Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutan “Araz-Naxçıvan” – “Sabah” (2:4) qarşılaşması mübahisəli anlarla müşayiət olunub.
“Qafqazinfo” xəbər verir ki, oyunun 58-ci dəqiqəsində meydanda gərgin anlar yaşanıb.
Belə ki, “Sabah”ın legioneri Kahim Parris rəqibin cərimə meydançasında mübarizə zamanı yerdə qalıb. Qarşılaşmanın baş hakimi Fərid Hacıyev tərəddüd etmədən penalti nöqtəsini göstərib.
Topun başına keçən “Sabah”ın hücumçusu Coy-Lens Mikelsin ilk zərbəsini “Araz-Naxçıvan”ın qapıçısı Tərlan Əhmədli dəf etməyi bacarıb. Lakin sevinc uzun sürməyib. Baş hakim Fərid Hacıyev zərbə anında hər iki komandanın oyunçularının fitdən öncə cərimə meydançasına daxil olduğunu əsas gətirərək penaltinin yenidən yerinə yetirilməsini tələb edib. İkinci cəhddə isə Mikels yenidən topa yaxınlaşıb və bu dəfə dəqiq oynayaraq komandasını irəli çıxarıb.
Qeyd edək ki, hakimin sözügedən qərarı geniş müzakirələrə səbəb olub. Penaltinin ikinci dəfə təyin edilməsinə Naxçıvan təmsilçisinin məşqçilər heyəti də etirazını bildirib.
Son xəbərlər
Son Xəbərlər