“Belə mühüm tədbiri keçirməkdən qürur duyuruq” - Prezident

bele-muhum-tedbiri-kecirmekden-qurur-duyuruq-
Oxunma sayı: 2550

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilir.

QafqazinfoTrend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı açılış mərasimində nitq söyləyib.

“Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq”, - deyən Prezident bildirib ki, tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə ediblər. 

Prezident qeyd edib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub. İlk demokratik respublika iki il yaşasa da, demokratik ənənələrin əsasını qoyub. O vaxt qadınlara seçib-seçilmək hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür: "2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiyyət idi. Sonra bu, “Bakı Prosesi” adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir".

Prezident deyib ki, bu il oktyabr ayında Roma Papası Fransisk Azərbaycana səfər etdi, dini icmaların rəhbərləri ilə görüşdü: "Roma Papası Bakıda dinlərarası dialoqun mövcudluğundan danışdı. Bu, bizim əldə etdiyimiz nəticədir. Çünki bu gün dünyada dini, etnik toqquşmaları görürük və bu, bizi çox narahat edir. Ona görə də biz öz multikulturalizm siyasətimizi ortaya qoymuşuq. Biz əməkdaşlığın tərəfdarıyıq”.

Dövlət başçısı qeyd edib ki, müxtəlif etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və anlaşma şəraitində yaşayırlar. Biz istərdik ki, regionda və dünyada da bu sahədə müsbət inkişaf getsin.

Ölkəmizin iqtisadi uğurlarından danışan dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan iqtisadiyyatı bir mənbədən asılı deyil, şaxələndirilib.

İqtisadiyyatımızın şaxələndirilməsi davam edəcək. Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizi, Aralıq dənizi, Asiya ilə Avropa birləşdirilir. “Cənub Qaz Dəhlizi” layihəsinə 45 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın böyük qaz ixracatçısına çevrilməsinə imkan verəcək. Bizim enerji əməkdaşlığımız milli maraqlara əsaslanır. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir, ancaq müvafiq infrastruktur yaradılmalıdır. Şimal-Cənub, Şərq-Qərb dəhlizi Azərbaycanın ixrac və tranzit potensialını genişləndirəcək. Həmin dəhlizlərin qurulması üçün sərmayə qoyuruq, eyni zamanda, qonşularımıza kömək edirik. Təhlükəsizlik olmadan bu layihələrin heç biri həyata keçirilə bilməz. Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi siyasət bütün region üçün vacibdir. İlham Əliyev Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirildiyini söyləyərək deyib ki, 250 min qaçqın və məcburi köçkün yeni qəsəbələrdə yerləşdirilib. Azərbaycanda əhalinin təhsilinə xüsusi diqqət yetirilir, bu sahədə 100 faiz göstəriciyə nail olunub.

Birinci Avropa Oyunlarının Bakıda keçirildiyini xatırladan Prezident diqqətə çatdırıb ki, gələn il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Medianın dəstəyi olmadan bu, mümkün deyil.

Sonra UNESCO-nun baş direktoru xanım İrina Bokovanın videomüraciəti nümayiş etdirilib.

Daha sonra UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida çıxış edib.