“Berat Albayrak Azərbaycana qarşı düşmənçiliyini çıxışlarında da büruzə verir”

berat-albayrak-azerbaycana-qarsi-dusmenciliyini-cixislarinda-da-buruze-verir
Oxunma sayı: 10760

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sosial şəbəkə seqmentində, o cümlədən, bəzi media qurumlarında Azərbaycana yönəlik qərəzli kampaniyalarla bağlı açıqlama verib.

ABŞ və İsrailin İrana hücumu kontekstində Azərbaycanın yürütdüyü dövlət siyasətini qaralamağa çalışan tezislərin Türkiyə mediasında yer tutmasını pisləyib. İdarənin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) adından yayılan açıqlamada vurğulanır ki, bu cür kampaniyalar iki dövlət arasında münasibətlərin ruhuna ziddir. “Cəmiyyəti qardaşlığımıza zərər verəcək dezinformasiyaların təsirinə düşməməyə, qara təbliğata qarşı diqqətli davranmağa çağırırıq”, – deyə müraciətdə qeyd olunur.

DMM-in bəyanatı alqışlanmalı, təqdir edilməlidir. Amma bəzi nüanslar var. Belə ki, 2022-ci ildə yaradılmış Dezinformasiya ilə Mübarizə Mərkəzinin əsas hədəfi rəqəmsal mediada, sosial şəbəkə platformalarında sürətlə yayılan feyk xəbərlərlə sistemli şəkildə mübarizə aparmaqdan, xəbər gündəminə yeridilən dezinformasiyaları çevik şəkildə aşkarlayıb, reaksiya verməkdən ibarətdir. Onun əlahiddə formada yaradılmasının ümdə səbəbi çeviklikdir. Mərkəz öz missiyasını yerinə yetirmək üçün 24/7 fəaliyyət göstərir, sosial şəbəkələri (Twitter/X, Instagram, TikTok, Facebook və s.), xəbər saytlarını və bloqları daimi nəzarətdə saxlayır. Dezinformasiya xarakterli məlumatları görərkən, onları operativ şəkildə bloklayır. Yəni dezinformasiyalar, feyk məlumatlar geniş şəkildə tirajlanmadan, ictimai rəyə ciddi zərər vurmadan cəld şəkildə bloklanır, xəbər gündəmindən silinir.

Azərbaycanla bağlı yayılan son dezinformasiyalar DMM tərəfindən pislənilsə də, onların zərərsizləşdirilməsində çeviklik görünmədi. Reaksiya gecikdi. Nəticə olaraq kampaniya genişləndi, ictimai rəyə nüfuz etdi və bizdə haqlı rahatsızlıq yaratdı. Əlavə olaraq, xətaya yol vermiş KİV-lərə, sosial şəbəkə profillərinə qarşı görülən tədbirlərdə natamamlıq, yetərsizlik var. Anti-Azərbaycan kampaniyaları dövri olaraq gündəmə gətirən subyektlərə münasibətdə cəzasızlıq görünür. Bu cür cəzasızlıq və ləng tərpəniş kimlərisə ruhlandırır, öz neqativlərini təkrarlamağa sövq edir. 

Məsələn, müşahidələr göstərir ki, Türkiyədə təşkil olunan anti-Azərbaycan kampaniyaların arxasında, əsasən, Berat Albayrak və onun təsir dairəsində olan “Turkuvaz Media Group” dayanır. İran gərginliyi kontekstində ölkəmizə qarşı dezinformasiyaların yaradılması onun ilk və ya sonuncu təxribatı deyil. Biz bu adı geniş mənada 2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti-SOCAR-a qarşı Türkiyədə təşkil olunan təxribatlar fonunda gördük. “Turkuvaz Media Group” na daxil olan media həmin dövrdə SOCAR-a qarşı heç bir əsası olmayan dezinformasiyalar tirajladı. İsrail-Qəzza müharibəsi fonunda həm ümumilikdə Azərbaycanı, həm də SOCAR-ı hədəfə çevirdi. Azərbaycanı İsrailə neft satdığı üçün qınadı. Adi ticarət əməliyyatını “İsrailə yardım” kimi qələmə verərək, Türkiyə cəmiyyətində yersiz qıcıq yaratdı.

Həmin qaralama təbliğatın nəticəsi bu oldu ki, Türkiyədə İsrailə qarşı keçirilən etiraz aksiyaları fonunda SOCAR-a qarşı da hədyanlar səsləndirildi, ölkəmizin adı haqsız yerə ittihama məruz qaldı. Türkiyə cəmiyyətində anti-Azərbaycan ovqatının yaradılması stimullaşdırıldı

Anlaşmazlıq da məhz bu məqamda başlayır. Məsələ ondadır ki, SOCAR Azərbaycan üçün vacib şirkət olmaqla yanaşı, Türkiyə üçün də ciddi əhəmiyyət daşıyır. O, Türkiyədə ən böyük xarici investordur. SOCAR qardaş ölkədə milyardlarla dollar dəyəri olan enerji layihələrinin sahibdir. Bu layihələr Türkiyənin regional dayaqlarını möhkəmləndirir, beynəlxalq aktor kimi mövqelərini gücləndirir. SOCAR-ın layihələndirdiyi “STAR Refinery” (İzmir yaxınlığında neft emalı zavodu), “Petkim” (Türkiyənin əsas neft-kimya müəssisi), TANAP ( Azərbaycan qazını Türkiyə və Avropaya daşıyan strateji boru kəməri) Türkiyənin enerji təhlükəsizliyi üçün vacib layihələrdir. Paralel olaraq, Türkiyəni qlobal enerji nəqlində söz sahibinə çevirir. “Turkuaz Media Qrupu” SOCAR-ı, onun layihələrini vurmaqla, həm də Türkiyəni vurur.

Məntiqlə yanaşsaq, o, təkcə Azərbaycanı deyil, həm də Türkiyənin özünə zərər yetirir. Əgər 2025-ci il təxribatı fonunda “Turkuvaz Media Group” barədə zəruri ölçü götürülsəydi, vəziyyət indiki həddə çatmazdı. Şiş metastaz verib digər media platformalarına yayılmazdı. Cəzasızlıq, cavabsızlıq təxribatçıları ruhlandırır, yeni-yeni addımlara sövq edir. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və onun nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi bu tip neqativlərə qarşı effektiv mübarizə aparmaq üçün zəruri səlahiyyətlərə malikdirlər.

Bu sahədə mövcud olan ziddiyyətləri daha da anlaşmaz edən bir amil də mövcuddur. “Turkuvaz Media Group”un gerçək sahibi olan Berat Albayrak Türkiyənin siyasət və biznes sahəsində tanınmış fiqurlardan biridir. O, biznes uğurlarından daha çox, Prezident Rəcəb Tayib Ərdoğanın kürəkəni olması ilə məşhurdur. Esra Erdoğanla evli olan bu şəxs 2015–2018-ci illərdə Türkiyənin energetika və təbii sərvətlər naziri, 2018–2020-ci illərdə isə xəzinə və maliyyə naziri olub. 2020-ci ildə vəzifəsindən istefa verərək böyük biznes sahəsinə üz tutub. Biznes fəaliyyətini media sahəsi ilə də əlaqələndirib. Nəzarətində olan “Turkuvaz Media Group”u Türkiyənin ən böyük media holdinqlərindən birinə çevrib. Bəzən “Sabah-ATV Group” adı ilə də tanınan bu holdinq Albayrak ailəsinin media strukturudur. Berat Albayrakın qardaşı Serhat Albayrakın rəhbərliyində idarə olunur. Tərkibində “Sabah”, “Takvim” qəzetləri, ATV, “A Haber” televiziya kanalları, radio şəbəkələri birləşir.

Məsələ ondadır ki, Türkiyə Azərbaycanla təkcə qardaş ölkə deyil, həm də müttəfiq dövlətdir. 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldir. “Tərəflərdən biri üçün təhlükə yaranarsa, qarşılıqlı məsləhətləşmə və dəstək verilməsi”ni nəzərdə tutur. “Regional və beynəlxalq məsələlərdə ortaq mövqe” sərgiləməyi, “Xarici siyasətdə koordinasiyanın gücləndirilməsi”ni ehtiva edir. Bu Bəyannamə həm də “Media sahəsində əməkdaşlığın gücləndirilməsini, dezinformasiya ilə mübarizədə müştərək addımların atılması”nı mütləq vəzifə kimi qarşıya qoyur. Paradoksal haldır ki, Albayrak media şəbəkəsi bütün bu çərçivələri yıxıb keçir. Düzdür, Berat Albayrak Azərbaycana qarşı düşmənçiliyini şəxsi yazışmaları və çıxışlarında da büruzə verir. Onun Cənub Qaz Dəhlizini sabotaj etməyə yönəlik səs yazıları, mesajları ictimailəşdirilib. Amma Berat və Serat qardaşlarının Azərbaycana, Azərbaycan xalqına qarşı düşmən münasibətləri daha çox “Turkuvaz Media Group”unun üzərindən reallaşdırılır. Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq, dərin köklərə malik birliyi sarsıtmaq üçün bu media şəbəkəsinin imkanlarından yararlanır. Maraqlıdır ki, bütün bu təxribatlarına rəğmən, cəzasız qalır. Cəzasızlıqdan ruhlanaraq, yeni-yeni təxribatlar törədir.

Arzuediləndir ki, Türkiyə tərəfi Azərbaycanın “Turkuvaz Media Group”u barədə təqdim etdiyi faktları dərindən araşdırsın. Şirkətin rəhbərləri olan Berat və Serat Albayrakların Azərbaycana qarşı düşmən münasibətinin gerçək səbəblərini tapsın. Bu haqsız düşmənçiliyin vurduğu ziyanların aradan qaldırılması üçün real addımlar atsın. Real addımların atılması gecikdikcə, problem də böyüyür, Azərbaycanla yanaşı, Türkiyənin strateji maraqlarını da hədəf alır.

Məsələn, İranın Azərbaycana qarşı dron təhdidi 40 ölkə və beynəlxalq təşkilat tərəfindən pislənilib. Kosmik tədqiqata, səmanı izləmək imkanlarına malik olan dövlətlər açıqlama veriblər, İran tərəfindən Naxçıvana dron hücumunun edildiyini təsdiqləyiblər. Azərbaycan Prezidentinin İranın bu hücumuna qarşı kəskin reaksiya verməsini dəstəkləyiblər

Bu halda “Turkuvaz Media Group”nun, yaxud, Türkiyəyə məxsus digər bir media platformasının İranı deyil, Azərbaycanı tənqid edən informasiyalar yayması, dron hücumunun mahiyyətini kontekstdən çıxaran dezinformasiyalar tirajlaması nəyi dəyişəcək ki? Türkiyə parlamentinin üzvü Ömer Faruk Gergerlioğlunun fərqli danışması, “Dron hücumunu qondarma fakt” kimi təqdim edib Azərbaycanı günahkar çıxarması, Azərbaycanı İsraillə müttəfiqliyinə görə qınaması ölkəmizi beynəlxalq qınaq obyektinə çevirəcəkmi? Təbi ki, yox. Bu, sadəcə Türkiyə ictimai rəyində iz buraxacaq, Azərbaycan xalqında qardaş qınağına yol açacaq.

İranda siyasi xaos var. Prezident Məsud Pezeşkian İranın qonşu ölkələrə qarşı hərbi zərbələr endirmək taktikasını dəyişmək niyyətində olduğunu bildirib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ona qarşı çıxıb. Pezeşkianın bu mövqeyinin yanlış olduğu bəyan edib. İranın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı yanaşması da bu kontekstdədir. İran Xarici İşlər Nazirliyi Naxçıvana dron zərbəsi endirmədiklərini deyir. SEPAH isə dron zərbəsini Azərbaycandan qisas alınması kimi təqdim edir. Türkiyə mediası bu təzadı görmürmü? Törədilmiş təxribata görə nə üçün İranı deyil, Azərbaycanı hədəf seçir? Bu yanaşma nə qardaşlıq ruhuna, nə müttəfiqlik öhdəliyinə, nə də peşəkar media prinsiplərinə uyğun gəlmir.

Müşfiq Ələsgərli
Mətbuat Şurası İdarə Heyətinin üzvü