Bəstəkar Sevinc Tofiqqızının “Qafqazinfo”ya müsahibəsi:
- Bildiyimiz kimi siz Xəzər TV-də yayımlanan “Həyat varsa” serialına çəkilirsiniz. Çəkiliş necə gedir, oynadığınız rola insanların reaksiyası necədir sizin?
- “Xəzər TV-də yayımlanan “Həyat varsa” serialının “Kəlmeyi - Şəhadət” bölümündə çəkilmək üçün dəvət alanda bunu sevinclə qarşıladım. Kastinqin direktoru Mehman Məmmədovun dəvəti ilə çəkildim. O, aktyor seçimi edərkən məni bir aktrisa kimi kəşf etdi. Serialın türk rejissoru Naci Çelik Berksoy da qabiliyyətimi çox bəyəndi, ən çox da mənim maşın sürməyimdən və görünüşümdən razı qaldılar. Əvvəlcə bir az mənim bu rolu oynayıb oynamamağıma şübhə ilə yanaşdılar. Dedilər görəsən, mən bu rolun öhdəsindən gələ bilərəm, yoxsa yox. Çox yaxşı oynadım mənə verilən rolu, hamı razı qaldı. Oynadığım obrazda göz yaşlarım hər şey təbii idi.
- Bildiyimiz kimi siz bəstəkarsız. Aktrisalıq təhsiliniz və təcrübəniz yoxdur. Bu çətinlik yaratmadı sizə rolunuzu oynayarkən?
- Düzdür, mən bəstəkaram. Amma mən bir neçə il öncə Türkiyədə olanda təklif gəldi ki, gəlin kinoya çəkilin həm də çəkildiyiniz filmə mahnılar yazın. Amma mən orda qalmadım, çünki, qızlarım məktəbə hazırlaşırdı onlara görə qala bilməzdim. İndi şükür Allaha ikisi də ali məktəbə qəbul olublar. Artıq boşam, seriallara da çəkilirəm mahnılar da bəstələyirəm. Əvvəlcə seriala çəkilmək mənə asan gəlirdi, amma süjeti biləndən sonra bir az çətinlik oldu. Dini mövzu idi, bir az çətinlik çəkdim, orda ağlamalıydım. Həm də mənim tərəf müqabillərim də yaxşı idi, əməkdar aktrisa Lətifə Əliyeva mənim anam rolunda idi. Aktyorlar da Elçin İmanov və Faiq Mirzə mənimlə əsas rolda oynayırdılar. Onlarla özümü çox rahat hiss edirdim, elə bil ailəmin içindəydim. Mən həm də o, rolu yaşadım, kinonun çəkilişlərindən sonra mən bir həftə xəstə yatdım evdə. Bu filmdən sonra hamı mənə zəng elədi təbrik etdi. Dedilər ki, çox gözəl oynamısan. Hamı kövrəlmişdi, hətta öz valideynlərim də bu filmə baxanda ağlamışdılar. Türkiyədən yenə təklif almışam, amma hələ fikirləşirəm. Yenə “Həyat Varsa” nın başqa bir bölümünə dəvət almışam, bu haqda hələ çox danışmaq istəmirəm. Hazırda bir serialda çəkilirəm, “Sindrom” adlı serialdır, bu filmin musiqi bəstəkarı da elə özüməm.
- Bu rollarınızdan sonra davam edəcəksiniz aktrisalığa?
- Hə, çox istəyərəm daha da tanınım, sənətimlə məşhur olum. Çünki bütün rejissorlar mənim oyunçuluq qabiliyyətimi çox bəyəndilər. Mən bundan sonra aktrisalıq sənətinə də davam edəcəyəm.
- Aktrisalıq edəndən sonra düşündünüzmü ki, kaş daha gənc yaşlarımdan başlayaydım bu sənətə?
- Əslində mən uşaqlıqdan incəsənəti sevmişəm. Baxmayaraq ki, atam iş adamı olub, anam həkim, mən özüm incəsənət vurğunu olmuşam. Musiqini daha çox sevmişəm, 14 yaşımda mən musiqili əsər yazmışam. Qismət belə oldu mən gəldim bu yaşımda aktrisalığa başladım.
- Xarici görünüşcə çox gənc və gözəl görünürsüz, bunu nəyə borclusuz?
- Bunu mənə çox insanlar deyir. Mənim iki qızım var, böyükdürlər artıq. Onlarla harasa gədəndə məni ana çağırırlar hamı dönüb qəribə baxır, belə cavan ana olar. Mən nə dieta saxlayıram, nə fitnesə gedirəm, nə də indiyə qədər plastik əməliyyat elətdirmişəm. Hər şey Allah tərəfindən verilən görünüşdür məndə. Heç bunlara vaxtım da yoxdur.
- Bir bəstəkar kimi məşhur bir bəstəniz var və hansı məşhurlar sizin bəstələdiyiniz mahnıları ifa edib?
- 2010-cu ildə mən ”Bakı Gecələri” musiqi festivalında Aslan Hüseynovun ifa etdiyi “Çağır məni” mahnısına görə nominasiyaya layiq görüldüm. Qaldı mənim mahnılarımı ifasına, bəli məşhurlar ifa edib. Onlar da Nadir Qafarzadə “Doymadım bu sevgiyə” bu mahnıya klip də çəkdirib. Yeni ulduz Vuqar Müradov “Səndən başqa kimim var” bəstəmi oxuyub. Xalq artistimiz Flora Kərimova ifa edib mənim bəstələdiyim mahnını və bu yaxınlarda Flora xanım bu mahnıya klip də çəkdirəcək. Hazırda Kanadadan gələn bir azərbaycanlı müğənni var adı Aygündür, onunla işləyirəm.
- Yaşınızı necə, demək istəyərdiz?
- İstəməzdim deyim, qoy sirr qalsın. Onu deyə bilərəm 18 yaşında qızım var hər halda təxmini bilinər.
- Daha çox hansı janrda olan filmlərə çəkilməyə üstünlük verirsiniz?
- Mənim üçün heç bir problem yoxdur, nə rol olur olsun oynayaram. Amma ən çox müsbət rollarda oynamaq istərdim. Mənimlə rejissorlar asan işləyə bilər, çünki at çapmağı bilirəm, maşın sürməyi yaxşı bacarıram.
- Maşın demişkən eşitdiyimizə görə çox yaxşı maşın sürürsünüz...
- Hə, mən çox yaxşı maşın sürürəm. Özü də mexanika maşın sürürəm.
- Şou-biznes əhli ilə nəcə, dostluq edirsiz...
- Yox, dostluq etmirəm, qoşulmaq da istəməzdim. Mən ancaq öz işimlə məşğul olmaq istəyirəm, hamıya da böyük hörmətim var.
- Hansı sualı bizdən eşitmək istərdiniz. Yəni kaş ki, önümdə oturan jurnalist mənə bu sualı verərdi-deyə bir sual var içinizdə?
- Arzularımı da istəyərdim soruşasınız. Mənim bir arzum var, ondan danışmaq istərdim. Qarabağa aid gözəl bir kompozisiya hazırlamışam, istərdim Qarabağ alınanda onu üzə çıxardım. Mən əgər Qarabağın alınmasını görməsəm, bu həyatda olmasam qızlarıma tapşırmışam o, əsəri Qarabağ alınanda üzə çıxartsınlar.
Aynur Can