“Bəzən səhiyyə müəssisəsinin əlilliklə bağlı məlumatları doğru olmur”

bezen-sehiyye-muessisesinin-elillikle-bagli-melumatlari-dogru-olmur
Oxunma sayı: 5166

Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişovun "Qafqazinfo"ya müsahibəsi

- Himalay müəllim, büdcə dürüstləşməsi zamanı Fondun gəlirlərində və pensiya xərclərində azalmalar oldu. Bu azalmaların vətəndaşa hər hansı təsiri, ziyanı olacaqmı? 

- Bu azalmaların vətəndaşlara ödənilən pensiya və müavinətlərin məbləğinə hər hansı bir təsiri olmayacaq. Azalmaların sadəcə dövlətə, dövlət büdcəsinə xeyiri var. Bu, əslində Fondun müsbət yöndə dəyişən fəaliyyəti ilə bağlıdır. 2018-ci ildən etibarən Fond sistemində sosial ödənişlərin əsaslılığının müəyyən edilməsi, onların təyinatına nəzarətin gücləndirilməsi, eləcə də təyin olunmuş məbləğin qanunvericiliyə uyğunlaşdırılması istiqamətində ciddi işlər aparılır. Paralel olaraq bu fəaliyyət məhkəmə orqanları ilə iş müstəvisində də davam edir. Qeyd edim ki, təkcə pensiyanın nominal xərcinin əsassız ödənişlərdən təmizlənməsi nəticəsində 2018-ci il ərzində 25,6 milyon manat, 2019-cu ildə 103,9 milyon manat, 2020-ci ilin birinci 6 aylığında isə 54,7 milyon manat vəsaitə qənaət olunub. Yəni illik ödənişlər tamamilə həyata keçirilməklə bərabər əlavə ehtiyat “maliyyə yastığı” formalaşdırılıb. Ümumilikdə isə əgər biz illik indeksləşdirmə rəqəmlərini də nəzərə alsaq, qanuna uyğun olmayan, əsassız ödənişlərin sistemdən çıxarılması hesabına təxminən 238 milyon manatlıq əlavə ehtiyat vəsaitinin formalaşdırılmasının şahidi olarıq. Büdcə dürüstləşməsi çərçivəsində digər sosial ödəniş xərclərinin qarşılanması məqsədi ilə bu vəsait dövlət büdcəsinə geri qaytarılır. Qeyd olunan ötən müddət ərzində qaytarılan 238 milyon manat vəsaitdən 197 milyon manatı keçən il Fondun qənaəti hesabına, qalan 40 milyon manat vəsait isə Fondun cari il üzrə xərclərində optimallaşma nəticəsində gözlənilən qənaət hesabına azaldılır. Eyni zamanda, nazirliyin aidiyyəti bölmələri tərəfindən əsassız əlilliklərin aşkar olunması və onların dayandırılması istiqamətində də ciddi iş aparılıb. Qeyd edim ki, ötən dövr ərzində 6300-ə yaxın saxta əlillik faktı aşkar olunaraq, onlara pensiya və müavinət ödənişi Fond tərəfindən dayandırılıb. Bu proses davamlıdır – mütəmadi olaraq əlilliklər təhlil olunur. Həmçinin, əlillik təyinatına nəzarətin gücləndirilməsi ilə saxta əlillik təyinatlarının da qarşısı artıq alınıb.  Bundan başqa, məhkəmə işlərində 2017-ci ildə Fondun əleyhinə qərar qəbul olunmuş məhkəmə işlərinin sayı 10216 idisə, 2018-ci ildə bu rəqəm 1841-ə, 2019-cu ildə 1280-ə qədər azalıb. 2020-ci ilin birinci yarımilliyində isə ümumilikdə məhkəmələrdə Fondun əleyhinə qəbul olunmuş qərarların sayı cəmi 353-dür. Qeyd olunan 98 faizlik azalma Fond üçün əlavə maliyyə öhdəliklərini 63 milyon manatdan 3,7 milyon manatadək endirib. Ümumilikdə 2019-cu ildə xərclərin optimallaşdırılması və məcburi dövlət sosial sığorta daxilolmalarındakı artımlar hesabına 320 mln. manat vəsait büdcəyə qaytarılmış (transfert olaraq istifadə edilməmiş), əlavə olaraq 2020-ci büdcə ilinin əvvəlinə 197,18 mln. manat sərbəst vəsait olaraq ehtiyat yastığı formalaşdırılmışdır. Bu, Fondun fəaliyyəti hesabına ötən il dövlət büdcəsində təxminən yarım milyard vəsaitin qənaət edilərək daha uyğun istiqamətlərə yönəldilməsi deməkdir. Qeyd etdiyimiz kimi, büdcə dürüstləşməsi çərçivəsində xərclərimiz  41 milyon manat azaldılıb. Bunun 27 milyon manatı pensiya xərclərindən, 13 milyon manatı isə sosial sığorta hesabına müavinət xərcindən azaldılır. Burada heç bir halda hər hansı bir vətəndaşın əsaslı pensiyasının kəsilməsindən və sosial ödənişin dayandırılmasından söhbət getmir. Vətəndaşlara sosial ödənişlər əvvəl oluduğu kimi normal qaydasında davam etdiriləcək. Bu sadəcə proqnozlaşdırılan əlavə vəsaitin büdcəyə qaytarılmasıdır. Bir faktı da qeyd etmək lazımdır ki, Fondun cari il üçün xərclərində 40 milyon manatlıq azalmaya baxmayaraq, keçən ilin analoji dövrü ilə müqayisədə Fondun əhaliyə ödənişləri üzrə xərcləri 441 milyon manat artmışdır. Bununla yanaşı, fərdi uçotun mərkəzləşdirilməsi nəticəsində vaxtı ilə sığorta edənlər tərəfindən ödənilmiş, lakin şəxslərin fərdi hesablarında qeydə alınmamış təxminən 1,1 milyard manat məbləğində vəsaitin təxminən 800 milyona yaxın hissəsi Fond tərəfindən cari ilin birinci yarımilliydə görülmüş əmək tutumlu fəaliyyət nəticəsində fərdi hesablara bərkidilmişdir. Bu isə nəticədə şəxsin fərdi hesabında qeydə alınmış pensiya kapitalının artmasına, dolayısı ilə daha yüksək məbləğdə pensiya təyinatına imkan yaratmışdır. Müqayisə üçün qeyd edim ki, artıq ilkin təyinatlar zamanı biz yaşa görə pensiya təyinatının məbləğində 11 faiz, əlilliyə görə pensiya təyinatının məbləğində 28 faiz, ailə başçısını itirməyə görə pensiya təyinatının məbləğində isə 26 faiz artım müşahidə edirik.

