“Böyük Əli Kərimlinin yanında kiçik İsa Qəmbər ömründə dayanmaz” - Müsahibə

boyuk-eli-kerimlinin-yaninda-kicik-isa-qember-omrunde-dayanmaz-musahibe-
Oxunma sayı: 1219

Ümid Partiyasının sədri İqbal Ağazadənin “Qafqazinfo”ya müsahibəsi

- İqbal bəy, sizinlə 3-4 ay bundan əvvəl müsahibə alırdım. O vaxt söhbətimizi yarımçıq saxladınız və dediniz ki, indi bu məsələlər barədə danışmaq hələ tezdir, müşahidə, gözləmə dövrüdür. Dediniz ki, işlər gedir. Bilmək istəyirəm ki, həmin dövr başa çatdımı?
- Əslində başa çatmaq üzrədir. Və proses indi fərqli müstəvidə gedir. İndi böyük güclərin region uğrunda mübarizəsi gedir. Siyasətdə müəyyən daxili müstəvilərin təyin olunması prosesi ciddi bir proses kimi davam edir. Sizi detallar maraqlandıracaqsa, detallara da böyük məmnuniyyətlə aydınlıq gətirə bilərəm.

- Mənim üçün maraqlıdır ki, bu proses tam olaraq 2013-cü il seçkiləri ərəfəsində güclənəcək, yoxsa?
- Hər şey 2013-cü ilə hesablanmayıb. Hər şey Azərbaycanın regionda demokratikləşməsinə və ya Qərbin yanında yer almasına hesablanıb. Azərbaycan Qərbin yanında yer almalı və region demokratikləşməlidir. Regionda tək Gürcüstan faktoru yox, Azərbaycan da Qərb üçün önəmli faktor olmalıdır. Ya da köhnə sistem davam etməlidir. Və 2013–cü il də bunun üçün çox ciddi bir ildir. Ona görə də 2013–cü ilə hesablanıb demək doğru deyil. Hər şey demokratikləşməyə və yaxud da Azərbaycanın yolunu müəyyən etməyə hesablanıb. 2013–cü il isə bu məsələlərdə əsas açar rolunu oynayan siyasi hadisələrindən biridir. Və bəlkə də, birincisidir.

- Sizcə, 2013–cü il seçkiləri ilə bağlı məsələ çox tez başlamayıb ki?
- Yox, əksinə bir az gec başlayıb. Əslində 2013-cü il seçkiləri ilə bağlı məsələ 2010–cu ildə başlamalı idi. Parlament seçkiləri bitən kimi parlament seçkilərindən narazı qalan Qərb və beynəlxalq strukturlar növbəti 2013–cü illə bağlı ciddi bir prosesə başlamalı idilər.

- Bəs ölkə daxilində?
- Ölkə daxilində bu gün siyasi institutların prosesə təsiretmə imkanları olduqca aşağıdır. Əslində bu gün proseslərə daha çox təsir edən ölkə daxilindəki güclər, siyasi təşkilatlar və ya ictimai xadimlər deyil, beynəlxalq təşkilatlar və iri dövlətlərdir. Onların maraqları və onların yanaşmaları çərçivəsində istər iqtidar, istər müxalifət kəsimi öz siyasətlərini və addımlarını müəyyənləşdirir.

- Belə çıxır ki, İsa Qəmbərin iki gün əvvəl qarşıdan gələn prezident seçkilərində namizəd olacağı ilə bağlı verdiyi açıqlama o qədər də əhəmiyyətli görünmür.
- 2013-cü ildə kimin namizəd olması, onun mətbuata bildirilib-bildirilməməsi proseslərdə heç bir əhəmiyyət kəsb etmir. Əhəmiyyət kəsb edən başqa şeylər var. Əhəmiyyət kəsb edən hakimiyyət daxilində və bayaq qeyd etdiyim ki, böyük güclərlə müəyyən olunan siyasətdir. Bu siyasətin mahiyyəti nədən ibarətdir? Rusiya və Azərbaycan hakimiyyətində o xətti müdafiə edənlərin böyük əksəriyyəti mövcud Azərbaycan iqtidarını Rusiyanın yanında saxlamaq və Rusiyanın dostu edərək hakimiyyəti 2013–cü ildə qorumaq istəyir. Müəyyən bir kəsim var ki, onlar da öz mövcud hakimiyyətini olduğu kimi qorumaq istəyirlər, amma Rusiyanın deyil, Qərbin yanında olmaq istəyirlər.

- Bəs siz dediniz ki, daha çox hakimiyyətdaxili ...
- Axı bu, hakimiyyətdaxili məsələ deyil. Bu, Rusiyanın istəyidir, Rusiyanın içəridəkilərə təsiridir. Və Qərbin istəyidir, qərbin içəridəkilərə təsiridir.

- Belə çıxır ki, bizim fikrimizi öyrənən yoxdur da...
- Bizim fikrimiz çox önəmlidir. Çünki proseslərin içərisində yer alan bizlərik. Biz bu baxımdan çox önəmliyik - istər müxalifət, istər ictimai təşkilatlar, istər vətəndaş cəmiyyəti, istərsə də sıravi seçicilər. Amma böyük regionda böyük qlobal hadisələr də gedir. Məsələn, bu qlobal hadisələrdə Qərb bir neçə dəfə uduzub. Məsələn, Ermənistan - Türkiyə sərhədinin açılması məsələsində Qərb ciddi şəkildə uduzdu. Mən bunu o zaman “Qafqazinfo” vasitəsilə də demişəm. Hər bir halda Türkiyə Ermənistanla sərhədlərin açmalı idi. Niyə? Çünki regiona ikinci böyük güc daxil olub və artıq Azərbaycan münaqişənin tərəfi olmayacaqdı. Artıq Türkiyə, Rusiya, Türkiyənin arxasında Avropa Birliyi və Amerika, digər tərəfdə isə təklənmiş Rusiya olacaqdı. O zaman Rusiya ideoloqları Azərbaycanda bu məsələni ortaya atdılar. Bizim milli hisslərimizi guya qabartdılar, hər kəs buna qarşı çıxdı. Mən hətta ifadələrimin birində gözəl bir söz demişdim ki, bizim İranla sərhədlərimiz açıqdı, amma o sərhəd kəndlərində yaşayanlar hər səhər durub Arazın qırağından çuvalla pul yığmırlar. Sərhəd açıqdı deyə Türkiyə Ermənistana pulmu tökəcək? Bu nə siyasətdir, bu nə yanaşmadır? Guya Ermənistan –Türkiyə sərhədləri açılsa, Türkiyə ilə münasibətlər qurulsa Ermənistan çiçəklənəcək? Bu, Rusiyanın oyunu idi. Məsələn, diqqət edin Hilal Məmmədovun həbsinə. Talış Muğan Respublikası məsələsinə. Əslində uzun illər idi ki, ictimai fikirdən silinmişdi, yumşalmalar da baş vermişdi. Hilal Məmmədov da gəlmişdi. Fəxrəddin Abbaszadə də faktiki olaraq təklənmişdi.Artıq əhalini bu prosesə qatmaq mümkün deyildi. Hətta o aşırı millətçi olan və yaxud da separatçı sözünü işlətmək istəmirəm, aşırı talış yançısı olanlar da prosesdən bir az kənarda idi. Rusiya bax, proseslərdə necə avtomatik işlədi. Qeyri-peşəkar yanaşmalardan tutmuş hər şeyə qədər. Nəticədə bu gün üç-beş nəfər və ya on nəfər vasitəsilə Rusiya göstərdi ki, bax, talış məsələsi də işləyə bilər. Mən təəssüflə qeyd edə bilərəm ki, ola bilsin ki, seçki dönəmində Rusiyanın bu planı gerçəkləşməsə, Azərbaycanın digər bölgələrində də etnik konfliktlərin işartılarını bizə nümayiş etdirə biləcək və bir Rusiya siyasəti dövriyyədə olacaq.

- Çox təhlükəli şeylər danışırsınız...
- Bəli, olduqca təhlükəli bir şeydir. Region uğrunda savaş çox ciddi bir mərhələyə daxil olub. Region ya demokratikləşərək Qərb institutlarının, Qərbin, bütövlükdə demokratik dünyanın yanında olmalıdır ya Rusiya regionu öz əlində saxlamalıdı. Bu savaşın içərisində ciddi proseslər baş verir.

- Bəs indi hazırkı situasiya, hazırlıq vəziyyəti nə yerdədir?
- Rusiyanın 2013-cü il seçkiləri ilə bağlı işlədiyi hazırlıq vəziyyəti budur. Ya 2008–ci ilə oxşar bir situasiya yaratsın, ya da müxalifətin yükünün bir kəsimin üzərinə yığsın. Bu, Rusiyanın A variantıdır. Müxalifətin yükünü bir kəsim üzərinə yığsın və o kəsim sonuncu mərhələdə - seçkilərdə iştirak etməsin. Seçki Qərbin dediyi standartlara uyğun həyata keçirilməsin və çox sakitcə Qərbin yanında yer almayan, Qərbin maraqlarına cavab verməyən Azərbaycan iqtidarı Rusiyaya sarınsın. Bu, baş verməyəcəyi təqdirdə, seçkini o müstəviyə daşıya bilməyəcək Rusiya tərəflər 2003-cü ilin hadisələrinə yaxın bir hadisə törətməklə yenə də Azərbaycan hakimiyyətini Qərbdə bütövlükdə yanına ala bilsin. Azərbaycan hakimiyyəti də bu tipli məsələlərdə qeyri-demokratik və qeyri-peşəkar yanaşmaynan Rusiyanın siyasətinin içərisində yer almış kimi daha çox görünür. Burda hakimiyyətin həm idarə olunması, həm fəlsəfəsi bütövlükdə rol oynayır. Bunlar dəyişməlidir. Bunlar dəyişməyəcəksə regionda ciddi proseslər olacaq. Daxildə baş verən proseslərin böyük əksəriyyəti buna istinadən cərəyan edir.

