“Bizim ölkədə ciddi şəkildə “İnsan problemi” mövcuddur” - Bəstəkar

bizim-olkede-ciddi-sekilde-insan-problemi-movcuddur-bestekar-
Oxunma sayı: 1032



Bəstəkar Firudin Allahverdinin “Qafqazinfo”ya müsahibəsi

Dosye: 1980-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Musiqi Məktəbiniin bakalavr (prof. Xəyyam Mirzəzadənin sinfi), 2007-ci ildə magistr (Nazim Mirişlinin sinfi) pillələrini bəstəkarlıq ixtisası üzrə bitirib. 2006-cı ildə Almaniyada Stockhausen kurslarında iştirak edib. 2008-ci ildə İsveçrədə keçirilən gənc bəstəkarlar üçün 4-cü "Pre-Art" müsabiqəsində 1-ci yerlə təltif olunub. Əsərləri Norveç, Almaniya, İsveçrə, İtaliya, Polşa, Türkiyə, Özbəkistan, Ukrayna və digər ölkələrdə ifa olunub

-Firudin Allahverdiyə gənc bəstəkar demək olarmı?
- Mən özümü gənc hesab edirəm. Hesab edirəm deyəndə ki, etsəm də, etməsəm də gəncəm. Baxmayaraq ki, bizim hökumət gəncliyin yaşın salıb 29-a. Yəqin ki, bu gənclərdən yaxa qurtarmağın bir yoludu. Axı insan ömrü get-gedə uzanır. Əvvəl 35 idi gəncliyin yaşı. Bunlar 29-a endiriblər. Mən istərdim ki, əksinə 39-a qaldırsınlar.

- Bəstəkarlar İttifaqının üzvüsüz, ciddi musiqi ilə məşğulsuz. Dinləyicilərinizin sayı sizi qane edirmi?
- Açığı bu barədə heç fikirləşmirəm. Düzün desəm, 20, 22, nə bilim 24 yaşımda narahatlıq keçirirdim. İstəyirdim ki, hamı musiqilərimə qulaq assın, dinləyicilərimin sayı çox olsun. İndi isə belə istəyim yoxdu. Çalışıram maksimum keyfiyyətli yazım. Kim qulaq asır, kim qulaq asmır, məni o qədər də maraqlandırmır.

- Son dövrlərdə küçə musiqilərinin sayı sürətlə çoxalır. Bir növ qulağımız bayağı musiqilərin aludəçisinə çevrilməkdədi. Bəstəkar olaraq, çıxış yolunu nədə görürsüz?
- Heç kimə demək olmaz ki, belə mahnı yazma. Kiminsə yaradıcılığına qarışmaq düzgün deyil. Meyxana da yaradıcılıqdı, küçə musiqiləri də yaradıcılıqdı. Bu həmişə olub. Bütün dünyada da var. Alıcısı varsa, bu adam malını satır. Niyə gedib onun bazarına mane olmaq lazımdı ki. İncəsənətdə senzura yaradan dövlətdə yaşadıq, axırını da gördük. Əgər problem varsa, onun səbəbi tapılmalıdı, nəinki problemi ört-basdır etmək. Əgər bizi insanların aşağı səviyyəli hesab etdiyimiz musiqiləri dinləməyi narahat edirsə, deməli təhsilin səviyyəsini qaldırmaq lazımdı ki, insanların dünyagörüşünü genişlənsin. Elə olsa, səviyyəli hesab etdiyimiz musiqilərin dinləyiciləri də çoxalar.

- Deməli problem o mahnıları yazanlarla deyil, onu dinləyənlərlə bağlıdır?
- Bəli. Məncə insan yetişdirməliyik. İnsan yetişdirməmiş tutaq ki, “Nəqliyyatın intellektual idarə etmə sistemi” gətirirlər, sonra da deyirlər ki, sürücülər və vətəndaşlar istifadə edə bilmir. Sən nə vaxt öyrətdin ki, indi də tələb edirsən? İncəsənətdə də estetik standartlar ola bilməz. “Musiqi belə olmalıdır”, “roman belə olmalıdır”. Mən ümumiyyətlə totalitar düşüncənin əleyhinəyəm. Bizdə adətən belə cümlələri sevirlər: “hər bir azərbaycanlı... filan-filan etməlidir” ya da məsələn “Azərbaycan qadını filan cür olmalıdır”. Bizim ölkədə ciddi şəkildə “İnsan problemi” mövcuddur. Tək ölkədə deyil, ümumiyyətlə bizim bölgədə bu problemin mövcudluğu regionun inkişafının qarşısını alır. Əgər bölgədə millətindən, dinindən, irqindən, cinsindən asılı olmayaraq insana hörmət edilsə bir çox problemlər, hətta dövlətlərarası münaqişələr də həllini tapar.

- Bəlkə Avropaya inteqrasiya etdikcə bu problem də həllini tapacaq?
- Əksi də ola bilər. Sovet dövründə çoxlu səhvlər buraxmışıq. O zamanlar bir azərbaycanlı obrazı vardı. O azərbaycanlı obrazını Kalininqraddan Vladivostoka qədər hamı tanıyırdı. Norka papaqlı, qızıldişli, əsas məşğuliyyəti pomidor, göy-göyərti satmaqdan ibarət olan, amma çox təəssüf ki, intellekt səviyyəsi, erudisiyası çox da inkişaf etməmiş zəhmətkeş. O obraz hələ də dağılmayıb. İndi isə biz Qərbə inteqrasiya yolu keçirik. Biz kimlərin yanında tanınmaq istəyirik? Təbii ki, özümüzdən daha proqressiv, adına Qızıl milyard deyilən cəmiyyətin yanında. Şimali Amerika, Qərbi Avropa, Yaponiya və Cənubi Koreya. Yəqin çoxlarına maraqlı olmaz Zimbabvedə azərbaycanlıları necə tanıyırlar. Yavaş-yavaş bizim haqqımızda təsəvvürlər, stereotiplər formalaşacaq. Əgər bu müsbət olsa, bizdən ora kim gedir-getsin, ilk görüşdəncə ona müsbət münasibət göstərəcəklər. Yox əgər mənfi təsəvvür yaratsaq, mənfi stereotip formalaşdırsaq onda uzun illər, on illər də bundan hamımız əziyyət çəkəcəyik. Artıq bu məsələdə start fiti çalınıb və yavaş-yavaş proqressiv ölkələrdə bizim haqqımızda təsəvvür yaranır..

- Tamaşalara, filmlərə musiqi yazırsız. Aldığınız qonorar sizi qane edirmi?
- Qəti qane eləmir. Qonorarın demək olar beşdə bir hissəsini vergiyə çıxırlar.Vergi çıxıla bilər, amma o zaman qonorar yüksək olmalıdı, verginin çıxılması bizə əziyyət olmamalıdı.Vergi şou-biznesdən tutulmalıdı. Çünki orda biznes var, biznes incəsənət deyil, o konkret pul haqq-hesablarıdı. Pul qoyub pul götürürsən. Sənətin ciddi sahələrindən vergi tutulmamalıdı. Bizim qanunverici orqanlarımız, qanunu yazanlar bu barədə fikirləşsələr yaxşı olar. Əvvəla ölkənin zəngin resursları var, nefti, qazı var. Bizim ölkədə çoxlu pul var. Bir neçə ay işləyirəm, tamaşa musiqisi yazıram, oradan aldığım qonorar 1000-1500-dürsə, ordan 300 manat vergi tutulur. Bilirəm ki, 300 manatla dövlətin yaraları sağalmır. Hətta bilsəm ki, vergi doğru xərclənir, buna üzülmərəm. Amma görürəm ki, eyni yolu hər ay qazırlar, sökürlər və dövlətin büdcəsindən pul yeyirlər.

- 2010-cu ildə Amsterdam konservatoriyasına qəbul olmusuz. Ama oxumadız. Niyə?
- Təhsilimi orda davam etdirmək istəyirdim. Çünki Azərbaycandakı musiqi təhsili təxminən 60-cı illərdə yazılan proqlamlar əsasındadı. Ən pisi odur ki, bizim konservatoriyada tələbələrə 19-cu əsrin musiqisini öyrədirlər. Təsəvvür edin ki, maşınqayırma fakultəsində oxuyursuz, sizə buxar maşınını öyrədirlər. Nə isə... Amsterdam konservatoriyasına qəbul oldum. Prezidentə, 1-ci xanıma müraciət etdim. Sonra təhsil və mədəniyyət nazirliyinə. Heç birindən kömək olmadı. Niyyətim o idi ki, orda təhsil alıb buralara qayıdım. Öyrəndiklərimi burda tətbiq edim, başqalarına öyrədim, beləliklə proqresin sərhədlərinin genişlənməsi prosesinə yardımım toxunsun.

- Amma dövlətin incəsənətə qayğısı barədə tez-tez eşidirik, oxuyuruq.
- Bizdə əsasən şou-biznesə yardım edirlər. Dövlətin şou-biznesdə kiməsə kömək etməsi məntiqsizdi, hətta gülməlidi. Çünki onların buna ehtiyacı yoxdu, xalq onları dolandırır. Dövlət incəsənətin ciddi qollarına kömək etməlidi. Təəssüf ki, bizdə ciddi incəsənətə ciddi qayğı yoxdu.

- Beləliklə xaricdə təhsil almaq planınız baş tutmadı...
- O zaman baş tutmadı. Amma istəyirəm gələn ildən ixtisasımı səs mühəndisliyi sahəsində genişləndirim. Çünki bizim ölkədə nə qədər təəccüblü olsa da Qərb standartları ilə təhsil almış səs mühəndisi yoxdur.

Namidə Bingöl