Beynəlxalq ictimaiyyət İranın Azərbaycana dron hücumlarını qınayır - Siyahı

beynelxalq-ictimaiyyet-iranin-azerbaycana-dron-hucumlarini-qinayir
Oxunma sayı: 436

Müxtəlif ölkələrin rəhbərləri və rəsmiləri, həmçinin beynəlxalq təsisatlar Azərbaycan ərazisinin İran tərəfindən dron hücumuna məruz qalmasını pisləyən bəyanatlar yayıb, müxtəlif səviyyələrdə ölkəmizə dəstək və həmrəylik nümayiş etdiriblər.

“Qafqazinfo” Azərtac-a istinadən məsələ ilə bağlı Azərbaycanı dəstəkləyən və onunla həmrəylik göstərən ölkələrin və təşkilatları təqdim edir.

Albaniya

Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə telefon danışığı zamanı İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib.

Bu ölkənin Baş naziri Edi Rama isə “X” hesabındakı paylaşımında Azərbaycan ərazisinə edilən hücumu İran tərəfindən qonşu ölkələrə qarşı növbəti ağır və qəbuledilməz təcavüz aktı adlandırıb. “Azərbaycan xalqı, eləcə də son günlər əsassız şəkildə hədəfə alınan digər ölkələrin xalqları yalnız hörmətə, təhlükəsizliyə və təhdidlərdən uzaq həyata layiqdir”, - deyə Edi Rama vurğulayıb.

Almaniya

Almaniyanın Azərbaycandakı səfirliyi rəsmi “X” hesabında paylaşım edərək Naxçıvana İran dronları ilə endirilən zərbələri, eləcə də Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan hər hansı hərəkəti pisləyib. “Azərbaycan və bu hadisədən zərər çəkənlər ilə həmrəyliyimizi bildiririk”, - deyə paylaşımda qeyd olunub.

Amerika Birləşmiş Ştatları

ABŞ Dövlət Departamenti İran rejiminin Azərbaycana qarşı Naxçıvan Beynəlxalq Hava Limanını və uşaq məktəbini hədəf alan, günahsız mülki şəxslərin xəsarət almasına və vacib mülki infrastruktura ziyan vurmasına səbəb olan səbəbsiz dron hücumunu qətiyyətlə pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, bu hücumlar Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və İranın təcavüzünün lazımsız şəkildə artırılmasının nəticəsidir.

“ABŞ bu təhdidlərə qarşı Azərbaycanla tam həmrəydir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə edilən hücumlar qəbuledilməzdir və ABŞ-nin həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə qarşılanacaq”, - deyə sənəddə vurğulanır.

Avstriya

Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında Azərbaycan ərazisinə edilən dron hücumlarını qətiyyətlə pisləyib və ölkəmizlə həmrəy olduğunu bildirib.

Belarus

Belarusun xarici işlər naziri Maksim Rıjenkovun xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı hərbi eskalasiya ilə bağlı narahatlıq ifadə olunub.

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Belarusun Baş naziri Aleksandr Turçin arasında telefon danışığında isə hökumət başçıları regiondakı mövcud vəziyyəti müzakirə ediblər. Naxçıvanda baş vermiş insidentlə bağlı narahatlıq ifadə olunub.

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarova ilə telefon danışığı zamanı Naxçıvan Muxtar Respublikasına qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumlarından narahatlığını ifadə edib, bu hücum zamanı mülki şəxslərin ziyan görməsindən təəssüfləndiyini bildirib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Belçika

Belçika Baş nazirinin müavini, xarici işlər naziri Maksim Prevot “X” hesabında Naxçıvana edilən dron hücumlarını pisləyərək bildirib: “Belçika Naxçıvan hava limanına edilən, mülki şəxslərin yaralanmasına səbəb olan və mülki infrastruktura ziyan verən dron hücumunu şiddətlə qınayır. Mən Azərbaycan xalqı və hökuməti ilə tam həmrəyliyimi ifadə edirəm”.

Belçikanın Azərbaycandakı səfirliyi Naxçıvana hücumlarla bağlı ölkəmizlə tam həmrəyliyini ifadə edib. Səfirliyin açıqlamasında vurğulanıb ki, mülki şəxsləri təhlükə altına alan və Azərbaycanın suverenliyini, eləcə də beynəlxalq hüququ pozan bu hücumları qətiyyətlə pisləyirlər.

