Beynəlxalq Bankın ofisində əməliyyat - Yenilənib (2)

beynelxalq-bankin-ofisinde-emeliyyat
Oxunma sayı: 11621

Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində əməliyyat keçiriblər. “Qafqazinfo” xəbər verir ki, ofisdəki axtarışın səbəbi pulların xaricə qanunsuz çıxarılması ilə bağlıdır. 

Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşları filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə axtarış aparıb.

Onun sözlərinə görə, bankın Sankt-Peterburq filialı hazırda işləyir və fəaliyyətində heç bir problem yoxdur. 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsinin yeni rəhbəri Yaşar Səfərovdur. O, bir neçə ay öncə bu posta təyin olunub.

Xatırladaq ki, Yaşar Səfərov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun bacısı oğludur.

Məlumat üçün bildirək ki, yayılan informasiyalarda Yaşar Səfərovun saxlanıldığı qeyd olunsa da, daha sonra bank rəhbərliyi sözügedən xəbəri təkzib etdi.

***

"ABB-Moskva"nın Sankt-Peterburqdakı filialı fəaliyyətini əvvəlki rejimdə davam etdirir. Bunu Trend-ə filialın direktoru Yaşar Səfərov deyib.

O bildirib: "Hüquq-mühafizə orqanları əməkdaşlarının bankın filialına gəəlməsi müştərilərimizdən biri ilə bağlı olub. Bunun işçilərimizlə heç bir əlaqəsi yoxdur".

***

"Mənim hüquq-mühafizə orqanları tərəfindən həbs olunmağımla bağlı xəbərlər həqiqəti əks etdirmir".

Bunu "APA-Economics"ə müsahibəsində "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Sankt-Peterburqdakı filialının direktoru Yaşar Səfərov deyib.

Y. Səfərovun sözlərinə görə, bu gün Rusiya hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarış bankın fəaliyyəti ilə bağlı olmayıb:

"ABB-Moskva"nın Sankt-Peterburq şəhərindəki filialı hazırda fəaliyyət göstərir. Bankın rəhbərliyi də yerindədir, bütün əməkdaşlar da gündəlik iş rejimi ilə fəaliyyətlərini davam etdirirlər. Yəni, bankın rəhbərliyi, əməkdaşları ilə bağlı heç bir problem yoxdur. Bu gün bir müştəri ilə bağlı hüquq-mühafizə orqanları əməliyyat keçirib. Onu da yazıblar bankın üzərinə. Təbii ki, əməliyyat bankda keçirilib. Amma əməliyyat bir müştəri ilə bağlı olub. Bunun banka və əməkdaşlarına, rəhbərliyinə heç bir aidiyyatı yoxdur. Bizə də açıqlama vermədilər. Bilirsiniz ki, hüquq-mühafizə orqanları məlumat vermirlər. Müştərinin sənədlərini tələb elədilər, götürüb getdilər. Özüm hazırda bankdayam”.

O əlavə edib ki, həmin müştərinin Azərbaycanla heç bir əlaqəsi yoxdur:

“Hüquq-mühafizə orqanları bankın müştərisi olan, Rusiya qeydiyyatında olan hüquqi şəxslə bağlı sənədləri tələb edib”.

Y. Səfərov qeyd edib ki, hüquq-mühafizə orqanları müştəri ilə bağlı sənədləri tələb edəndə bank pulköçürmə ilə bağlı bir saatlıq texniki fasilə götürüb. Onun sözlərinə görə, hazırda bank fasiləsiz iş rejimində fəaliyyətini davam etdirir.