- 2020-ci ildə Fondun əleyhinə məhkəmələr tərəfindən 353 qərar verilibsə, bu rəqəmin 2017-ci ildə 10 mindən çox olmasının səbəbi nə olub?

- Vaxtilə Fonda qarşı məhkəmədə qaldırılan iddialarla bağlı çəkişmələrdə peşəkar müdafiə potensialının həddən artıq aşağı olması Fond əleyhinə qərarların sayında özünü göstərirdi. Artıq Fondda peşəkar məhkəmə müdafiəsi sistemi qurulub. İlkin mərhələdə biz xüsusi şərtlərlə pensiya işləri üzrə peşəkar müdafiə mexanizminə nail olduq. Daha sonra Bakı şəhəri üzrə bütün məhkəmə çəkişmələrində təmsilçiliyi mərkəzləşdirmişik. İkinci məsələ isə əsassız iddiaların qarşısı alınıb, məhkəmələrlə əməkdaşlıq gücləndirilib. Əvvəllər məhkəmələrdən verilmiş sorğular Fond tərəfindən ya cavablandırılmırdı, ya da cavablar hüquqi qeyri-peşəkar yanaşmalar üzündən uyğun qərarlar qəbul etməyə imkan vermirdi. Artıq bu problemlər aradan qaldırılıb. Bundan başqa, əvvəllər məhkəmə proseslərində əksər hallarda Fondun nümayəndələri iştirak etmədiyi üçün sözsüz ki, belə proseslərdə iddia tərəfinin sübutlarına qarşı inzibati və ya maddi əks-sübutlar təqdim olunmurdu.  Məhz saydığım, inzibatçılığın təkmilləşdirilməsinə yönələn bu və ya digər bu kimi amillər bizə imkan verdi ki, uduzduğumuz məhkəmə işlərinin sayı qısa müddət ərzində 10 mindən 353-ə qədər düşsün.

- 2020-ci il üçün pensiyalarla bağlı hansı dəyişikliklər gözlənilir? 

- Ölkə başçısının verdiyi anonslardan da göründüyü kimi, həm minimum pensiya məbləğində, həm də bir sıra sosial müavinətlərin məbləğlərində növbəti dövrlərdə də artımların edilməsi gözlənilir. Bununla bağlı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tapşırıqlara uyğun olaraq təkliflər hazırlanır. Həmin təkliflər yaxın müddət ərzində hökumətə təqdim olunacaq. 

- Sizcə, Azərbaycanda pensiya və digər sosial müavinətlərin məbləği əhalinin yaşayışı üçün qənaətbəxşdirmi? 

- Biz keçən il ölkə başçısı tərəfindən iki böyük inqilabi sosial islahat paketinin reallaşdırılmasının şahidi olduq. Birinci islahat paketində minumum əmək haqqı, minumum pensiya məbləğləri artırıldı, müavinət və təqaüd məbləğləri orta hesabla 80-100 % həcmində qaldırıldı. Eyni zamanda, ikinci islahat paketində də minumum pensiya məbləği, minumum əməkhaqqı, müəyyən kateqoriya şəxslərin əməkhaqları qaldırıldı. Bu islahatlar dövlət tərəfindən davamlı olaraq aparılır. Pensiya ödənişi sosial sığorta ödənişidir. Yəni, siz hansı həcmdə sığorta ödənişi etmisinizsə, Dövlət Sosial Müdafiə Fondu buna uyğun formalaşdırılan vəsait hesabına ödəmiş olduğunuz vəsaiti sizə qaytarır.  Qeyd edim ki, hazırda minimum pensiya məbləğlərinin artırılması, əmək pensiyasının məbləğinin minimuma çatdırılması xərcləri, əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi xərcləri Fondun vəsaiti hesabına, həmçinin  pensiya əlavələri dövlət büdcəsinin vəsaitləri hesabına qarşılanır.  Əgər biz Fond tərəfindən icra olunan  pensiya mexanizminə baxsaq sığorta prinsipindən kənarlaşmalar olduğunu müşahidə etmiş olarıq. Buna baxmayaraq, dövlət maksimum şəkildə vətəndaşımıza humanist mövqedən yanaşır. Məsələn cari il üçün Fondun xərclərinin içərisində təxminən 48% xərc dövlət büdcəsinin öhdəliyi kimi müəyyən olunur və bu, vətəndaşların pensiyasının sığorta hissələrinə dövlət tərəfindən ödənilən əlavələrdir. Bu vəsaitin 2020-ci il üçün müəyyən edilmiş həcmi 2,1 milyard manat dəyərindədir. Minimum pensiya məbləği 2019-cu ilin əvvəllərində 119 manat idi. Hazırda bu məbləğ 200 manata çatdırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyəti pariteti göstəricisi (PPP) üzrə ölkəmiz MDB ölkələri arasında 1-ci yerdədir. Əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin 1 iyul tarixinə 297,45 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 327,29 manat təşkil edir ki, yanvar ayına münasibətdə 13 faizlik artım görürük. Bu artımın əsas səbəblərindən biri məhz ölkə başçısı tərəfindən verilmiş tapşırığa uyğun əmək pensiyalarının sığorta hissəsinin cari il üzrə 16.6 faiz artırılmasıdır. Təkcə cari ilin birinci yarımilliyində bu istiqamətdə xərclərin qarşılanmasına 257 milyon manat vəsait xərclənib. Yəni dövlət tərəfindən sosial cəhətdən həssas qrupdan olan şəxslərin maliyyə təminatına maksimum dəstək göstərilir. Burada bir məsələyə də diqqət yetirmək istərdim ki, vətəndaşlar əmək münasibətlərinin rəsmiləşdirilməsinə və öz fərdi hesablarına nəzarət etməlidirlər. Çünki, əgər rəsmi əmək münasibəti yoxdursa, vətəndaş əmək müqaviləsiz işləyirsə, onun xeyrinə hər hansı sosial sığorta ödəniş olmur,  nəticədə vətəndaş pensiya yaşına çatdıqda və pensiya hüququ verən digər hadisə baş verdikdə ya pensiya almaq hüququ yaranmır, yaxud da kifayət qədər az pensiya hüququ qazanır. 

- DSMF-nin publik hüquqi şəxsə çevrilməsi prosesi gedir. Bu proses yekunlaşdıqdan sonra fondun fəaliyyəti necə tənzimlənəcək və hansı dəyişikliklər olacaq?

- 2019-cu ilin dekabrında ölkə başçısı tərəfindən böyük etimad göstərilərək nazirliyin tabeliyində 4 publik hüquqi şəxs yaradıldı və onlardan biri də Dövlət Sosial Müdafiə Fondudur. Fondun publik hüquqi şəxs kimi nizamnaməsi ölkə başçısı tərəfindən təsdiq edildikdən sonra fəaliyyətimizi ilkin mərhələdə regional əsasda qurmağa başlamışıq. Yaxın gələcəkdə isə, əsas funksional əməliyyatlar bütün respublikanı əhatə etməklə Fondun mərkəzi filialları tərəfindən həyata keçiriləcək. Bu istiqamətdə artıq ötən ildən müəyyən mərkəzləşmə işlərinə başlanılmış, ilkin olaraq, xüsusi şərtlərlə pensiya təyinatları mərkəzləşdirilmişdi. Cari ilin birinci yarımilliyində ölkə üzrə fərdi uçot tam mərkəzləşdirilib, ilkin mərhələdə Bakı şəhəri üzrə bütün sosial ödənişlərin təyinatı, məhkəmə işlərində təmsilçilik və mühasibatlığın mərkəzləşdirilməsi işləri tamamlanıb. Publik hüquqi şəxs statusu yerli filiallarımız və xidmət nümayəndəliklərimiz vasitəsilə Fondla vətəndaş arasında daha operativ və yüksək xidmət standartlarına uyğun münasibətlərin qurulmasına imkan verir və biz fəaliyyətimizi bu istiqamətdə qururuq. 

- Regional idarəetməyə keçdikdən sonra rayonlardakı şöbələr qalacaq, yoxsa bəziləri ləğv oluna bilər?

- Regional əsasda fəaliyyətimiz təşkil olunduqda bir neçə rayonun idarəçiliyi bir rayon mərkəzindən həyata keçiriləcək. Həmin regional filial bütün aidiyyəti funksiyaları həyata keçirəcək və baş idarə rolunu oynayacaq. Digər rayonlarda olan xidmətlərimiz isə nümayəndəlik statusunda olacaq və regional filiala tabe olacaqlar. Yəni onlar vətəndaşlardan müraciətləri qəbul edilib baxılması və təyinatın aparılması üçün hələlik regional, gələcəkdə isə mərkəzi filiala göndərəcəklər. Hazırda 3 region üzrə mərkəzləşmə aparırıq. Məsələn, Quba rayonu üzrə yaratdığımız regional filialda Quba şəhəri regional filialın mərkəzi hesab olunur, Qusar və Xaçmaz isə onun xidmət nümayəndəliyidir. Yəni Qusar rayonunda vətəndaş Qusar rayon xidmət nümayəndəliyinə yaxınlaşacaq sənədlərini təqdim edəcək, həmin şəxsin təyinatı isə Quba rayonu mərkəzi filialı tərəfindən həyata keçiriləcək.  