- Yəni mən belə başa düşdüm ki, sizin təsvir etdiyiniz situasiya mövcud olduğu şəraitdə İsa Qəmbərin və ya Əli Kərimlinin müxalifətin vahid namizədi olacağı ilə bağlı müzakirələr yersiz görünür.
- “Müxalifətin vahid namizədi” anlayışını bilmirəm niyə İsanın və Əlinin üzərində fokslaşdırmısınız. Nə İsa bəyin, nə Əli bəyin üzərində fokslaşdırmaq düz deyil. Bu, İctimai Palatanın vahid namizədi ola bilər.

- Hər halda ictimai rəy belədir ki, bu iki şəxsdən biri elektoratın, yəni demokratik düşərgənin daha çox güvəndiyi, etibar etdiyi insanlardır.
- Harda müəyyən olunub bu?

- Fikirlər belədir. Bunu müzakirə etməyək.
- Müzakirə etməyək deyəndə ki, müzakirə etməyəcəyimiz şeyi rəy kimi təqdim etməyə ehtiyac yoxdur. Mən belə bir rəy tanımıram. Bu, mövcud media vasitəsilə, daha çox kütləvi olan media vasitəsilə cəmiyyətə ötürülən informasiyadır.

- Ya Əli bəy olmalıdır, ya İsa bəy...
- Bəli. Və bu, bayaq saydığım planın içərisində ən yaxşı həyata keçirilə biləcək planlardan biridir.

- Yəni o da həmin planın tərkib hissəsidir. Maraqlıdır.
- Niyə maraqlıdır?

- Maraqlı yerə gəlib çıxdız.
- Amma o təqdimatın içərisində demokratik müstəvilik, Qərbin yanında yer almaq, Qərb institutları ilə münasibətlər sistemində o dediyiniz vahid namizədlərin özü bütövlükdə Qərbin düşündüyü fəlsəfəyə uyğundur.

- Bəs, bu nədir?
- Əstəğfurulllah, bu o anlama gəlməsin ki, kimsə kiməsə işləyir.

- Aydındır.
- Sadəcə olaraq saydıqlarımın içərisində yer almaq məsələsidir. Hər kəs bu proseslərdən öz xeyrinə nəsə götürmək istəyir. Biri piar üçün götürür, biri reytinqini yüksəltmək üçün.Ancaq hər şey sonunda Azərbaycanın ziyanına işləyir. Bu gün Azərbaycan müxalifətinin və yaxud da Azərbaycan siyasi kəsiminin böyük bir hissəsinin atdığı addımların böyük əksəriyyəti demokratikləşmənin ziyanına işləyir. Çünki bu planın mahiyyətini qəbul etmədən, anlamadan, ciddi təhlil etmədən o planın içərisində “mənmi böyüyəm, sənmi böyüksən, mənmi namizəd olmalıyam, sənmi namizəd olmalısan” fəlsəfəsi Rusiyanın regionda qarşıdurma yaratmaq üçün böyüdüb törədə biləcəyi ya hakimiyyət tərəfindən seçkiyə buraxmayacağı ya böyüdüb 2003–cü ilə bənzər situasiyanın yaradılması ilə bağlı bir problemin ortaya çıxmasına söykənir. Demokratikləşməyə toplum bütövlükdə xeyir verə bilər.

- Bizim gəldiyimiz qənaət belədir ki, bunlar ya bilərəkdən ya da bilməyərəkdən Rusiyanın oyununu oynayırlar.
- Adamları “Rusiyanın oyununu oynayırlar” şəklində ittiham etmək istəməzdim. Amma Rusiyanın planları məhz bu tipli addımların üzərində həyata keçirilir.

- Sizin bir müavininiz bu gün “Qafqazinfo”ya müsahibə verib.
- Bəli.

- Deyib ki, biz Firudin Cəlilovu dəstəkləyirik.
- Vahid namizəd anlayışı normal bir şeydir. Düşüncələrə görə insanları ittiham etmək olmaz ki. Deyir ki, əgər partiyalar vahid namizədlə getmirsə, siyasətdən kənar namizədlə gedirsə, bu namizədlərdən biri də Firudin Cəlilovdur. Bu, da bir düşüncədir. Yox, əgər partiyalarla gedirsə biz İqbal Ağazadəni dəstəkləyirik. Normal yanaşmadır, nə var ki burda? Müsavatın içərisindən Mehman Əliyevin namizəd olması azmı səsləndi? Rafiq Əliyevin namizəd olması azmı səsləndi?

- Bəs sizin 2013-cü illə bağlı hazırlığınız necədir?
- Biz Rusiyanın yanında olmamaq, qərblə müttəfiq olmaq üçün bütün proseslərin içində yer alacağıq.

- Bəs kimə söykənəcəksiniz?
- Biz, elektorata.

- İqbal bəy, elektorat burda çox passivdi, yox kimi bir şeydi.
- Azərbaycan müxalifətini çox şeydə qınayırlar ki, gözlənilən nəticəsizlik sindromu ilə insanları yorurlar. Amma biz post-sovet ölkələriyik əslində. Bəli, biz Gürcüstan kimi demokratik cəmiyyət yarada bilməmişik. Biz Pribaltikada deyilik. Razıyam bununla. Biz Orta Asiyada deyilik, Belarusiyada deyilik. Buna oxşar respublikalar deyilik. Azərbaycan müxalifəti mübarizəsi ilə bu gün diktaturanın qarşısına xeyli sədd çəkib. Az insanla mübariə aparıb az şeyə nasil olmuşuq. Tam qələbə üçün proses dayanmadan aparılmalıdı.

- Yaxşıdı. Bir söz deyim bu məqamda. 2003 –cü ildə siz çox emosional şəkildə meydanda idiniz və inanırdınız ki, hakimiyyəti dəyişəcəksiniz. İndi 2013-cü ildə, yəni on il sonra eyni emosiya, eyni inam və eyni birlik mümkündür?
- Eyni birlik arzuolunandır, amma çətin görünür. Amma emosiyalar təbii halla ortaya çıxır. Bir maşın sürərkən emosiyalı olursan, qəza keçirəndən 2 dəqiqə sonra başqa bir emosiyada olursan. Emosiyalar fərqli olur. İnsanlar emosiyalarını əvvəlcədən motivə edə bilmirlər. 2003 –cü ilin öz qüsurları, öz səhvləri var idi. Bu səhvlər bu gün də mətbuatda müzakirə edilir.

- Hamı İsa Qəmbərin üzərinə düşür ki, o 2003 –cü ildə meydana çıxmalı idi. O, həmin səhviylə 2013-cü il mübarizəsinin üstündən xətt çəkib. İsa bəy isə deyir ki, məndə məlumatlar var idi. O, düz olduğunu deyir. Amma o prosesin ortasında olan adamlardan biri sizsiniz. İsa Qəmbərmi haqlıdır yoxsa ittiham edənlər?
- İttihamı cavablandırmaq və ya prosesi dəyərləndirmək üçün çox böyük bir çapda izah vermək lazımdır. Qısaca “hə” və “yox”la özüm pis vəziyyətə düşə bilərəm. Mən situasiyanı izah edə bilərəm ki, yanlış duruma düşməyim. Burda “İsa Qəmbər haqlıdır ya başqaları haqlıdır” deyə bilmərəm. Mən ancaq situasiyanı təhlil edib sonda öz qənaətimi deyə bilərəm. Məsələn, 15-16 oktyabrla bağlı indi çox suallar var. Bizim Azərbaycan bloku olaraq 15 oktyabrda Müsavatla mitinq keçirmək planımız olmayıb. Bunu mən tam məsuliyyətlə deyirəm. Bizim Azadlıq Meydanına getmək, Xalçaçılıq muzeyinin qarşısında toplaşmaq kimi heç bir planımız olmayıb. Kim bunu iddia edirsə, istənilən polemikaya hazıram. 2003 –cü ilin 16 oktyabr hadisələri, insanların meydana çıxması, Azadlıq Meydanına getməsi və s. başqa bir mövzunun söhbətidir, amma biz plansız deyildik. Pənah Hüseyn, Arif Hacılı, Sərdar Cəlaloğlu, mən – biz plansız deyildik. Biz 2003 –cü il oktyabrın 10-da adıçəkilən şəxslərdən birinin evində 15 oktyabrla bağlı planlarımızı qurmuşduq. Planımız qısaca bu idi ki, İsa qəmbər 12 oktyabr mitinqindən sonra heç bir halda Müsavat qərargahında oturmasın. Səbəblər nə idi? Birincisi, Müsavat qərargahı elə bir strateji yerdə yerləşirdi ki, onu iki tərəfdən dərhal mühasirəyə alıb ətraf aləmdən təcrid etmək, hər tərəfi hökümət binaları olduğu üçün, istənilən müdaxiləni təşkil etmək, qarşı tərəfində Təhlükəsizlik idarəsinin binası, sərhəd qoşunlarının binası olduğu üçün orda müşahidələr və dinləmələr aparmaq və orada toplaşan insanların qarşısını kəsərək, aşırı güc tətbiq edərək bütün bunları televiziyada göstərmək və bununla da əhalini proseslərdən qorxudub çəkindirmək idi. Ona görə də birinci qərar bu idi. İsa Qəmbər və bütün Azərbaycan bloku Ümid partiyasının qərargahında oturmalı idi. İkinci planımız - 15 oktyabr gecəsi bizim heç bir yerdə toplaşıb mitinq keçirmək kimi bir planımızı yox idi. 300-ə qədər “OKA” markalı maşın iki-iki şəhərin bütün kvartallarına yayılaraq İsa Qəmbərin qalib gəldiyini elan edərək çıxıb gedir, toplantı filan da olmur.