Bəhreyn

Bəhreyn Xarici İşlər Nazirliyi İranın Azərbaycana və Türkiyəyə qarşı hücumlarını qətiyyətlə pisləyən bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, İranın Azərbaycana qarşı hücumları qətiyyətlə pislənilir və qəbulolunmaz hesab edilir. Bu hərəkətlər mehriban qonşuluq prinsiplərinin, beynəlxalq hüququn normaların kobud şəkildə pozulması, habelə regionun təhlükəsizliyini və sabitliyini təhdid edən təhlükəli eskalasiya kimi qiymətləndirilir.

Birləşmiş Ərəb Əmirlikləri

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevlə telefon danışığı zamanı İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib, hadisə zamanı yaralananların tezliklə şəfa tapmalarını diləyib.

BƏƏ-nin Federal Milli Şurasının sədri Saqr Qobaş Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefon söhbət zamanı İran tərəfindən hər iki ölkənin ərazisinə və mülki əhalisinə qarşı həyata keçirilən əsassız hücumlarla bağlı ciddi narahatlıq ifadə olunub, bu cür hərəkətlər qətiyyətlə pislənilib.

BƏƏ Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı əsnasında mülki əhalinin və mülki infrastrukturun hədəf alınmasını qətiyyətlə pislədiyini və bu kimi addımların qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Bolqarıstan

Bolqarıstan da İranın Naxçıvana dronlarla hücumunu qətiyyətlə pisləyib və Azərbaycanla tam həmrəyliyini ifadə edib. Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda ölkənin Milli Azadlıq Günü münasibətilə keçirilən tədbirdə bildirib: “Mən İranın Naxçıvan hava limanına və Şəkərabad kəndinə zərbələrini hiddətlə qarşılayıram. Yaralanan mülki şəxslərin ailələri üçün kədərlənirəm. Bolqarıstan bu hərəkətləri qətiyyətlə pisləyir və Azərbaycanla tam həmrəyliyini ifadə edir”.

Bosniya və Herseqovina

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevə ünvanlandığı məktubunda qeyd edib: “İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazisinə etdiyi hücumlarla əlaqədar Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü qismində Sizə tam dəstəyimi və həmrəyliyimi ifadə edirəm. Biz bu hücumları qəti şəkildə qəbuledilməz və dərin narahatlıq doğuran hal hesab edirik. Həmin hücumlar regional sabitlik və təhlükəsizlik üçün ciddi təhdiddir”.

Böyük Britaniya

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi İranın Naxçıvanda həyata keçirdiyi pilotsuz təyyarə hücumlarını pisləyib və Azərbaycanla həmrəyliyini bildirib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld özünün “X” sosial media hesabında yazıb: “Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir”.

Çexiya

Çexiya səfirliyi Naxçıvana qarşı hücumları qətiyyətlə pisləyib. Səfirliyin paylaşımında bildirilib ki, bu qəbuledilməz addım Azərbaycanın təhlükəsizliyinin pozulmasıdır və regional sabitliyi sarsıdır.

Efiopiya

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Prezident İlham Əliyevlə telefon danışığı zamanı İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hava hücumunu qınadığını vurğulayıb.

Ermənistan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı zamanı tərəflər gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlik və təhlükəsizliyin təmin olunmasının əhəmiyyətini vurğulayıblar.

Estoniya

Estoniya İranın dron hücumu fonunda Azərbaycanı dəstəkləyib. Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” sosial şəbəkəsindəki hesabında hadisəni beynəlxalq hüququn və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib. “Estoniya Azərbaycanla həmrəyliyini ifadə edir, regionda sülhün və təhlükəsizliyin təmin olunmasını dəstəkləyir”, - deyə o vurğulayıb.

Finlandiya

Finlandiyanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Finlandiya İranın Naxçıvanın mülki hava limanı infrastrukturuna dron hücumlarını qətiyyətlə pisləyir. Bu, Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün pozulmasıdır, vəziyyətin daha da gərginləşməsi riskini yaradır. Regional sabitliyi pozmaq yox, dəstəkləmək lazımdır”.

