“İlham Əliyevlə görüşməkdən həmişə məmnunam” - Saakaşvili

<b>“İlham Əliyevlə görüşməkdən həmişə məmnunam” - <font color=red>Saakaşvili</b></font>
Oxunma sayı: 352

Martın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış ediblər. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan dövlətinin başçısı bildirib ki, Gürcüstan Prezidenti ilə apardığı danışıqlar ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir və bu səfər əlaqələrin daha da inkişafına təkan verəcək. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin zəngin tarixə malik olduğunu deyən Azərbaycan Prezidenti vurğulayıb ki, bu ənənə bu gün də davam edir. Azərbaycanın və Gürcüstanın müstəqil dövlətlər kimi bir-biri ilə uğurlu əməkdaşlıq etdiyini qeyd edən Prezident İlham Əliyev Gürcüstanda həyata keçirilən uğurlu islahatlardan danışıb, dost və qardaş ölkə kimi Azərbaycanın bu inkişafa sevindiyini deyib. “Tariximizdə oxşar məqamlar var, ölkələrimizin müstəqillik tarixi də eynidir. Bu illər ərzində ölkələrimiz böyük uğurlara nail olub”, - deyən dövlət başçısı birgə təşəbbüslərdən danışıb və Azərbaycan-Gürcüstan əməkdaşlığının başqa regionlara da müsbət təsir göstərdiyini bildirib.

Azərbaycanın və Gürcüstanın birgə səylərlə Avropanın enerji təhlükəsizliyi məsələsindəki mühüm rolunu qeyd edən Prezident İlham Əliyev deyib ki, ölkəmiz Gürcüstanın enerji təhlükəsizliyinə töhfəsini verir. Danışıqlarda nəqliyyat, tranzit, humanitar və digər məsələlərlə bağlı fikir mübadiləsinin aparıldığını bildirən dövlət başçısı vurğulayıb ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri reallıqdır.

“Gürcüstan və Azərbaycan uzun illər birlikdə olacaqlar”, - deyən Prezident İlham Əliyev Bakı ilə Tbilisinin beynəlxalq arenada da bir-birinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi, bunun səmimi və əhəmiyyətli olduğunu vurğulayıb.

Gürcüstan Prezidenti Mixeil Saakaşvili isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edir və bölgədə lider dövlətə çevrilib. Ölkəmizin beynəlxalq təşkilatlarda da uğurla təmsil olunduğunu deyən Saakaşvili vurğulayıb ki, İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan bir çox ölkələrə nümunədir.

Gürcüstan Prezidenti Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini mühüm hadisə adlandırdı. Bütün məsələlərdə Azərbaycanın Gürcüstana dəstəyini xüsusi qeyd edən Prezident Mixeil Saakaşvili ölkəsinin Azərbaycan ilə əlaqələrə çox böyük önəm verdiyini diqqətə çatdırıb. “Mən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən həmişə məmnunam”, - deyən Gürcüstan Prezidenti görüşdə bir çox məsələlər üzrə məsləhətləşmələrin aparıldığını vurğulayıb.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən və perspektivindən danışan Prezident Mixeil Saakaşvili ölkələrimizin enerji sahəsində uğurlu və çoxşaxəli əməkdaşlıq qurduğunu, Azərbaycanın Gürcüstana sərmayə yatırmasının rəsmi Tbilisi üçün çox əhəmiyyətli olduğunu bildirib.

Poti və Kulevi arasında yeni zavodun tikilməsi ilə bağlı razılığın əldə olunduğunu deyən Prezident Mixeil Saakaşvili Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstana sərmayə yatırmasından məmnunluğunu ifadə edib, gələcəkdə həyata keçiriləcək birgə nəqliyyat layihələrindən danışıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi