“Taksi-6”

taksi-6
Oxunma sayı: 1121

Telefonun ekranında məktub gəldiyini göstərən işarə də vardı. Açıb oxudum. Hər ikisi bu gün mənimlə İstanbula gedəcək dostumdan gəlmişdi. Xəbərdarlıq edirdi ki, yatıb qalmayım, şəhərin harasında yaşadığımı nəzərə alım və ötən dəfəki kimi tıxacda qalıb, təyyarəyə gecikməyim. Dostumun SMS-ni oxuyub gülümsədim və onun dediyi kimi, gecikməmək üçün sıçrayıb ayağa qalxdım.

Yarım saat sonra mən artıq yaşadığım binanın həyətində, daha doğrusu, küçənin başındakı böyük alış-veriş mərkəzində idim. İstanbulda görüşəcəyimiz dostlara Azərbaycana aid bir-iki suvenir aldım. Aldığım şeylərin üstündə satıcı ilə əməlli-başlı mübahisə elədim. İngilis dilini öyrəndiyim üçün son vaxtlar bütün dialoqlarımı bu dildə qururdum. Ona görə də, satıcıdan qız qalasının kiçik maketi olan adi keramikadan düzəldilmiş suveniri neçəyə verdiyini soruşdum. O, mənim əcnəbi olduğumu zənn eləyib üstümə atıldı. Dəyəri vur-tut 5 manata olan maketləri mənə hərəsini 100 manata itələməyə cəhd elədi. Etirazımı bildirdim. Ondan aralananda arxamca ana-bacı söyüşü söydü. Qayıdıb sifətinə bir şillə, piştaxtasına da bir təpik vurdum. Bizi güclə ayırdılar. Evə qayıtdım. Bütün əsəblərim pozuldu. Hamama girib duş qəbul elədim. Belə mədəniyyətsiz satıcılar olan ölkədə yaşamağa dəyməz deyib, bütün paltarlarımı çemodanlara doldurdum. Guya mən hirslənib ölkəni tərk edirdim. Bu mənim tərəfimdən mənasız düşüncə idi. Çünki bu fikrə dəfələrlə düşmüşdüm. Hər dəfə xaricdə bir həftədən artıq qala bilməmiş və mələyə-mələyə Bakıya qayıtmışdım. Əlimdə çemodanlar həyətdə var-gəl eləyirdim ki, cib telefonuma zəng gəldi. Çemodanları yerə qoyub telefona baxdım. Axşam SMS yazan dostum idi. Sualını gözləmədən cavab verdim:

- Bir sata hava limanındayam, narahat olma.
- Sən əvvəl harada olduğunu söylə.
Harada olduğumu dəqiq bilsəm də ətrafa bir daha göz gəzdirib, yalandan Hava Limanına daha yaxın olan bir ərazinin adını dedim. Əslində isə mən hazırda Ayna Sultanovanın heykəlinin yaxınlığındakı evimizdə idim.

- Sən Gənclikdən bura bir saata çətin gələrsən, yollar həmişəki kimi tıxacdır. Üstəlik də iki saata hava limanının yolunu bağlayacaqlar, ölkəmizə nüfuzlu qonaq gəlir. Bir az tez tərpən. Mən artıq buradayam. Dostum məni yenə də təyyarəyə gecikə biləcəyim haqda təhlükədən xəbərdar edib telefonu qapatdı.

Evdən birbaşa yaxınlıqdakı taksi dayanacağına doğru gəldim. Taksi sürücüləri ağac altındakı stolun ətrafına toplaşıb domino oynayırdılar. Daha doğrusu, iki nəfər stolun arxasında əyləşmişdi, qalanları isə onların başının üstündə dayanıb siqaret çəkirdilər. Hava isti olsa da, onlar qış vaxtı ocaq başına yığışan çobanlara oxşayırdılar.

Yaxınlaşıb onların topasına bir sual verdim:
- Cəmi 45 dəqiqəyə hava limanında olmalıyam. Məni kim apara bilər?
Sürücülərdən biri hamısının yerinə cavab verdi:
- Siz heç bir saata da ora gedə bilməzsiniz. Yolların pis vaxtıdır. Mümkün deyil.
- Mən yaxşı pul verərəm.
Bir az fikirləşəndən sonra şirnikləndirici məbləğ açıqladım - 50 manat verirəm.
Bu dəfə başqa bir sürücü başını qaldırıb məni təəssüf dolu nəzərlə süzdü və şirin bakılı ləhcəsi ilə “bacioğlu, söhbət puldan getmir ee, xarabanın yolları xərəbdü, “probka”nın əlindən heç tərpənməy olmur”-dedi.

Vəziyyətin ciddiliyi indi mənə tam şəkildə aydın oldu. Həyəcanla o tərəf, bu tərəfə boylandım. Qınamayan olmasaydı, mən indi piyada hava limanına tərəf qaçacaqdım.

Havalı kimi geri qayıtdım. Küçəni keçəndə necə fikirli oldumsa, qarşıdan gələn maşının üstünə yeridiyimi unutdum. Sürücü əyləci bir saniyə gec bassaydı, yəqin ki, mən daha heç yerə tələsməyəcəkdim... Ancaq belə olmadı. Maşın məni vurub yerə sərsə də zərbə möhkəm deyildi. Sürücü maşından düşüb məni qaldıranda qarnıma da bir təpik ilişdirdi.
- İt oğlu, məni zibilə salacaqdın...
- Ona cavab qaytarmadan bir təhər qolundan tutub maşına əyləşdim. Əlimə fürsət düşmüşdü. Elə ona görə də üst-başımı təmizləyə-təmizləyə “hava limanına tələsirdim, taksi tapa bilmədim, tıxaca görə heç kim aparmaq istəmir” - dedim.

Sürücü bir az yumşalana oxşayırdı.
- Mənim beş-on dəqiqəlik işim var. Sonra sizi apara bilərəm.
- Rəhmətliyin nəvəsi, nə beş-on dəqiqə?.. Yarım saata orda olmasam, təyyarəyə gecikəcəm. Bayaqdan küçədə taksi axtarıram. Yollar tıxac olduğuna görə heç kim yerindən tərpənmək istəmir.
Sürücü təbəssümlə maşının güzgüsündən məni süzüb göz vurdu. Onun bu jesti o demək idi ki, yəni onlar qələt eləyir, apararam deyirməsə, apararam.
Arxa oturacaqdan yaxınlaşıb onun qulağına pıçıldamaq istəsəm də, əsəblərim dözmədi. Az qala bağıraraq:
- Ay dayı, ağzımda deyirəm gecikirəm. Mənim yarım saata hava limanına çatmağım qeyr-mümkündür.
- Sən onlara nə qədər verəcəkdin?
- 50 manata yaxın durmadılar.
- Bu məbləğin tən yarısını at oturacağın üstünə və gözlərini yum.
Cibimdən 50 manat çıxardıb qabaq oturacağın üstünə atdım. Və artıq pulu verdiyimə görə bir də bağırdım:
- Çatdıra bilməsən, səndən üç qat artığını alacam.
Bunu deyib gözlərimi yumdum. Bunu sırf tıxac dolu küçələri görməmək üçün elədim. Artıq mən növbəti xarici səfərimin baş tutmamsı ilə barışmışdım. İndi gözlərimi yumaraq beynimdə yazacağım üzrxahlıq məktubunun mətnini fikirləşirdim. Bir-birindən axmaq mətnləri quraşdıra-quraşdıra yuxuya getmişdim. Hətta imkan tapıb yuxuda öpüşmə səhnəsini də gördüm. İndiyə qədər yuxuda bu qızı ən azı əlli dəfə öpmüşdüm. Maraqlıdır ki, bu öpüşmə səhnələri hər dəfə yarımçıq kəsilmiş, belə demək mümkünsə qıza heç nə edə bilməmişdim. Bu dəfə də belə oldu. Qızı hər şeyə razı olacaq vəziyyətə gətirdim bir vaxtda əyləc möhkəm basıldı. Mən bu məqamda nəinki yuxudakı qızdan, hətta yuxuladığım arxa oturacaqdan ayrılıb, qabağa keçdim. Başım maşının qabaq şüşəsinə dəyəndə gözlərimi açdım. Qarşıdakı mənzərə mənə başımın ağrısını belə unutdurdu.
Sürücü təbəssümlə qapını işarə verib yerə düşməyimi istədi. Düz hava lımanına giri qapısında idim. Dostlar burada var gəl-eləyirdilər. Cəld yerə sıçradım. Çemodanlarımı götürəndən sonra təkrar başımı içəri salıb, heç olmasa, mənə bir cümləylə necə gəldiyimizi, hansı yoldan istifadə etdiyini soruşdum.
O, başını bulayaraq fəxrlə ucadan güldü və tək bir kəlmə işlətdi.
- Naviqator

Elbrus Ərud

Yazı “Caspian NavTel” şirkətinin media əhli üçün elan etdiyi “Mən yolumu tanıyıram” adlı yazı müsabiqəsinə təqdim olunur.