- Regionallaşma zamanı ixtisarlara yol verilməsi gözlənilirmi?

- Bildiyiniz kimi ölkə başçısının publik hüquqi şəxsə keçidlə bağlı verdiyi müvafiq fərmanda ixtisarların edilməsi istisna edilib. Əməkdaşların hər biri müvafiq işlə təmin olunacaqlar.

- DSMF-nin bu qədər elektron xidmətləri varkən, niyə hələ də vətəndaşlar üçün pensiya, ünvanlı sosial yardım düzəldən “makler”lər var? Bu maklerlərin varlığı nazirliklə əhali arasındakı kommunikasiya problemindən yaranır? 

- Bildiyiniz kimi ötən il  Nazirlik tərəfindən 2 növ pensiya, 19 növ müavinət, 3 növ təqaüd, 30-a yaxın arayış növü elektronlaşdırılıb, bu il əlavə 4 müavinət növünün də elektronlaşdırılması nəzərdə tutulur. Qeyd etmək istərdim ki, cari ilin ilk 6 ayı ərzində 11 min nəfərə pensiya, 42584 nəfərə müavinət və təqaüd avtomatlaşdırılmış qaydada təyin edilmişdir. Ümumilikdə, elektronlaşdırılmağa başlanıldığı dövrdən etibarən vətəndaşların elektron sorğularına əsasən 324 min nəfərə elektron arayış verilib. “Maklerlik” məsələsinə gəldikdə isə, bunu qanuni vasitəçilikdən fərqləndirmək lazımdır. Bu sahədə maklerlik dedikdə qanunvericiliyə uyğun şəkildə hüquqi fəaliyyət göstərməyən, əsassız ödənişlərin təyin edilməsinə cəhd edən, belə imkan yarandıqda isə vətəndaşın sosial ödənişinin müəyyən hissəsini mənimsəyən şəxs başa düşülür. Bu fəaliyyət ən çox ünvanlı sosial yardımla bağlı müraciətlərdədir. Maklerin hələ də mövcud olmasına gəldikdə isə burada bir neçə səbəb var. Birinci səbəb vətəndaşın tənbəlliyidir. Yəni vətəndaş heç bir yerə getmədən və heç kimə müraciət etmədən evində oturaraq nazirliyin elektron portalından sosial yardımın verilməsi üçün müraciət edə bilər. Burada heç bir çətin bir məsələ yoxdur. Hətta nazirlik tərəfindən sistemin interfeysi də maksimum şəkildə sadələşdirilib. Lakin vətəndaş bunu etmək əvəzinə, bu işi kiməsə həvalə edir və bunun qarşılığında da alacağı sosial yardımın bəzən hətta əhəmiyyətli bir hissəsini həmin maklerə verir. Eyni zamanda, vətəndaş nəzərə almır ki, makler tərəfindən vətəndaş barəsində əsassız və saxta məlumat sistemə daxil edilərsə həmin şəxs ünvanlı yardım hüququnu  itirə  də bilər. Sadəcə müəyyən hallarda vətəndaşlar tənbəllik və laqeydlik edir. Digər bir səbəb isə maklerlərin bir çox hallarda məlumatları təhrif edilmiş şəkildə və ya ümumiyyətlə sistemə həqiqəti əks etdirməyən məlumatları daxil etməklə həmin şəxsə sosial yardım hüququnu qazandırmasıdır ki, bu hər bir halda həm makler, həm də sosial yardım alan ailə üçün cinayət məsuliyyəti yarada bilər. 

- Siz bildirdiniz ki, ötən illərdə təyin olunmuş 6300-ə yaxın saxta əlillik işi aşkar olunub və dayandırılıb. Amma bunu nazirliyin vəzifəli şəxsləri təyin edib. Bu şəxslərlə bağlı cinayət işi başlanılıbmı və nəticə nədir?

- İlk öncə onu qeyd edim ki, əlilliyin təyinatı elektron sistem üzərindən aparılır və əlillik təyinatı zamanı nazirliyin əməkdaşı əlillik təyin ediləcək şəxsi görmədən sadəcə səhiyyə müəssisəsinin göndərdiyi məlumatı görür və onun əsasında qərar qəbul edir. Bəzi hallarda isə bu məlumatlar həqiqəti əks etdirmədiyindən təyinatlar da reallığa uyğun olmur. Bizim bu gün apardığımız yoxlama elektron bazaların qarşılaşdırılması və kameral yoxlama tədbirləri və təhlillərdir. Bəzi hallarda müəyyən olunur ki, şəxs barəsində qərar qəbul olunub ki, məsələn o  serebral iflicdir, amma şəxs orta məktəbdə təhsil alır və göstəriciləri kifayət qədər yüksəkdir. Və yaxud da şəxs birinci qrup gözdən əlildir, amma beynəlxalq nəqliyyat daşımaçılığı ilə məşğuldur. Yəni təhlillər nəticəsində saxta əlillik işləri müəyyən olunur, onlar dayandırılır. Qeyd edim ki, şəxsin əlillik işinə görə ödənişinin dayandırılmasından əvvəl ona nazirliyin aidiyyəti qurumuna yaxınlaşmaq və qeyri müəyyənliyi aradan qaldırmaq barədə rəsmi məktub ünvanlanır, lakin vətəndaşlar əksər hallarda yaxınlaşmırlar. Onu da qeyd edim ki, Nazirliyin əməkdaşları tərəfindən hər hansı hüquqa zidd əməl müəyyən edildiyi təqdirdə, etdiyi hüquqa zidd əməlin xarakterindən aslı olaraq lazımi intizam və ya digər daha sərt tənbeh tədbirləri görülür. Görülən bu tədbirlər barədə ictimaiyyət məlumatlandırılır.

- Bir neçə ay əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin rayonlarda keçirdiyi əməliyyat zamanı məlum oldu ki, icra başçılarının və nümayəndələrinin otaqlarından vətəndaşlara məxsus sosial müavinət kartları çıxırdı. Nazirlik bu hallarla necə mübarizə aparır?

- İlk öncə müəyyən etmək lazımdır ki, onlar hansı kartlardır. Pensiya kartları, sosial müavinət, təqaüd kartları əsasən vətəndaşların özlərində olur. Yəni burada əsasən haqqı ödənilən ictimai işlərlə bağlı kartlar ola bilər. Biz bütün təyinatlarla bağlı məlumatları ictimailəşdirmişik. Vətəndaş nazirliyin saytına və ya e-sosial portalına  daxil olmaqla öz ad, soyadını yoxlaya bilər, əgər orada onun adı varsa və faktiki olaraq bu ödənişi almırsa, demək həmin şəxsin adına bu ödəniş saxtakarlıqla rəsmiləşdirilib. Belə olan halda, şəxs həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm də müvafiq orqanlara müraciət edə bilər.

- Rayonlarda DSFM-nin şöbə müdirləri ilə həmin rayonlardakı icra başçıları arasında münasibət necədir? Bəzən vətəndaşlar şikayət edir ki, icra başçısı proseslərə müdaxilə edir. Ümumiyyətlə belə bir problemlə rastlaşmısınızmı? 

- Ümumilikdə rayon icra hakimiyyəti rəhbərləri ilə DSFM-nin rayon şöbə müdirləri müəyyən tabeçilik münasibətlərindədir. Bu, qanunvericilikdən irəli gəlir. Yəni Fondun rayon şəhər şöbələrinin rəhbərləri həm nazirliyə, həm də rayon-şəhər icra hakimiyyəti başçılarına tabedir. Həmin rayonda icra hakimiyyəti funksiyasını yerinə yetirən şəxs, o rayonda fondun rayon-şəhər şöbəsinin rəhbərinə tapşırıq vermək hüququna malikdir, burada yalnız qanuni tapşırıqlardan söhbət gedir.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov