“Ehtimallarımızdan biri bunun terror aktı olmasıdır” - Oslo polisi

ehtimallarimizdan-biri-bunun-terror-akti-olmasidir
Oxunma sayı: 2891

Norveç polisi paytaxt Osloda yerləşən ABŞ səfirliyi yaxınlığında baş verən partlayışla bağlı araşdırmalara başlayıb.

“Qafqazinfo” “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, hadisə gecə saat 01:00 radələrində səfirlik kompleksinin konsulluq bölməsinin girişi yaxınlığında qeydə alınıb.

Partlayış nəticəsində xəsarət alan olmasa da, binaya cüzi maddi ziyan dəyib.

Oslo polisinin istintaq bölməsinin rəhbəri Frode Larsen bildirib ki, hadisə mövcud qlobal təhlükəsizlik vəziyyəti fonunda qiymətləndirilir:

“Ehtimallarımızdan biri bunun terror aktı olmasıdır, lakin digər versiyaları da araşdırırıq. İstintaq çərçivəsində ABŞ səfirliyi ilə sıx əməkdaşlıq edirik”.

Norveçin xarici işlər naziri Espen Bart Eide hadisəni “qəbuledilməz” adlandırıb və hökumətin məsələni çox ciddi qəbul etdiyini vurğulayıb.

Qeyd edək ki, hazırda Oslo polisi partlayışı törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışını davam etdirir.