Fransa

Fransa Hökuməti Naxçıvan Beynəlxalq Hava Limanına edilən dron hücumunu qətiyyətlə pisləyib. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda bildirilib. Qeyd olunub ki, Naxçıvan Beynəlxalq Hava Limanına qarşı həyata keçirilmiş dron hücumu Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut isə “X” sosial media hesabında yazıb: “İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır. Regional sabitliyi pozan bu hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyirəm”.

Gürcüstan

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevlə telefon dnaışığı zamanı İranın  pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyərək, Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını vurğulayıb.

Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbətində baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə edib, regionda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini qeyd edib.

Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir: “Beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan və regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən hərəkət qəbuledilməzdir. Gürcüstan möhkəm dostluq və strateji tərəfdaşlığını nəzərə alaraq, bu çətin vəziyyətdə qardaş Azərbaycanla həmrəyliyini ifadə edir”.

Xorvatiya

Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç-Radman "X" sosial şəbəkə hesabında Xorvatiya İranın Naxçıvana hücumunu pisləyib. "Biz İranı regionda gərginliyin daha da artmasına səbəb ola biləcək bu cür hərəkətlərə dərhal son qoymağa çağırırıq. Biz Azərbaycanla həmrəyliyimizi ifadə edirik", - deyə nazir vurğulayıb.

İordaniya

İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əl-Səfadi xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu qeyd edərək, mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik vasitələrlə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

İordaniya Xarici İşlər Nazirliyi Türkiyə və Azərbaycanın İran tərəfindən hədəfə alınmasınının hər iki dövlətin suverenliyini kobud şəkildə pozduğunu, eyni zamanda, regionun təhlükəsizliyi və sabitliyini təhdid etdiyini, eləcə də təhlükəli eskalasiyaya yol açdığını bildirib. Nazirlik, həmçinin İordaniyanın Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu vurğulayıb.

İspaniya

İspaniya hökuməti İranın Türkiyə və Azərbaycana qarşı son hücumlarını kəskin şəkildə pisləyib. Bu barədə İspaniya Xarici İşlər Nazirliyinin “X” səhifəsində  bildirilib. Qeyd olunub ki, İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa tamamilə ziddir. Ölkələrin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması eskalasiya riskini artırır.

İsrail

İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa’ar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı ölkəsinin bu hücumu pislədiyini, onun qəbuledilməz olduğunu vurğulayıb və ölkəmizlə həmrəyliyini ifadə edib.

İsveç

İsveçin Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyən bəyanat yayıb. Azərbaycanla həmrəyliyini ifadə edən səfirlik bildirib: “Biz bu hücumları və Azərbaycanın təhlükəsizliyini təhdid edən hər hansı addımı qətiyyətlə pisləyirik. Vəziyyəti və gələcək hadisələri diqqətlə izləməyə davam edəcəyik”.

İtaliya

İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbəti zamanı mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, həmrəyliyini bildirib. O, regionda sabitliyin bərpa olunmasının əhəmiyyətini qeyd edib.

İranın Azərbaycan ərazisində Naxçıvan hava limanına qarşı dron hücumunu ən sərt şəkildə pislədiyini vurğulayan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli isə məsələ ilə bağlı açıqlamasında bildirib: “Bu çox ciddi hadisəyə görə Azərbaycan Hökuməti və xalqı ilə tam həmrəy olduğumu bildirirəm. Mülki infrastrukturu hədəfə almaq qəbuledilməzdir, məsuliyyətsiz və cinayətkar bir hərəkətdir”.

Küveyt

Küveytin Xarici İşlər Nazirliyi (XİN) İranın Türkiyəni və Azərbaycanı hədəf almasını qətiyyətlə pisləyib, hücumu sərt şəkildə qınayıb.

XİN bu cür cəhdlərin beynəlxalq qanunların və BMT Nizamnaməsinin açıq şəkildə pozulması olduğunu vurğulayıb.

Nazirlik, həmçinin Küveytin Türkiyə və Azərbaycan ilə tam həmrəy olduğunu vurğulayıb, onların suverenliklərini, təhlükəsizliklərini və sabitliklərini qorumaq üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.