- Hakimiyyəti “OKA” ilə elan edəcəkdiz...
- Fərq etməz. İstəyirsən helikopterlə elan et. Bu təbəqədən olan insanların proseslərdə iştirak etməsi insanlarda tamam başqa əhval-ruhiyyə yaradırdı deyə biz bütün psixoloji anları da nəzərə almışdıq. Bayraqlarla, maşınlardan çıxan meqafonlarla kvartallara elan etdik. 3 gün ərzində - oktyabrın 18-ə kimi Qələbə Kinoteatrının qabağında olan hakimiyyəti biz heç bir tədbir keçirtmədən gərginlikdə saxlaya bildik. Biz bilirdik ki, hökumət qüvvələri 3 gün bu gərginliyə tab gətirə bilməz. Oktyabrın 18-də isə biz Qələbə Kinoteatrının qarşısında böyük bir mitinq keçirtməli idik. İnsanları ora toplayaraq qalib gəldiyimizi elan etməliydik.

- Anladım. İsa Qəmbər planı pozub...
- Mən planın kim tərəfindən pozulduğunu deyə bilərəm.

- Niyə demirsiniz?
- Bu plan ayın 12-dən İsa Qəmbər tərəfindən qəbul olundu, onun mühafizəsinin rəhbəri bu çertyojlarla maraqlandı. Amma İsa Qəmbər Ümid Partiyasının qərargahına gəlmədi.Biz toplaşsaq da, o, sonrakı mərhələlərdə, yəni oktyabrın 16-dakı yığıncağa da gəlmədi. Bu cür xəbərləri eşidirəm ki, Qələbə Kinoteatrının qabağında mitinq olsaydı, Azpetrol partladılacaqdı, minlərlə insan öləcəkdi. Kim bunu ortalığa atırsa, çox ciddi bir iddiadır. Hakimiyyətin bunu edib minlərlə insanı qətlə yetirmək kimi bir planı özünün məhvi demək idi. Hakimiyyətə birinci dəfə gələn insanın bunu etməsi çox dəhşətli bir şey idi. İkincidə bunu edib o hakimiyyətdə oturmaq ağır bir şey idi. 22 yanvar hadisələri, sovet qoşunlarının tanklarnan güllə-baran elədiyi insanlar hansı izdihamla ortaya çıxdı? Bu əgər ortaya çıxdısa, qalmışdı ki, 2003-cü ildə baş verən hadisələr.

- Siz yenə diplomatik danışırsınız. Bir neçə sualıma konkret cavab vermirsiniz. Bu gün İsa bəyin ittiham olunduğu məsələlər nə qədər haqlıdır?
- Mənim baxışımı soruşursunuzsa, planı cızanlardan biri mən idimsə, mən bu planı görürdüm. Plan yerinə yetirilmədisə, mən soruşa bilərəm ki, niyə yerinə yetirilmədi. Bu sualın cavabını almamışam. Mən həbsxanadan çıxanda da bu sualı vermişəm, amma hələ də cavabsız qalıb. Bu planlar niyə pozuldu və kim pozdu?

- Bəs 2013-cü ildə hakimiyyəti seçki yolu ilə dəyişdirmək mümkündür?
- Mümkündür. Əgər bir şey ki, beynəlxalq maraqların diqqət mərkəzindədirsə, deməli, hər şey mümkündür. Kimsə deyirsə “bu, mümkün deyil” bu yanlış fikirdir. Amma biz diqqət etməliyik. Ən faciəvi şey hər şeyi qonşu Gürcüstanla müqayisə etməkdir. Gürcüstan bütün dəyişikliklər zamanı udub, biz dəyişikliklər zamanı nə qədər uduzmalıyıq? Biz bu təcrübəyə son qoymalıyıq. Təkcə dəyişmək naminə mübarizə aparmamalıyıq. Biz demokratikləşməni Azərbaycan dövlətinin dövlət kimi udma fəlsəfəsini ortaya qoyub daha yaxşı ola bilərik.

