Həmin mükafat Navalnıya veriləcək

hemin-mukafat-navalniya-verilecek
Oxunma sayı: 4085

Rusiyanın həbsdə ölən keçmiş müxalifət lideri Aleksey Navalnıya Drezden Sülh Mükafatı veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Deutsche Welle” məlumat yayıb.

Bildirilib ki, mayın 12-də keçiriləcək mərasimdə Almaniyanın keçmiş prezidenti Yoahim Qauk çıxış edəcək.

Agentliyin məlumatına görə, Qauk müxalifətçini “bütün layiqli rusların simvolu” kimi qiymətləndirəcək.

10 min avro mükafatı onun arvadı Yuliya Navalnaya qəbul edəcək.

“Müxalifət siyasətçisinin müqaviməti onun fəaliyyətini davam etdirən bütün hüquq müdafiəçiləri üçün ruhlandırıcı nümunə olub və belə də qalır” , - deyə təşkilat qrupu 2024-cü il mükafatının ölümündən sonra verilməsinin səbəbini belə əsaslandırıb.

Qeyd edək ki, Drezden Sülh Mükafatı 2010-cu ildən bəri hər il verilir. 2024-cü ilə qədər mükafatlandırma mərasimi Drezdendə 13 fevral - Müharibəni Anma Günündə Semper Opera Teatrında keçirilirdi. Bu il mükafat ilk dəfə mayın 12-də Dövlət Drezden Teatrında təqdim olunacaq. Mükafat Almaniyanın SAP şirkətinin həmtəsisçisi Klaus Tschira Fondu tərəfindən maliyyələşdirilir.

Belə ki, mükafat hər il sülh və beynəlxalq anlaşma işinə töhfələr vermiş şəxslərə verilir. Əvvəlki mükafatçılar arasında keçmiş SSRİ prezidenti Mixail Qorbaçov, israilli pianoçu və dirijor Daniel Barenboim, amerikalı sənədli rəssam Ceyms Naxtvi və hərbi analitik Daniel Ellsberq var.

Xatırladaq ki, 47 yaşlı A.Navalnı fevralın 16-sı Yamalo-Nenets Muxtar Dairəsində yerləşən “Polyarnıy volk” xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.