Qazaxıstan

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Naxçıvan şəhərindəki hava limanına İranın pilotsuz uçuş aparatlarının hücumunu qətiyyətlə pisləyib. Dövlət başçısı baş verənləri qardaş və müttəfiq Azərbaycan dövlətinə qarşı akt kimi qiymətləndirib. O, insidentin İranla birlikdə hərtərəfli araşdırılacağına və regionda gərginliyin artmasının qarşısını almaq məqsədilə münaqişə vəziyyətinin diplomatik vasitələrlə tənzimlənəcəyinə ümidvar olduğunu bildirib.

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbəti zamanı bu hücumlardan dərin narahatlığını ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qətər

Qətərin Xarici İşlər Nazirliyi Azərbaycanda hava limanının İran PUA-ları ilə hədəfə alınması düşmənçilik hərəkətləri hesab edib.

Nazirliyin yaydığı bəyanatda bu hərəkətlər təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilib, həmçinin regionun təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid hesab edilib.

Nazirlik, həmçinin Qətərin Azərbaycanla tam həmrəy olduğunu vurğulayıb və onun suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördüyü bütün tədbirləri dəstəklədiyini bildirib.

Qırğızıstan

Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı Azərbaycan ərazisinə qarşı dron hücumlarının narahatlıq doğurduğunu, ölkəmizlə həmrəy olduğunu bildirib. O, bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyini vurğulayıb.

Nazir İranda olan Qırğızıstan vətəndaşlarının Azərbaycan ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə ölkəmizə təşəkkür edib, operativ dəstəyin yüksək qiymətləndirildiyini deyib.

Latviya

Latviya Prezidenti Edqars Rinkeviçs Prezident İlham Əliyevlə telefon söhbəti zamanı İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pislədiyini bildirib. Edqars Rinkeviçs baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb, hücum nəticəsində yaralananların tezliklə şəfa tapmalarını diləyib.

Azərbaycanın və Latviyanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Baiba Brajenin telefon danışığı zamanı Yaxın Şərqdə mövcud hərbi eskalasiya və artan gərginlik müzakirə olunub. Vəziyyətin daha da kəskinləşməsinin geniş coğrafiyada təhlükəsizlik üçün risklər yaratdığı qeyd edilib. Münaqişələrin diplomatik vasitələrlə həllinin və dialoqun vacibliyi vurğulanıb.

Litva

Litvanın xarici işlər naziri Kestutis Budris xarici işlər naziri Ceyhun Bayramovla telefon danışğı zamanı Azərbaycan ərazisinə qarşı dron hücumlarını pisləyib, bunun dərin narahatlıq doğurduğunu, ölkəmizlə həmrəy olduğunu bildirib. Bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyi vurğulanıb.

Litvanın xarici işlər naziri Kyastutis Budris, həmçinin “X” sosial şəbəkəsi hesabında hücumları pisləyib. O bildirib ki, bu cür təcavüz gələcək eskalasiya riski daşıyır və dərhal dayandırılmalıdır.

Liviya

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Prezident İlham Əliyevlə telefon danışğı zamanı İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumunu qınayıb.

Macarıstan

Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevlə telefon danışığında İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumu qınadığını vurğulayıb, ölkəmizlə tam həmrəy olduğunu bildirib. Macarıstanın hər zaman Azərbaycanın yanında olduğunu deyən Viktor Orban qeyd edib ki, ölkəmiz Macarıstana güvənə bilər, Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır.

Macarıstanın Azərbaycandakı səfiri Tomas Torma da İranın Naxçıvana hücumlarını pisləyib. O, Azərbaycanın təhlükəsizliyinin, suverenliyinin və beynəlxalq hüquq normalarının bu cür qəbulolunməz şəkildə pozulmasının regional sabitliyə xələl gətirdiyini bildirib.

Mərakeş

Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında Azərbaycanın ərazisinə qarşı dron hücumlarını qətiyyətlə pisləyib, bunun narahatlıq doğurduğunu bildirib və ölkəmizlə həmrəyliyini ifadə edib.

Misir

Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla baş tutan telefon danışığında deyib: “Yaxın Şərqdə vəziyyətin nəzarət altına alınması üçün dialoq və diplomatiyaya üstünlük verilməsi vacibdir. Misir Körfəz ölkələrinə, eləcə də İordaniya, İraq, Türkiyə və Azərbaycana qarşı hücumları qəti şəkildə rədd edir və qəbuledilməz hesab edir. Misir bu halların qınanılmalı olduğunu vurğulayır”.

Moldova

Prezident İlham Əliyev Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edərkən nazir İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını deyib, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğulayıb. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Nazir, həmçinin özünün “Teleqram” hesabında hücumları pisləyən paylaşım edib. “Moldova Azərbaycanla həmrəydir və onun suverenliyinə, ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir”, - deyə nazir bildirib.

Monteneqro

Monteneqro Xarici İşlər Nazirliyi İran tərəfindən Azərbaycanın Naxçıvan bölgəsinə hücumu qətiyyətlə pisləyib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, bu cür hərəkətlər regional təhlükəsizliyə və sabitliyə ciddi təhdid yaradır. Bildirilib ki, Monteneqro Azərbaycan xalqı ilə həmrəydir və dərhal gərginliyin azaldılmasına çağırır.

Bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç isə İranın ölkəmizə qarşı dron hücumlarını qətiyyətlə pisləyib, onların narahatlıq doğurduğunu bildirərək, Azərbaycanın mövqeyini anlayışla qarşıladığını və ölkəmizlə həmrəy olduğunu qeyd edib..

Niderland

Niderlandın Azərbaycandakı səfirliyi İran tərəfdən Naxçıvana pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumları qətiyyətlə pisləyib. Bu barədə səfirliyin “Facebook” səhifəsindəki paylaşımda bildirilib. “Bu cür hərəkətlər qəbuledilməzdir və Azərbaycanın təhlükəsizliyinin, ərazi bütövlüyünün pozuntusudur. İranın hücumları regional sabitliyi daha da sarsıdır. Bu çətin məqamda biz Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyliyimizi ifadə edirik”, - deyə paylaşımda vurğulanıb.

Oman

Omanın Xarici İşlər Nazirliyi rəsmi “X” hesabında Azərbaycan ərazilərinin pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qalması hadisəsindən narahatlığını ifadə edərək, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən, mülki şəxsləri və mülki infrastrukturu təhlükə altına atan istənilən hərəkəti rədd etdiyini və pislədiyini vurğulayıb.

Pakistan

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığı zamanı İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib, bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib.

Baş nazir bu barədə, həmçinin özünün “X” sosial media hesabında paylaşım edib. “Qardaş ölkə Azərbaycana olan son hücumlarla bağlı ciddi narahatlığımızı bildiririk. Regionda sülhün və sabitliyin qorunması üçün gərginliyin azaldılmasına çağırır, dialoq və diplomatiyanın davam etdirilməsinin zəruriliyini təkrar edirik”, - deyə paylaşımda qeyd olunub.

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbətində Pakistan tərəfi Azərbaycana edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib.

Polşa

Polşa İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə hücumu qətiyyətlə pisləyib. Bu barədə Polşanın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, bu akt Azərbaycanın suverenliyinin açıq-aşkar pozulmasıdır.

Özbəkistan

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə telefon danışığında İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Azərbaycanın və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Baxtiyor Saidovun telefon söhbəti xamanı isə Naxçıvan Muxtar Respublikası ərazisinə İran ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.

Serbiya

Serbiyanın Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana dron hücumunu pisləyib. Nazirlik Serbiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edib: "Dost ölkələrin daha geniş regional münaqişələrə cəlb olunması və ya sərhəd bölgələrinin, o cümlədən Naxçıvan Muxtar Respublikasının destabilizasiyası cəhdləri qəbuledilməzdir. Serbiya sülhün qorunması, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin hörmətlə qorunması prinsiplərinə sadiq qalır və Azərbaycanla dostluq, tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsini dəstəkləyir".

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı İranın Azərbaycanı hədəf almağa cəhd etməsini qətiyyətlə pisləyib və qınayıb. Ölkənin Xarici İşlər Nazirliyi bəyanatında bu cür cəhdləri beynəlxalq qanunlara və qəbul edilmiş beynəlxalq normalara zidd olan düşmənçilik davranışı adlandırıb.

Bəyanatda, həmçinin qeyd olunur ki, Krallıq hökuməti və xalqı Azərbaycanla tam həmrəy olduğunu bir daha bildirib, ölkəmizin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu dəstəklədiyini bir daha vurğulayıb.

Slovakiya

Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevə məktubunda Naxçıvanda mülki infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum, həmçinin mülki əhalini təhlükə altına qoyan bu hadisə ilə əlaqədar səmimi həmrəyliyini ifadə edib.

O bildirib: "Biz bu hücumu qətiyyətlə pisləyirik. Bu cür davranış qəbuledilməzdir, beynəlxalq hüququn pozulmasıdır və vəziyyətin daha da gərginləşməsi riskini təhlükəli şəkildə artırır. Slovakiya gərginliyin azaldılmasına və məsələnin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir".

Sloveniya

Sloveniya İran tərəfindən Naxçıvanın Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatlarının səbəbsiz hücumunu qətiyyətlə pisləyib. Bu barədə Sloveniya Xarici İşlər Nazirliyinin “X" sosial şəbəkə hesabında yayılan bəyanatında qeyd edilib. Bildirilib ki, bu hücum İran tərəfindən regionda növbəti təhlükəli eskalasiyanın təzahürüdür.

Sudan

Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Muhi Əl-Din Salem Ahmed xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı İranın hücumlarından narahatlığını ifadə edib, mülki infrastrukturun hədəf alınmasının qəbuledilməz olduğunu bildirib..

Suriya

Suriya Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda İranın dronlardan istifadə edərək Azərbaycana zərbə endirmək cəhdini qətiyyətlə pisləyib.

Nazirlik vurğulayıb ki, bu hərəkətlər dövlətlərin suverenliyinin açıq şəkildə pozulmasıdır, regional və beynəlxalq təhlükəsizlik, sabitliyə təhdid yaradır.

Qeyd edilib ki, Suriya mülki şəxslərə və infrastruktura qarşı yönəlmiş zorakılıq və eskalasiyanı qəbul etmir, Azərbaycanla tam həmrəyliyini ifadə edir, beynəlxalq ictimaiyyəti regionda sülh və təhlükəsizliyin təmin edilməsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırır.

Türkmənistan

Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovun xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbəti zamanı

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə İran tərəfindən dron hücumlarından irəli gələn məsələlər müzakirə olunub.

Rəşid Meredov mövcud vəziyyətin narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Türkiyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə telefon danışığı zamanı İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına həyata keçirilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.

Xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidanın telefon söhbəti zamanı İrandan Türkiyə istiqamətində raket, Azərbaycana isə dron hücumları ilə bağlı qəti etiraz bildirilib. Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb. Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Ukrayna

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Teleqram” hesabında yazıb: "İranın Yaxın Şərq və Avropa ölkələrinə hücumlarından sonra Azərbaycana qarşı hücumunu pisləyirik. Bu ölkənin Azərbaycana hücumu bir daha göstərir ki, İran regional deyil, qlobal təhlükədir.

Yunanıstan

Yunanıstanın Bakıdakı səfirliyi İranın pilotsuz uçuş aparatları (PUA) ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə endirdiyi zərbələri pisləyib.

Səfirliyin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir: "PUA-larla Naxçıvana endirilən zərbələr beynəlxalq hüququn və dövlət suverenliyinin açıq şəkildə pozulmasını nümayiş etdirir. Yunanıstan Azərbaycanla həmrəyliyini ifadə edir".

Avropa İttifaqı

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas İranın Azərbaycanın Naxçıvan bölgəsinə hücumlarını pisləyib. Qurumun hadisə ilə bağlı bəyanatında deyilir: “İranın Azərbaycanın Naxçıvan ərazisinə dron hücumları tamamilə qəbuledilməzdir. Bu hücumlar vəziyyətin İran tərəfindən daha da gərginləşməni təmsil edir və müharibənin Yaxın Şərqdən kənara yayılması riskini artırır”.

Avropa Şurası

Avropa Şurasının Baş katibi Alen Berse İranın pilotsuz uçuş aparatlarının Azərbaycan ərazisinə hücumu ilə əlaqədar “X” hesabında etdiyi paylaşımda qeyd edib: “Azərbaycana qarşı dron hücumu gərginliyin azaldılmasının zəruriliyini göstərir. Beynəlxalq hüquq güc tətbiqi üçün çərçivə olaraq qalmalıdır”.

Beynəlxalq Mülki Müdafiə Təşkilatı

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Daimi Katibliyi Azərbaycana qarşı son hücumlarla bağlı yaydığı bəyanatda ölkəmizinüzv dövlət kimi üzləşdiyi hadisələrlə bağlı dərin narahatlıq bildirilib, Azərbaycan Hökuməti və xalqı ilə tam həmrəylik ifadə edilib. Qeyd olunub ki, Azərbaycan mülki müdafiə və fövqəladə hallara hazırlıq sahəsində regional əməkdaşlığın gücləndirilməsinə töhfə verən ölkələrdən biridir.

 

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib ki, Baş katib Antonio Quterreş İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumlarından narahatdır.

"Bu hadisədən dərin narahatıq, xüsusilə mülki şəxslərin yaralanmasına və mülki infrastruktura dəyən ziyana görə. Baş katib yaralananlara şəfa diləyir", - deyə Düjarrik Antonio Quterreşin sözlərini çatdırıb.

GUAM

GUAM İranın PUA-ları tərəfindən Azərbaycan ərazisində fərq qoymadan mülki infrastruktura və obyektlərə qarşı həyata keçirilən hücumları qətiyyətlə pisləyir.

Bu barədə GUAM-ın Katibliyi məlumat yayıb. Məlumatda, həmçinin bildirilib: "Biz Azərbaycan xalqına və hökumətinə həmrəyliyimizi və dəstəyimizi ifadə edirik. Beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyimizi və bağlılığımızı bir daha təsdiqləyir, həmçinin GUAM-a üzv dövlətlərinin təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyünə, suverenliyinə qarşı yönələn hər hansı təhdid və çağırışlara qarşı birgə dayanacağımızı vurğulayırıq".

İslam Əməkdaşlıq Təşkilatı

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) "X" sosial şəbəkə hesabında dron hücumu ilə bağlı edilən bəyanatda deyilir: "Baş Katiblik mülki infrastruktura endirilən zərbələri və dinc sakinlərin həyatı üçün təhlükə yaradılmasını pisləyir. Bu, Azərbaycanın suverenliyini pozur, onun təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradır. Baş Katiblik Azərbaycanla tam həmrəyliyini təsdiqləyir, suverenliyin, təhlükəsizliyin və sabitliyin qorunması məsələsində onun yanındadır”. Bəyanatda, həmçinin vurğulanır ki, üzv dövlətlərə endirilən zərbələr və ya onların təhlükəsizliyinə hədə beynəlxalq hüququn prinsiplərini pozur, mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərin əsaslarına ziddir.

Türk Dövlətləri Parlament Assambleyası

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı mülki obyektlərinə həyata keçirilən dron hücumları ilə bağlı bəyanat yayıb.

İranın bu hücumunun qətiyyətlə pislənildiyi bəyanatda bu cür hərəkətlərin mülki təhlükəsizlik və regional sabitliyə ciddi təhdid yaratdığı vurğulanır, oxşar hadisələrin qarşısının alınmasının vacibliyi bildirilərək, regionda vəziyyətin daha da gərginləşməməsi üçün təmkinli olmağa çağırış edilir. “TÜRKPA sülh və sabitlik diləyi ilə Azərbaycan Hökumətinin və Azərbaycan xalqının yanındadır”, - deyə bəyanatda qeyd olunur.

Türk Dövlətləri Təşkilatı

Türk Dövlətləri Təşkilatı (TDT) İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə hücumu ilə bağlı bəyanat yayıb.

Baş katib Kubanıçbek Ömüralıyevin imzası ilə yayımlanan bəyanatda bu hücumlar kəskin şəkildə qınanılıb. Baş katib bu cür hərəkətlərin təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayaraq, regional vəziyyətin daha da pisləşməsinin və bölgədə gərginliyin artması ehtimalının qarşısını almaq məqsədilə təmkinli olmağa çağırış edib. K.Ömüralıyev, həmçinin TDT Katibliyinin Azərbaycan Hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəyliyini bir daha vurğulayıb.

Qeyd edək ki, Portuqaliya, Esvatini, Kolumbiya, Ruanda, Yəmən və digər ölkələr, həmçinin NATO da Azərbaycanı dəstəkləyənlər sırasında yer alıblar.

Bu böyük beynəlxalq dəstək Prezident İlham Əliyevin dünyada yüksək nüfuzunun, ona olan hörmətin, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin və ölkəmizin etibarlı tərəfdaş, mühüm aktor kimi rolunun əyani təzahürüdür.