Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və “Azera Holdinq”in direktoru Akif Əliyev əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.
“Qafqazinfo” xəbər verir ki, ölkənin aparıcı özəl sektor təmsilçiləri ilə əməkdaşlığın genişləndirilməsini hər zaman yüksək qiymətləndirən rektor Elçin Babayev bu əlaqələrin tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkilinə, tələbə və məzunların məşğulluğunun təmin olunmasına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib.
Ölkənin özəl sektorunda 20 ilə yaxın təcrübəyə malik “Azera Holdinq” ilə əməkdaşlığın ilkin fazasında əsasən kadr hazırlığı və tələbələrin təcrübə proqramlarına cəlb olunacaqlarını söyləyən E. Babayev gələcəkdə birgə tədqiqat işlərinin aparılması, elmi, elmi-kütləvi, sosial tədbirlərin keçirilməsi üçün də universitetdə münbit şəraitin olduğunu diqqətə çatdırıb.
Səmimi qəbul üçün təşəkkürünü bildirən “Azera Holdinq”in direktoru Akif Əliyev rəhbərlik etdiyi qurumun çoxşaxəli fəaliyyəti, layihələr, korporativ sosial məsuliyyət proqramları çərçivəsində tələbələrə yönəlik tədbirlər barədə geniş məlumat verib. Ölkə üçün yüksək ixtisaslı kadr hazırlığında BDU-nun rolunun əvəzsiz olduğunu, son illər universitetdə müasir texnologiyaların geniş tətbiqini yüksək qiymətləndirdiyini bildirən Akif Əliyev məzun olduğu BDU-nun son illərdəki uğurlarına sevindiyini gizlətməyib. O, imzalanan memorandumun hər iki qurum üçün faydalı olacağına, tələbələrin təcrübə qazanmasına və karyera imkanlarının artırılmasına təkan verəcəyinə əmin olduğunu qeyd edib.
Daha sonra imzalanma mərasimi təşkil olunub. Memorandum bəndlərində tərəflərin müxtəlif istiqamətlər üzrə ortaq tədqiqatlar aparması, BDU tələbələrinin holdinqdə təcrübə proqramlarına cəlb olunması, tələbə və gənc tədqiqatçılar üçün mentorluq, seminar və təlim proqramlarının təşkili, startap və innovativ layihələrin dəstəklənməsi kimi məsələlər öz əksini tapıb.
Sonda xatirə fotosu çəkilib.






Son xəbərlər
Son Xəbərlər