Rövnəq Abdullayev yeni zavod tikməyə hazırlaşır

rovneq-abdullayev-yeni-zavod-tikmeye-hazirlasir
Oxunma sayı: 684

Sovet dövründə inşa edilmiş emal zavodlarımızda istismar olunan qurğuların böyük hissəsinin fiziki və mənəvi cəhətdən köhnəldiyi nəzərə alınaraq, şəhərdən kənarda, müasir tələblərə cavab verən yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksinin yaradılması Hökumət tərəfindən ARDNŞ-ə həvalə edilmişdir. Hazırda "Technip", "Foster Wheeler" və "UOP" kimi dünya şöhrətli şirkətlərlə birlikdə bu sahədə hazırlıq işləri aparılır”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri yap.org.az saytına ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib. R. Abdullayev bildirib ki, kompleks inşa olunduqdan sonra ölkəmizdə “Avro-5” standartına uyğun benzinlərin istehsalına başlanılacaq. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi həm də Bakının ekoloji durumunun yaxşılaşması, emal dərinliyinin və alınan məhsulların çeşidlərinin artırılması üçün real imkanlar yaradacaq.

ARDNŞ-in prezidenti qeyd edib ki, Qaradağ Qaz Emalı zavodunda təbii və səmt qazlarının təmizlənməsi və emalı prosesləri ilbəil təkmilləşdirilir. Cari ilin əvvəlindən zavodda 2623,4 milyon kubmetr qaz emal edilərək 2592,8 milyon kubmetr təmizlənmiş qaz, 40,4 min ton maye qaz və qaz benzini istehsal olunmuşdur. Zavodun modernləşdirilməsi, illik gücünün 8 milyard kubmetrə çatdırılması aktual məsələlərdəndir və bunun üçün texniki-iqtisadi əsaslandırma sənədi hazırlanır.

R. Abdullayevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2 aprel 2010-ci il tarixli “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında“ Sərəncamı əsasında “Azərikimya” Dövlət Şirkəti ARDNŞ-nin tabeliyinə verildikdən, “Azərikimya” İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərimizdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılmasıdır. Ötən müddətdə bu istiqamətlərdə ciddi irəliləyişə nail olmuşuq: son illərdə ilk dəfə etilen istehsalatının layihə gücü səviyyəsində işləməsi təmin edilmiş, məhsulların çıxım səviyyəsi yüksəldilmiş, xammala qənaət olunmuş, balans itkiləri minimuma endirilmiş, beləliklə məhsulun maya dəyəri aşağı salınaraq rentabellik artırılmışdır: “Ən əsası isə, Birliyin müəssisələrində texnoloji prosesin tamlığı təmin edilmişdir. Cari ilin ilk 6 ayında tələbatın yüksək olduğu etilen, polietilen, propilen və butilen-butadien fraksiyası istehsalı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 45-60 faiz artmışdır. Bu, son illərin ən yaxşı göstəricilərindəndir. Hazırda Birliyin istehsal etdiyi məhsulların böyük bir hissəsi xaricə – MDB və Baltikyanı ölkələrə, Türkiyəyə, Çinə, İtaliyaya, Rumıniyaya, Maltaya, ümumilikdə 20-yə yaxın ölkəyə ixrac edilir. Kimya məhsullarının ixrac coğrafiyasını daha da genişləndirməyi nəzərdə tuturuq.

Onu da qeyd edim ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına əsasən azot gübrəsi – karbomid istehsalı zavodunun tikintisi Dövlət Neft Şirkətinə həvalə olunmuşdur. Qısa müddətdə bununla əlaqədar böyük həcmdə iş görülmüş, beynəlxalq tender elan edilmişdir. Yaxın müddətdə zavodun inşasına başlanılacaq”.