Berlin meri yarım saat “yalançı Kliçko” ilə söhbət etdi

berlin-meri-yarim-saat-yalanci-klicko-ile-sohbet-etdi
Oxunma sayı: 4314

Almaniyanın paytaxtı Berlinin meri Françiska Qiffi 30 dəqiqə ərzində özünü Kiyevin meri Vitaliy Kliçko kimi təqdim edən naməlum şəxslə söhbət aparıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Tagesspiegel” yayıb. 

Məlumata görə, Ukrayna tərəfindən Qiffi ilə görüşün keçirilməsi barədə istək daxil olub. Bunun hansı kanallarla baş verdiyi isə hələ məlum deyil.

Görüş zamanı özünü Kliçko kimi təqdim edən şəxsin danışıq tərzi və tonu almaniyalı merdə şübhələr doğurub. Belə ki, sözügedən şəxs Qiffidən ölkədəki ukraynalı qaçqınlara hansl xidmətlərin göstərilməsi barədə suallar verib. 

Merin şübhələrindən sonra söhbət vaxtından əvvəl dayandırılıb. 

Daha sonradan aydın olub ki, naməlum şəxslər dipfeyk texnologiyasından istifadə edib və özlərini Kliçko kimi qələmə veriblər. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

“Bild” nəşri isə oxşar hadisənin Madriddə də baş verdiyini yazıb. Belə ki, burada da naməlum şəxs özünü Kliçko kimi təqdim edərək Madrid şəhərinin merinə zəng edib. 

Kiyev meri Vitaliy Kliçko da məsələyə münasibət bildirərək, hər iki zəngin onun tərəfindən edilmədiyini və feyk olduğunu bildirib.