Bu istiqamətdə yeni piyada keçidi inşa olunur

bu-istiqametde-yeni-piyada-kecidi-insa-olunur
Oxunma sayı: 863

Bakıda metro infrastrukturunun təkmilləşdirilməsi istiqamətində növbəti layihənin icrasına başlanılıb. Bakı Metropoliteni tərəfindən həyata keçirilən işlər AZCON Holding çərçivəsində və Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş 2025-2030-cu illər üçün dövlət proqramına uyğun aparılır.

“Qafqazinfo” xəbər verir ki, layihənin əsas məqsədi Yaşıl və Qırmızı xətlərin ayrılmasından sonra sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu çərçivədə “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni piyada keçidi inşa edilir. Keçid “Cəfər Cabbarlı” stansiyasının platformasına birbaşa və daha qısa marşrut yaradacaq.

Yeni infrastruktur sərnişin axınının daha səmərəli bölüşdürülməsinə imkan verəcək. Belə ki, “Dərnəgül” və “Xətai” istiqamətlərinə gedən sərnişinlərin hərəkəti ayrılacaq, nəticədə “28 May” stansiyasında sıxlığın azalması və təhlükəsizliyin artırılması təmin olunacaq.

Xəbəri rus dilində oxuyun: В метро станет свободнее: строится новый пешеходный переход 

Eyni zamanda, keçid “28 May” stansiyasına daxil olan sərnişinlər üçün də əlavə rahatlıq yaradacaq. Sərnişinlər “Cəfər Cabbarlı” stansiyası vasitəsilə platformaya daha sürətli daxil ola biləcəklər ki, bu da giriş hissəsində yaranan növbələrin qarşısını almağa kömək edəcək.

Artıq layihə üzrə əsas tikinti mərhələləri başa çatıb. Qazıntı işləri və metal konstruksiyalı tunelin quraşdırılması tamamlanıb. Hazırda “28 May” stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam edir. Paralel olaraq, pilləkənlərin metal karkası qurulur və betonlama işlərinə hazırlıq görülür.

Layihənin son mərhələsində üzləmə işləri aparılacaq. Yeni piyada keçidinin növbəti tədris ilinə qədər istifadəyə verilməsi planlaşdırılır.

Lamiyə Məmmədova