Əli Abbasovdan 3 G lisenziyası - Qərar

eli-abbasovdan-3-g-lisenziyasi-qerar
Oxunma sayı: 687

Nazirliyin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov cari ilin 9 ayında İKT sektorunun ayrı-ayrı sahələrində həyata keçirilən islahatlardan danışıb, gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd edib.
2011-ci ilin 9 ayı ərzində sektor üzrə qeydə alınan nəticələr barədə çıxış edən məruzəçi bildirib ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 12,4%, o cümlədən, telekommunikasiya sektorunda 8,3%, İT sektorunda 1,6 dəfə, informasiya sektorunda isə 38,8% təşkil edib.
Hesabat dövründə mobil abunəçilərin sayı 10 milyona yaxın, əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 15, internet istifadəçilərinin sayı isə 60-a bərabər olub. Bu isə ümumdünya orta göstəricilərini 2 dəfədən çox üstələyir.
Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər.
Kollegiyaya yekun vuran nazir qəbul olunmuş Dövlət proqramlarının icrası, “Elektron-hökumət” layihələrinin reallaşdırılması, rəqəmsal televiziyanın tətbiqi, poçt sektorunda bank xidmətlərinin genişləndirilməsi, Regional İnformasiya Xidmət mərkəzlərinin, özəl sektorda sağlam rəqabət mühitinin yaradılması, bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya”dan irəli gələn məsələlərin həllinə nəzarətin gücləndirilməsi, əhaliyə göstərilən rabitə xidmətlərinin, eləcə də xidmət mədəniyyətinin yüksəldilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin və məsələlərin icrasının təmin olunması, eyni zamanda bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verib.
Kollegiyada “Azercell” və “Bakcell” operatorlarına “3G” mobil rabitə xidməti göstərməsi üçün lisenziyaların verilməsi ilə bağlı qərar qəbul edilib, eyni zamanda, nazirliyin müvafiq qurumlarına və 3 mobil operatora dünyada ən müasir olan “4G” (LTİ) mobil rabitə xidmətinin tətbiqi üçün texniki və hüquqi normalara uyğun təkliflərin verilməsi tapşırılıb.

Nigar Məmmədli