- Yaxşı bir şeydi. Biz həmişə hakimiyyəti dəyişəndə uduzuruq.
- Bu, bir dövlət üçün olduqca ağır məsələdir. Biz düşünməliyik ki, bu dəfə dəyişsək biz xalqa nə verə biləcəyik, üstün nəyimiz olacaq?

- Bəlkə, heç dəyişilməyək?
- Dəyişilməyək anlayışı yoxdur. Uduzmağımızı da əngəlləmək üçün bunun fəlsəfəsini ortaya qoymalıyıq və biz mütləq dəyişməliyik. Demokratiya bir prosesdir, hadisə deyil. Bu prosesi aparmalıyıq, dayanmamalıyıq. 2003-cü il seçki hadisələri demokratiya gətirə bilməz, 2003-cü il hadisələrinə qədər müxalifətin apardığı proses demokratiyanı gətirə bilər. Demokratiya bir yaşam tərzidir. Demokratiya məktəbində, düşüncəsində seçki bir prosedurdur. Prosedur demokratiya gətirə bilməz, hətta seçki demokratik keçirilə bilər və hakimiyyət dəyişə bilər. Amma proses olmadığına görə uduzmaq olar. Çünki fəlsəfədə, yaşam tərzində, düşüncədə bu demokratiklik yoxdur. Prosesi durmadan aparmaq lazımdır, dayanmadan, ardıcıl.

- 20 ildir bunu niyə aparmırsınız?
- Birinci, bu işin böyük məsuliyyəti son illərdə mənim üzərimə düşür. Azərbaycanda aparıcı partiyanın sədriyəm. Bundan əvvəlki dönəmlərdə siyasi müstəvidə ya arxa planda olmuşam, ya da müəyyən dövrdə olmamışam. İndi isə həmin mübarizəyə doğru gedirik.

- Nə qədər vaxt lazımdır?
- Demokratiya zamanla ölçülmür, təfəkkür və düşüncə məsələsidir.

- Bəs təfəkkürümüzü dəyişdirməyə nə qədər lazımdır?
- Bu təfəkkürü dəyişdirmək üçün telekanallarda maarifləndirmə olmalıdır. Məhdud çərçivə ilə kütləvi tədbirlər keçirməməklə, insanlarla təmas qurmamaqla etsək bu bir müddət gecikəcək. Televiziyada bu imkan olmadığı üçün onsuz da bu proses gecikir. Qəzet bazarı məhdud olduğuna görə, regionlarda elektron medianın imkanları zəif olduğuna görə bu müddət daha uzanır. Bu təkcə bizdən asılı olan məsələ deyil. Hətta burada “Qafqazinfo”nun üzərinə bir yük düşür. Burada hökumətin, “Yeni-Müsavat”ın üzərinə də yük düşür. Siz indi deyirsiniz ki, bütün bu yükdən hər kəsi azad edib bir müxalifət partiyasının üzərinə yıxasınız ki, bu nə vaxt olacaq? Mən də cavab verirəm: “Qafqazinfo”nu çevir Ümid Partiyasının ruporuna, İctimai Tv-ni çevir müxalifətin ruporuna”. Qanunları tətbiq edərək əhali ilə təmasda olmağıma icazə verin. Görün 6 aya bu fikir dəyişir, dəyişmir? Bütün bunlar yoxkən siz mənə məşhur misalda deyildiyi kimi “Özümü göndərib gedər-gəlməzə, adımı qoyursan yarıtmaz, bala”. Bütün bunların müqabilində çox az imkanlarla biz görəcəyik ki, Azərbaycan demokratikləşməyə doğru gedir. Biz hər halda ekvador xətti çəksək, görərik ki, müsbətə doğru gedirik, yolumuz demokratikləşməyə gedir. Biz artıq o xətti keçmişik. Yolumuz qısalır və daha yaxşı istiqamətdədir. Heç kim düşünməsin ki, bu təkcə partiyanın yüküdür. Cəmiyyət partiyalardan çox şey gözləyir, amma cəmiyyətin özünün siyasi partiyalara verdiyi qatqı nə qədərdir?

- Dünən ictimai televiziyanın yaranmanın 7 ili tamam oldu. Bu 7 ili necə qiymətləndirirsiniz?
- Azərbaycanda dövlət, müstəqil, ictimai televiziya kimi anlayış yoxdur. Azərbaycanda mövcud olan hər bir teelviziya hakimiyyətindir.

- 2013-cü il prezident seçkilərində daha çox namizəd var. Tutaq ki, 10 namizəd olsa...Bəlkə, birlik yaradasınız?
- Biz Ümid Partiyası olaraq bunu çox istəyirik. Biz demokratiyaya keçid fəlsəfəsini düzgün anlayırıq. Hətta ona da razıyıq ki, “Qarabağ” bloku kimi bütün iddialarımızdan geri duraq, amma vahid komanda, vahid proqram və vahid namizəd olsun. Təbii ki, bu təkcə bizim razılığımızla deyil.

- Belə görünür ki, hələ bu parçalanmalar, didişmələr davam edəcək...
- Bunun davam etməyinin konkret səbəbləri var. Siyasi partiya institutu olanda, onu idarə etmək çox çətindir. İnstitut artıq bəlli sxemlərlə seçki, demokratikləşmə içərisində yer alır. Siyasi partiya ki, institut halını itirib çox kiçik bir qruplara çevrilib. Bu kiçik qrupları məqsədli, məqsədsiz, hakimiyyətə, iri güclərə sərf eləyən tərəfə yönləndirmək çox asan olur. Bir ideya ortalığa atırlar. Elə sadə bir şey: Əbülfəz Elçibəyin zəhərlənməsi məsələsi. Hüquq mühafizə orqanlarından bunun araşdırılmasını tələb edirik. Başqa heç bir şey. Biri qalxır deyir ki, Elçibəyi zəhərləməyiblər, yalandan deyir. Digəri deyir, zəhərləyiblər. Biri and içir ki, mən Elçibəyə xəyanət etməmişəm.

- Ortalığa atılan bu məsələ, dediyiniz kimi özünü doğruldur.
- Bu və ya digər şəkildə ictimai rəydə yer alır. Bunun bircə obyektiv tərəfi var, cinayət işi qaldırılmayıb. Hələ ki, ibtidai istintaq həyata keçirilib. Dəlillər və faktlar ortada olandan sonra Respublika Prokurorluğu bununla bağlı cinayət işinin qaldırılmasına göstəriş verə bilər.

- Hələ cinayət işi açılmayıb?
- Cinayət işi ortada yoxdur. İddia ortada olduğuna görə, ibtidai araşdrıma aparılır. Əgər bu zaman oxşar fakt tapılsa prokurorluq cinayət işi qaldırar. Cinayət işinin olmadığı bir faktda bu atılır ortalığa, hər kəs bunun izinə düşüb. Sabah birini ortalığa qoyurlar ki, filankəs belədir və hər kəs də onun üzərinə düşür. Bunu hakimiyyət maraqları çərçivəsində atır. Hakimiyyət onların zəif yerini bilir. Bilir ki, hardan iynəni basıb o şarı boşaltmaq olar.

- Deməli, hakimiyyət işləyir.
- Hakimiyyət birmənalı olaraq işləyir. Əlində bu qədər resurs var, hakimiyyət var. Bu idarəetməni, mexanizmi özündə qorumaq üçün təbii ki, işləyir. Bizim imkanlarımızı da əlimizdən alıb özü işləyir, bizə də imkan yaratmır ki, işləyək. Özü işləyir. Hakimiyyət hər yerdə işləyir. Məktəbdə də, vəzifəyə götürəndə də, gömrükdən keçəndən tutmuş, bazarda satılana qədər. Öz hakimiyyətini qorumaq üçün sistemli şəkildə işləyir. Hakimiyyət bu şəkildə demokratiya və demokratikləşməyə xidmət etmiş olsaydı Azərbaycan bu gün cənnət olardı.

- Əli Kərimlinin Elçibəyi zəhərlənməsi ideyasına nə qədər inanırsınız?
- Cinayət olur ki, elə bir adam ittiham olunur ki, ömründə inamazsan və ya cinayəti elə bir adamın üstünə qoyurlar ki, bilirsən ki, bu etməyib. Azərbaycanda hüquqi dövlət olsaydı, hüquq mühafizə orqanlarına güvənərdim və deyərdim ki, gerçək rəy bildiriləcək. Azərbaycanda isə hüquq mühafizə orqanlarının işi göz qabağında olduğu üçün bu işin obyektiv aparıalcağına ümidim çox azdır. Siyasi qərar nə olacaqsa, onu edəcək. İnandığım odur ki, siyasi qərar Əli Kərimlinin ziyanına olmayacaq. Çünki bunda insanı ittiham etmək ağır və faktlar tələb edən bir şeydir. Ömrümdə inanmaram ki, Əli Kərimli Əbülfəz Elçibəyi zəhərləsin.

- Belə bir ideya var ki, bu Əli Kərimlini qalib etmək üçün ortalığa atılıb.
- Bayaq qeyd etdim ki, Rusiyanın planları var. Mən hələ 2009-cu ildə 2010-cu il seçkilərinə dair demişdim ki, AXCP və Müsavat seçkilərə bir yerdə gedəcək. 2013-cü il seçkilərinə dair isə siz jurnalistləri də inandırıblar ki, heç nə dəyişməyəcək. Bu ona görə olur ki, əvvəlcədən ictimai fikri yönləndirsinlər. Bunun üzərində isə hamını inandırırlar. İctimai Palata daxilində Əli Kərimlini böyüdürlər, İsa Qəmbəri kiçildirlər. Böyük Əli Kərimlinin yanında kiçik İsa Qəmbər ömründə dayanmaz. Böyük İsa Qəmbərin yanında isə kiçik Əli Kərimli dayana bilər. Burda prosesi aparırlar ki, onlar ortaq vahid namizədi müəyyənləşdirə bilməsinlər. Onlar da bunu müəyyənləşdirə bilmədikləri üçün düşüncəyə və ictimai rəyə ötürülür ki, seçki onsuzda mənasızdır. Bu adamlar da dərhal fikirləşirlər ki, seçki onsuzda mənasızdır, İctimai palatanı dağıdıb ikimiz də yalandan seçkiyə niyə qatılaq ki, elə oturmuşuq da burda. Gözləyək, nə olur? Bu planın birinci hissəsidir. Mən bəzən xarici nümayəndələrlə tək görüşürəm, məndən sonra ümumi görüş olur. Cəmiyyət həmin görüşdə fərqli adamların üzərinə düşür. Satmaq lazım idisə, mən tək görüşmüşdüm, mən niyə satmırdım? İctimai Palata seçkilərə qatılmır ki, özünü qorusun. Çünki ictimai rəydə fikir formalaşıb ki, gələn il heç nə dəyişilməyəcək. Onlar arasıdnakı rəqabət də elə həddədir ki, biri digərinə güzəştə getmir. Deyir vahid namizəd seçə bilmirik, bir-birimizlə düşmənik, 2013-də prosesdə olmayacaq, dəyişmək ehtimalı da sıfırdır. Nədən olanı dağıdaq, elə prosesə qatılmayaq da. Hamı da qalsın yerində.

- Situasiya mürəkkəbdir.
- Mənim sadəcə demokratik müxalifətə bir çağırışım var. Mən kiçiyəm, böyüyəm, mənim partiyamda bu qədər adam var kimi fikirləri kənara qoymaq lazımdır. Çünki bu gün İctimai Palatanın 10 minlik mitinqi ilə “Qarabağ” blokunun keçirmədiyi mitinq arasında heç bir fərq yoxdur, bunun ictimai proseslərə heç bir təsiri yoxdur. Biz nə etmək istəyirik bütün bunları müzakirə edib də A,B,C-ni hakimiyyət, Rusiya, qərb işlədiyi kimi, biz də işləməliyik ki, bu millətin gəlirinin çıxarını hesablaya bilək. Bu gün ölkədə 100 mininci olmayan adamlar, ölkənin ikincisi olmağa razı deyillər. Sıraya düzlənsək içi mən qarışıq müxalifət siyahıda 100 mininci yerə belə düşməyəcəyik. Hamı birinci olmaq istəyir. İndi nə olar biri birinci, digəri ikinci olar. Sən ikinci olmağa razı deyilsən, amma birinci olmaq istəyirsən? Səndən sonra dayanan niyə birinciliyinə razı olmalıdır. Bax bu fəlsəfə dəyişilməlidir. Dəyişməsə, çox çətindir. Təəssüf ki, Azərbaycan müxalifəti bunu edə bilmir. Ölkədə müxalifət düşərgəsi olaraq 5-6 namizəd var, artıq namizəd yoxdur. Elə bilməyin ki, namizəd tökülüb, namizədin özünün kriteriyaları var. 5-6 namizədi oturdun bir yerdə Vatikanın papasını seçən kimi, müxalifətin vahid namizədini seçək. Razılaşaq, 15-18 aylıq demokratiyaya keçid hakimiyyəti yaradaq. Ola bilər ki, biz 2013-cü ildə hakimiyyəti dəyişə bilmədik, amma biz növbəti seçkilərdə bu planla cəmiyyətə, demokratikləşməyə o qədər xeyir verə bilərik ki, Azərbaycanın siyasi kursunu o qədər fərqli şəkildə dəyişə bilərik ki, növbəti illər üçün demokratikləşmə ağrısız, acısız, dövlət itkisiz həyata keçirilsin. Bunun üçün insanlara bir şey lazımdır. 5-6 adam oturaq və deyək ki, biz püşk atmaqla bunu həyata keçiririk. Əgər sən bu millətin baş naziri yox, ancaq prezidenti olmaq istəyirsənsə, sən bu millətin qulu necə olarsan? Sən bunlara razı deyilsənsə, necə millətin əsgəri ola bilərsən? Sən millətin prezidentindən başqa heç nəyi olmağa razı deyilsən, ancaq istəyirsən ki, bu millətin başında durasan. Bu təfəkkürlə, düşüncə ilə millətə xeyir vermək olmaz.

- Sən deyərkən kim nəzərdə tutulur?
- İçi mən qarışıq həmin 5-6 namizəddən söhbət gedir.

Elbrus Ərud