Bir ailənin 4 üzvü turşudan zəhərlənib? - Yenilənib

bir-ailenin-4-uzvu-tursudan-zeherlenib
Oxunma sayı: 2545

Bərdədə 4 nəfər qidadan zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı Elza Əliyeva, oğlu Şəmistan Əliyev və onun arvadı Təhminə Əliyeva yaşadıqları Xanərəb kəndidən xəstəxanaya çatdırılıblar.

Onlara zəhərlənmə diaqnozu qoyulub. Ailə üzvlərinin evdə qidadan (pomidor turşusu) zəhərləndiyi bildirilib.

Təhminə Əliyevanın vəziyyəti ağır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdə Rayon Mərkəzi Xəstəxanasından saytımıza verilən məlumata əsasən, dekabrın 7-si saat 06:30 radələrində xəstəxananın Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub: “Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) saytımıza bildirilib ki, Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb:

“Belə ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, həmin şəxslərə “Mədə-bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu” diaqnozu qoyulub. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar. 

Bir daha bildiririk ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər”.