərazidə bir sot torpağın qiyməti də 5-7 min arasında dəyişir.

Düzü, yolumuz bir az uzaq və dağlıq əraziyə olduğu üçün yolların kələ-kötür, dolanbaclı olmasını gözləyirdim. Ancaq onu deyə bilərəm ki, əgər Sabunçu, Biməqədi, Dərnəgül yolları oradakı asfaltı görsəydi, xəcalətində öz çuxurlarını özü doldurardı. Biçənək aşırımının cənub-qərb hissəsinin sürüşmə zonası olması belə yollara hər hansı bir təsir göstərməyib. Yol kənarında hələ də yeni fidanların əkilib suvarıldığını görə bilərik.

“Yığdıqları çaşırı almaq üçün 20 manat təklif etdim, ancaq heç kim satmaq istəmədi”

Avtobusumuz yüksəkliyə doğru qalxdıqca havanın temperaturunun aşağı düşdüyü aydın hiss olunurdu. Hətta təzyiq fərqinə görə başı ağrıyanlar da az olmadı. Əvvəldə qeyd etdiyim kimi, qoruq ərazisi flora baxımından çox zəngindir. Odur ki, yolun sağ və sol tərəflərində ələyiz, cаşır, pencər kimi bitkilər yığanların sayı xeyli çox idi. Əsasən dağlıq ərazilərdə bitən və bu regiona xas olan bitkilər Naxçıvan süfrəsinin əsas yaraşığıdır: Yol yoldaşımız bir dəfə çaşır yığanlara 20 manat təklif etsə də, yığdıqları çaşırı ona satmadıqlarını söylədi: “Dedilər ki, özləri üçün yığırlar, nə qədər pul təklif etsən də, satan deyillər”. Onu da bildirək ki, çaşır süfrədə sevildiyi kimi həm də müalicəvi dərman bitkilərindən sayılır. Araşdırmalar nəticəsində bu bitkinin xərçəng hüceyrələrini məhv etdiyi də məlum olub.

Başımızı qaldıranda bayaq bələdçimizin göstərdiyi zirvəsi qarla örtülmüş dağın, Salvartının düz ətəyində olduğunu gördük. Ətrafdakı irili-xırdalı göllərdən də aydın olurdu ki, varmaq istədiyimiz ünvana artıq lap yaxınlaşmışıq. Odur ki, avtobusumuzdan enib qalan yola piyada davam etmək qərarına gəldik. Bu vasitə ilə həm ətrafı daha rahatlıqla incələyə bilərdik, həm də ki bitki yığan sakinlərlə 5-10 cümlə söhbətləşək.

Elə bu məqamda Həqiqət xala ilə qarşılaşdıq...Torpağı çox ehtiyatla qazmasından nəyəsə xətər yetirməkdən qorxduğu açıq aydın hiss olunurdu. Elə hiss etdiyimiz kimi də oldu, Həqiqət xala dağ nərgizi tapdığını və bunun çiçəyinin çox gözəl olduğunu həvəslə bizə başa salmağa başladı:

“Hər dəfə ailəlikcə buraya gəlib həm istirahət edirik, həm də ələyiz, pencər, çayır yığırıq. Bu, dağ nərgizidir. Ehtiyatla qazıb çıxarıram ki, kökünə zərər dəyməsin. Bunlar isə dağ sarımsağıdır. Təzə-təzə yeyilir”.

“Qarşıda Batabat gölü, arxada erməni postları”

Həqiqət xalayla sağollaşıb Batabat gölünə tərəf yollanırıq. Ağsu perevallarından heç də geri qalmayan yolun ardından sıldırım qayalıqlar, bayaq heyrətlə uzaqdan izlədiyimiz başı qarlı Salvartı dağının zirvələri görünür. Dağların kəsişməsində yerləşən Batabat yaylası güclü turizm potensialına malikdir. Uzaqdan dağların zirvəsində erməni postlarının görünməsinə baxmayaraq sakinlər buraya gələrək rahat şəkildə öz pikniklərini edir, istirahətlərini keçirirlər. Bələdçimizin sözlərinə görə, Qarabağ döyüşlərində ermənilər Naxçıvandan sadəcə 1 kənd ala bilib. O da ki, Rusiya təxribatı ilə. İndi də əsgərlərimizə tam güvəndikləri üçün ürək rahatlığı ilə süfrə açıb təbiətdən zövq alaraq istirahət edirlər.

Gölə çatdığımız zaman ilk işimiz məşhur “Üzən ada”nın harada olmasına baxmaq oldu. Sfaqnum mamırlarından əmələ gəlmiş ada gəldiyimiz zaman göl kənarında olsa da, külək əsdikcə yavaş –yavaş mərkəzə doğru hərəkət edirdi. Üç göldən ibarət olan Batabat su anbarı gözəl mənzərəyə sahib olmaqla yanaşı suvarma üçün də istifadə olunur. Zorbulaq çayı və qismən atmosfer çöküntüləri hesabına formalaşan gölün ümumi su tutumu təqribən 3 milyon m³-dir.

Batabat yaylasında xeyli sayda mineral bulaqlar var ki, onlardan biri də Zorbulaqdır. Adının mənasını soruşduğumuzda sudan bir qurtum içdiyimiz zaman anlayacağımızı dedilər. Bəli, buz kimi bulağın suyundan nəinki içmək, əl vurmaq belə sözün əsl mənasında zor idi.

Son olaraq istirahət guşələrinin ən böyük problemi olan təmizlik məsələsinə toxunmaq istəyərdik. Necə ki, Naxçıvan ərazisində gəzdiyimiz zaman bir toz belə görməmişdik, elə Batabat yaylasına piknik üçün gələnlər də hər zaman görməyə alışdığımız istirahətçilər kimi arxasında zibillik qoyub getmirlər. Göl ətrafında və yaxud yaylaq ərazisində artıq bir şey görmək olmaz. Təbiətçilərin belə bir ifadəsi var ki, insan ayağı dəyməyən hər yer cənnətdir. Ancaq Batabatda gördük ki, insan insan olduqda Cənnət də olduğu kimi qalır.

Günel Hacı

Fotolar: Nuran Məmmədov