Kürdəmir ki Kürdəmir

kurdemir-ki-kurdemir
Oxunma sayı: 864

Çünki o qədər yaşamaq uğrunda mübarizə gedən, zənciləri zülm çəkən bir rejimdə yaşamaq üçün mütləq əzimkar olmalıydın (Cek Londonun “Həyat eşqi” və E.Hemenqueyin “Qoca və dəniz”indəki obrazları xatırlayın). Amerika insanında okean əxlaqı var: “Zəif olsan batacaqsan”. Ona görə Amerika dünyayla güclülük mübarizəsi aparır.

Başqa bir misal: Balıq satılan yerlərdən olan insanların davranışında tələskənlik var: “Balıq sabaha qalsa iylənəcək, tez sataq (balıqbazarı)”. Qaradənzililərin musiqisi və rəqslərinə fikir verin, onların musiqiləri və etdikləri rəqslər sürətli deyil, tələskəndir. Mahnı da, mahnıya oynayan da, sanki mahnının axrına çatmaq istəyir.

İndi məkan fəlsəfəsinin insana sirayətindən danışaq və xüsusən də, Kürdəmirdən. Kürdəmirdən yolu düşən hər adam, olsun ki, pis bilmir o yerlərin təbiətini. Amma ehtiyac var ki, mən də bir-iki kəlmə deyim. Qərəz... keçək beşliyimizə.

1. Kürdəmirin kəndlərinin çoxu “yol qırağı kəndlər” deyil. Ona görə də Kürdəmirdən keçəndə adama elə gəlir ki, bu yerlər ancaq bozluqlardan ibarətdir, əhalinin sayı azdır. Varlı-hallı kəndlər isə yol qırağında deyil. Ona görə də boz çöllərlə sanki rayon kasıblığını yol qırağında nümayiş etdirir, mal-mülkünü isə içərilərdə gizlədir. Bu hal Kürdəmirin təbiət əxlaqıdır: Olanı gizləyib, olmayanı göstərmək. Kürdəmir insanlarının bir çoxunda bu cür təbiətdən gəlmə xüsusiyyətlər var: İnsanlar olanları ilə öyünmürlər, olanları ilə gizlənirlər. Kürdəmirdə bəzi adamlar tanıyıram ki, xarici maşınını gözəl günlərə saxlayıb, sınıq-salxaq maşınını sürür. Olanını göstərmir, amma nəyi yoxdursa və ya azdırsa onu nəzərə çarpdırmaq istəyir.

2. Yol boyunca addım-başı restoranlardır. Sanki şəhər ancaq müştəri, qonaq gözləyir. Kürdəmirin (məkan kimi) mehmanxana prinsipi (“xasiyyəti”) yoxdur, restoran prinsipi var: yəni yedirdib yola salmaq var, yedirdib saxlamaq (mehmanxana düşüncəsi) yoxdur.

3. Burda təbiət gözəllikləri azdır, ona görə də insanların möcüzə şükranlığı zəifdir. Bulaq yoxdur ki, bulağa baxıb suyun necə qaynaya-qaynaya yerdən qalxdığına, dağ yoxdur ki, əzəmətinə şükür edəsən. Kürdəmirin təbiəti gizli-aşkar insani asi olmağa sövq edir. Bozluq adamı çağırmır, bozluq adamı itələyir. Ona görə də burda insanlar təbiətə sinə gərə-gərə yaşayırlar. Burda insanların təbiətlə mübarizəsi, sanki heçliklə mübarizədir, daşqın, zəlzələ yox ki...

4. Kürdəmirdə su daim problem olub, indi isə şükür ki, az-çox su var. Amma yenə yollar tozun içindədir. Su müqəddəsliyi şüarltı olaraq izn vermir ki, insanlar indiki halda bolluca suyla həyət qapısının ağzını doyunca sulasınlar, toz olmasın. Elə bil hamı suyun nə vaxtsa kəsiləcəyi qorxusuyla yaşayır.

5. Yuxarıda sadaladıqlarımın heç biri faciə deyil və onların heç birinə görə alışıb-yanmağa dəyməz, ən bəlalı cəhət odur ki, Kürdəmir bozluqlarında az da olsa səhra fəlsəfəsi yoxdur. Səhra fəlsəfəsi ümiddir, qarşına hardasa vahə çıxacağını İlahidən uma-uma gedirsən. İlahidən nəsə ummaq, onun tərəfindən mükafatlandırılmaq istəyidir. Amma Kürdəmir bozluqlarında insan umacağı yoxdur. Susuz qalan Allahdan kömək istəmir, ürəyində deyir: “Buralarda bir yaşayış yeri tapsaydım bircə qurtum su alıb içərdim”. İnsanın arzusu göydən yerə enir. Arzun özün səviyyəli adama düşür. Arzun özün səviyyəli mövcudata düşübsə, deməli, kimdənsə asılısan, kiməsə möhtacsan. İnsanın Allaha olan ehtiyacı onu göyə çəkir, insanın insana olan ehtiyacı isə yerə.

P.S. Fərid Hüseyn 1989-cu ildə Kürdəmir rayonunda dünyaya göz açıb.