“Nazim İbrahimov kimdir ki, mən onun qardaşı olum?”

<b>“Nazim İbrahimov kimdir ki, mən onun qardaşı olum?”</b>
Oxunma sayı: 3476

Məlumatda xüsusi olaraq vurğulanırdı ki, Hacı İbrahim əlində badə qonaqları salamlayıb, onlarla maraqlanıb və guya spiritli içki içib. Ümumiyyətlə, son vaxtlar Hacı İbrahimin adı mətbuatda vaxtaşırı hallanır. Elə qəzetimizin ötən saylarında Səngəçal qəsəbəsindən hazırladığımız reportajda qeyd etmişdik ki, Hacı İbrahim dəniz kənarı boyunca geniş bir massivdə tikinti işlərinə rəhbərlik edir. Sahil boyunca yeni villalar, binalar, otellər inşa etdirir.

Odur ki, dünən Hacı İbrahim İbrahimovla telefonla əlaqə saxlayıb barəsində yayılmış bir çox məsələlərə aydınlıq gətirmək istədik. Açıqlamaya keçməzdən öncə bir məqamı vurğulamağı lazım bilirik. Gözlədiyimizin əksinə olaraq, tanınmış iş adamı bizimlə olduqca mehriban və səmimi söhbət etdi. Hətta söhbət əsnasında bir neçə dəfə “Mətbuatla hörmətlə davranmaq, qəzetlərdə, saytlarda çıxan yazılara səbrlə yanaşmaq hər kəsin borcudur. Mən də barəmdə yazılanlara çox sakit yanaşıram, bu, belə də olmalıdır” fikrini işlətdi. Hesab edirik ki, bu, bəzi iş adamlarına, vəzifəli məmurlara və millət vəkillərinə nümunə ola biləcək mövqedir.

İ. İbrahimov açıqlamasına ilk olaraq toy məsələsindən başladı. Bildirdi ki, yazılanlar həqiqətə uyğun deyil. Həmin şadlıq evində onun oğlunun toyu olmayıb: “Düzdür, həmin gün ”Platin"də toyda iştirak etmişəm, ancaq oğlumun toyu olmayıb. Həmin gün qudamın qızının toyu idi (Biləsuvarın icra başçısı Mahir Quliyev Hacı İbrahimlə qudadır. İcra başçısının oğlu iş adamının qızı ilə evlidir-E.S.). Mən də yaxın bir qohum kimi toyda iştirak etmişəm. Xeyir-duamı vermişəm. Əlimdə viski və yaxud spirtli içki olması xəbəri də doğru deyil".

Hacı İbrahim mətbuata xırda bir gileyini də çatdırdı. Dedi ki, “Yeni Müsavat” da daxil olmaqla qəzetlər onu Nazim İbrahimovun qardaşı kimi təqdim edirlər: “Nazim kimdir ki, mən onun qardaşı olum?! Mən Hacı İbrahiməm və Nazim mənim qardaşımdır. Mətbuat da yazır ki, Nazimin qardaşı belə, elə. Nazim İbrahimov məndən 6 yaş kiçikdir və onun böyük qardaşıyam. Məni bütün ölkə özümə görə tanıyır, hamı bilir ki, mən kiməm. Uzun illərdir ki, bizneslə məşğulam, ölkə ilə bir adım-sanım var. Nazim də hər yerdə deyir ki, Hacı İbrahimin qardaşıyam”.

Hacı İbrahim onu da dedi ki, komitə sədri olan qardaşı ilə münasibətlərində heç bir soyuqluq və yaxud gərginlik yoxdur: “O, mənim kiçik qardaşımdır və aramızda heç bir problem yoxdur”.

Hacı İbrahim Səngəçal qəsəbəsində reallaşdırdığı tikinti layihələrindən də söz açdı və orada görülən işlərin dövlət layihəsi olmadığını dedi. Hacı bildirdi ki, dənizkənarı boyunca şəhər salınır: “Dərin Özüllər Zavodu tərəfdə şəhər tikirik. Bu layihəyə 30 milyard vəsait xərclənəcək. İş adamı olaraq dünyanın ən gözəl şəhərini Azərbaycanda tikirəm. Hazırda yeni binalar inşa olunur, onlardan artıq 4-ü hazırdır. 2013-cü ildə həmin şəhərdə 6 min insan yaşayacaq. İtalyanlar qəzetlərində yazıblar ki, dünyanın 8-ci möcüzəsi Azərbaycanda tikilir”.

Əldə etdiyimiz məlumata görə, Hacı İbrahim “Eurovision-2012" mahnı yarışmasının hazırlıqlarında da iştirak edir. Əslində onun inşasını apardığı ”möcüzəvi şəhər" layihəsi elə gələn ilin may ayında Bakıda keçiriləcək beynəlxalq musiqi yarışmasının bir hissəsidir.

“Yeni Müsavat”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi